Hər kəsin son saatı

“- Ilham Əliyevin qəbuluna düşə bilirsiniz”
– O, demək olar, əlçatmazdır”… – tanınmış kinodramaturq, Ziyalılar Forumunun təsisçilərindən biri, Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının üzvü Rüstəm Ibrahimbəyov “Turan” agentliyinin suallarına cavab verərkən deyib.
Düzü, müsahibədəki başqa dəyərli fikirlərlə yanaşı bu cavab məni ayrıca düşündürdü. Çünki Rüstəm bəy mübaliğə eləmir. Bu, bir gerçəkdi ki, o, əlçatmazdı. Zənnimcə, qətiyyən yanılmıram – hakimiyyətə gəldiyi sürədən bu yana yoldaş Əliyev bir Azərbaycan jurnalistinə müsahibə verməyib. Hələ mən onun sadə vətəndaşları haçansa öz sarayında qəbul etməyindən danışmıram. Bu, yalnız yuxuda baş verə bilər, o da ki, tam başqa ortamda. Məsələn, mənim yuxuma o bizə fiziki işgəncə verdiyi bir şəkildə girmişdi. Nə isə, Tanrı belə yuxunu heç kimə qismət eləməsin.
Rüstəm bəy suala cavabının davamında deyir: “Mən onunla beş il əvvəl görüşmüşdüm və o zaman görüşün baş tutması üçün 2 ay lazım oldu”.
Demək, dünya şöhrətli dramaturqumuz onunla iki aylıq çabalardan sonra görüşə bilirsə, sıravi Azərbaycan ziyalısı bu görüşün baş tutması üçün hardasa iyirmi min il dayanmadan yollar aramalı və səbrlə gözləməlidi.
O da sirr deyil ki, Əliyev xaricdən gələn şou-biznes ulduzlarını, jurnalistləri, hətta sehrbazları həvəslə qəbul edir. Ama söhbət bir azərbaycanlıdan gedirsə, həm də onun həvəslə görüşdüyü şoumenlərdən milyon dəfə sanballı bir şəxsdən, o zaman ən yaxşı halda 2 ay… Onun da üstündən 5 il ötüb və üfüqdə artıq belə bir görüşün baş tutacağının qığılcımları belə görünmür. Çünki körpüləri su aparıb. O, məsumcasına çox həssasdı və qəlbinə dəyənləri heç zaman bağışlamır.
Indi fikirləşməli olursan. Bir dövlətin başçısı hansı hallarda əlçatmaz ola bilər.
Özünü Allah zənn etməklə: Yəni bildiyimiz kimi, bunun üçün ən uyğun arxetip Allah və ya çeşidli allahlardı. Ama dini mənbələrdən də bilirk ki, hətta allahın qəbuluna düşmək olur. Bu fakt sonuncu peyğəmbərlə bağlı var. Hind krişnaizmində isə Krişnanın neçə min ildən birsə hətta yerə enib insanlarla çiyin-çiyinə yaşadığı, hətta naxırçılıq elədiyi və döyüşlərdə savaşması faktı var.
Hətta allahın yanına yetişməklə bağlı ölüm adlı bir yol da var. Deyirlər filankəs getdi allaha qovuşdu. Ancaq bizdə bu da mümkün deyil. Ölsən də xeyri yoxdu. Deməli, Allah deyil…
Ortaçağ padşah-despotu: Azərbaycan şifahi xalq ədəbiyyatından və bəzi yazılı mənbələrən məlumdu ki, şərq padşahları hətta bir çobanı da qəbul edər, dərdini dinlərlərmiş. Rəssamlar, şairlər, alimlər isə həmişə şah məclislərinin ən urvatlı yerində əyləşərmişlər (ata Əliyev bu tipə yaxın idi). Bundan başqa, təğyiri-libas olub xalqın arasına girmək, ölkədəki vəziyyəti öyrənərmişlər. Bizdə isə, təğyiri-libas yox, adam canlı-canlı ora-bura çıxır, ancaq adamların onunla görüşməsi mümkün olmur. Görüşmək istəyəni də aparıb atırlar qoduqluğa. Demək, bu da deyil.
…Bəlkə bu əlçatmazlıq bir fironluq kompleksidi? Yoxsa nədən Ibrahimbəyov kimi bir zat deyir ki, o, əlçatmazdı? Halbuki bilirik, fironlar kahinlərin ayağına belə gedərdilər. Onlar da öz çağının ziyalıları idi… Bu ehtimaldan da vaz keçsək… elə isə o kimdi?..
Onsuz da, əlçatmazlıq heç bir halda insanı tanrı kimi əbədi yapmayacaq. Hətta YAP-ın sədri olsan belə. Bir də tibb alimlərinin yenilikcə tapdığı genlər də hər kəsin bir son saatı olduğunu üzə çıxarıb. O saatdan sonra heç istəsən də kimsə səninlə görüşə can atmayacaq.
Fürsət varkən, qardaşım, fürsət varkən yararlan. Nə olur, nə olmaz…