Gülər Əhmədova “Yeni Müsavat”ı məhkəməylə hədələdi

Azər Ayxan: «Psixoloji sarsıntı keçirən, maddi və mənəvi planda xeyli itkilərə məruz qalan adamın belə sözlər deməsi təbiidir»

“Yeni Müsavat” qəzetinin dünənki sayında sabiq deputat Gülər Əhmədovan açıqlaması dərc olunub. G.Əhmədovaın qəzetə müsahibəsində “Yeni Müsavat”ı sifarişli yazmaqda ittiham edib, məhkəməyə verməklə hədələyib: “…Əsas cinayətkar Fransada oturub. Amma mən bilirəm siz niyə belə edirsiniz.
Xəbərim var, sizə kim sifariş verir. Sizə sifarişi verirlər, siz də həmin yazıları yazırsınız. Elə bilməyin ki, camaat çörəyi qulağına yeyir”.

Sabiq deputatın ittihamlarıyla bağlı “Yeni Müsavat”ın baş redaktorunun birinci müavini Azər Ayxanla söhbət etdik. Azər Ayxan “Azadlıq”a açıqlamasında Gülər Əhmədovanın vəziyyətinin pis olduğunu dedi: “Indi Gülər Əhmədovanın vəziyyəti elədir ki, o əsən küləkdən, yağan yağışdan belə şübhələnə bilər. Onun dediklərini ciddiyə alacaq qədər narahat olmuram. Adamın vəziyyəti ortadadır, siyasi karyerasını bitirdi, mandatını itirdi. Hardasa onu anlayıram. Psixoloji sarsıntı keçirən, maddi və mənəvi planda xeyli itkilərə məruz qalan bir adamın belə sözlər deməsi təbiidir. Onun bu vəziyyətə düşməsində səbəbkar ”Yeni Müsavat” qəzetinin baş redaktoru, redaktorları, əməkdaşları deyil. Ortada olan faktla bağlı yazmışıq, rəylər almışıq, köşə yazarları bu mövzu ətrafında öz mülahizələrini irəli sürüblər. Bu yazıları verməmək anormallıq olardı. Çox təəssüf ki, Gülər xanım adı ətrafında baş verən bu qalmqalı az qala bütün medianın yazmasına rəğmən artıq neçənci dəfədir ki, bizi suçlayır. Gülər xanım düşünürsə ki, biz bu məsələdə kimdənsə sifariş alırıq. Qoy elə düşünsün, bu onun haqqıdır, hüququdur. Bizim haqqımız, hüququmuzsa baş vermiş qalmaqallı hadisəylə bağlı xəbər vermək, ictimaiyyəti məlumatlandırmaqdır”.

Ramin DEKO