ilhamaliyev-alihasanov

Dünya Əliyevin üçüncü prezidentliyinə qarşıdır

ilhamaliyev-alihasanovArtıq rəsmilər də bunu etiraf etmək məcburiyyətindədir

Nurəddin Məmmədli: «Təzyiqlərinin əsas səbəbi İlham Əliyevin ömürlük hakimiyyətini yaratmaq istəyidir»

Beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinin ünvanına olan sərt təpkiləri və tənqidləri iqtidarı ciddi narahat etməkdədir. Əgər əvvəllər rəsmilər bu tip təpkilərin olduğunu inkar edirdisə, artıq onların qarşısında aciz qaldıqlarını gizlədə bilmirlər. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Mediaforum» müsahibəsində hakimiyyətə olan təzyiqləri qarşıdakı seçkilərlə bağlayıb. Onun sözlərinə görə, İlham Əliyevin çox yüksək reytinqi var və prezidentliyə namizədliyini irəli sürəcəksə, birmənalı şəkildə qalib gələcək. PA rəsmisi ölkə başçısının müstəqil siyasət yürüdüyünü və bunun da kimilərdəsə narahatçılıq doğurduğunu deyib.
Ə.Həsənov dolayısı ilə Avropa stukturlarının İlham Əliyevə, daha dəqiqi onun üçüncü namizədliyinə qarşı olduğunu etiraf edib, lakin bunu fərqli şəkildə təqdim etməyə çalışıb.

AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, hakimiyyət nümayəndələri artıq uzun müddətdir Qərb dünyasının Azərbaycana qısqanclıqla yanaşdığı haqda reallığa tamamilə zidd fikirlər səsləndirirlər. Əslində isə Azərbaycan Avropanın bir hissəsi kimi qəbul edilir və buna görə də ondan Avropa standartlarına uyğun yaşam tərzi, idarəçilik mexanizmləri, dövlətçilik ənənələrinin formalaşdırılması tələb olunur. “Avropada iki dəfədən artıq prezident olmaq ənənəsi ləğv edilib. Bu, İlham Əliyevə də aid olmalıdır”, – deyə o, bildirib.
N.Məmmədlinin sözlərinə görə, Avropanın təzyiqlərinin əsas səbəbi Azərbaycanda insan haqlarına və demokratiyaya hörmət qoyulmaması, eləcə də İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürmək, ölkədə bir sülalənin ömürlük hakimiyyətini yaratmaq istəyidir.
“Artıq Azərbaycan hakimiyyəti Avropa strukturları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməklə çox eybəcər, iyrənc situasiya yaradıb. Bu səbəbdən də hakimiyyətə təzyiqlər artıb”, – deyə AXCP yetkilisi bildirib.

Fizzə