YAP-çılar doğrudan da Kremlin imperialist maraqlarına qarşıdırsa…

İnsan gülsünmü, ağlasınmı, bilmir. Illərdir boynu Rusiyanın qoltuğunda olan…
Ölkəni Kremlin direktivləri ilə yönəldən…
Moskvanın hər mürtəce, hər antidemokratik addımını çox keçmədən Azərbaycanda tətbiq edən bir rejim mənsubları indi qalxıb bizə Putin hakimiyyətinin imperialist maraqlarından moizə oxuyurlar, hətta kimlərisə ölkə içində həmin maraqlara xidmət etməkdə suçlayırlar.
Vay, vay, vay! Bunlar nə vaxt belə vətənpərvər oldular, bizim xəbərimiz olmadı? Nə vaxtdan bunlar bu ölkənin maraqlarını başqalarına satmağın…
Öz hakimiyyətini qorumaq, uzatmaq üçün qaranlıq güclərlə çirkli bazarlıqlarda olmağın nə qədər utancverici olduğunu anladılar, biz xəbər tutmadıq?
Ilham Əliyev bu torpaqlardan rus əsgərlərinin ayağını kəsən bir dövlət adamına həqarətlər yağdıranda…
“Mən bilirəm ki, bu mənim hakimiyyətimi itirmək bahasına başa gələcək. Amma bunu mən də etməsəm, kim edəcək?!” deyən Elçibəy illərcə mənəvi terror, linç ediləndə…
Cəbhə-Müsavat hakimiyyəti ən ağır hədyanlara, böhtanlara tuş gətiriləndə hardaydı bunların o vətən sevgisi, imperializm nifrəti?
Bunlar deyildimi hər seçkidə gətirib Ruşayloları Bakıda oturdan…
Milli iradəni Kremlin dəstəyi ilə şəxsi irdələrinə tabe etdirən?
Azərbaycanda hakimiyyətin atadan oğula ötürülməsi, monarxiyanın bərqərar olunması prosesində Bakıya rus diversantlarının yerləşdirilməsinə icazəni nənəmmi vermişdi?
Amma bu gün çıxıb bizə üzləri qızarmadan, vicdanları sızlamadan “Kremlin imperialist maraqları”ndan bəhs edirlər, hətta illərdir Azərbaycanın Rusiya forpostuna çevrilməsindən yana-yana, üsyan edərcəsinə danışanları Moskvanın kirli maraqları qarşısında səs çıxarmamaqda suçlaya bilirlər?
Özünüzə gəlin, cənablar!
Siz yalnız öz hakimiyyətinizə azacıq təhlükə hiss edəndə Iranla, Rusiya ilə tərs düşməyə başlayırsınız. O təhlükə yoxdursa, sizin üçün də problem yoxdur.
Illərdir Ermənistan üçün nəfəslik rolu oynayan Irana dinmədiniz, Iran televiziyaları bu ölkənin demokratiya tərəfdarlarını məsxərə obyektinə çevirəndə susdunuz, hakimiyyətinizə isti-soyuğu olmadığı üçün Tehran rejimini öpüb bağrınızı basdınız. Iranın bu ölkənin bütünlüyünü, maraqlarını təhdid etməsi nə vaxt yadınıza düşdü? Bir ayətullah çıxıb möhtərəm haqqında iki-üç kəlmə irəli-geri danışanda!
Hansısa xarici deputat Qarabağa gedəndə yeri-yerindən oynatdınız, vetolar, hədələr-filan… Amma illərcə Ermənistanı silahlandıran, Qarabağda işğalı başladan və davam etdirən Rusiya qarşısında nə etdiniz? Susdunuz, sinəyə çəkdiniz. Çünki Azərbaycanın yerdə qalan hissəsində sizin – bir tayfanın işğalını başladan və davam etdirən də o idi.
Nə vaxt danışmağa başladınız? Hakimiyyətinizə azacıq təhlükə görən, hiss edən kimi!
Hələ bir də çıxıb vətənpərvərlik dərsi keçə bilirsiniz. “Milli maraq” moizələri oxuya bilirsiniz.
Baxın, cənablar!
Siz istəyirsinizsə ki, bu ölkədə ağlı başında hər kəs indiyədək olan yanlışlarınızı anladığınıza…
Bu şivəninizin, qara-qışqırığınızın həqiqətən də Kremlin imperialist maraqlarına qarşı bir dirəniş olduğuna inansın…
O zaman bu ölkədə azadlıqların önünü açın. Hüququn, ədalətin önünü açın.
Qurtarın bu ailə hakimiyyəti komediyasını! Qurtarın bu tayfa zehniyyətindən! Bu şahlıq təfəkküründən qurtulun!
Korrupsiyanı silib-süpürün.
Çağdaşlığın, mədəni, modern idarəçiliyin qarşısında Çin səddinə çevrilməkdən vaz keçin.
Milli iradənin təntənəsinə imkan verin.
Fərqli danışan dilləri kəsməkdən, fərqli düşünən beyinləri qoparmaqdan vaz keçin.
Bu ölkəni üç-beş nəfərin əlində qapalı səhmdar cəmiyyətə, holdinq-moldinqə çevirməkdən əl çəkin.
Doğrudan da sizi qayğılandıran, narahat edən Kremldən tafya-irtica rejiminizə qarşı yaranan təhlükə yox, Moskvanın imperialist maraqlarıdırsa, unutmayın: bu maraqlara ən böyük zərbə yalnız çağdaş, modern, mədəni bir Azərbaycan qurmaq ola bilər.
Siz yalnız Kremlin gözünün düşməni olan azadlıqları bərqərar etməklə onun Azərbaycanla bağlı bütün imperialist planlarını alt-üst edə bilərsiniz.
Buna həvəsiniz yoxdursa, buna cəsarətiniz və qabiliyyətiniz çatmırsa, deməli, sizin Azərbaycanın maraqları kimi bir dərdiniz də yoxdur.
Deməli, yeganə dərdiniz elə biz düşündüyümüzdür: hakimiyyətinizə, irtica maraqlarınıza yaranan təhlükə!