Bağlanmış universitetin qaçaq rektoru Elşad Abdullayev noyabrın 16-da yeni videomaterial yaydı. Bu materialda DIN-Məhkəmə kriminal ilişki-görsənişlərilə tanış oluruq. MTN mayoru Mahir Abdullayevi “Bandotdelin” oğurlaması faktı ortaya çıxır. 3 il 8 aylıq bir dönəmdə oğurlanmış mayorun yaxınlarından milyonlarla pul çəkirlər. Bu epizodda araya daha bir araçı – Hacı hakim Ağababa Babayev çıxır. General Vilayət Eyvazovdan istədiyini ala bilməyən Hacı hakim generalın generalına – DIN başçısı Ramil Usubova üz tutmalı olur. Dediyinə görə, R.Usubov “ağsaqqalla” bir neçə gün sonra görüşməyə söz verir.
Özünün dediyinə görə, Hacı hakim 8 ildən bəri tapşırıqları “baş üstə” ilə yerinə yetirir, göstəriş verilən istənilən adama IŞ verir. Özü də onlardan (sifarişlə IŞ verdirənlərdən!) bir manat da almır. Inanmayanlar ola bilər, inanın. Burada inanılmayacaq nəsə yoxdur. Heydərizm rejimində məhkəmə-hüquq sistemi ilə bağlı başlanğıcdan qoyulan düzən belədir: bizim bütün siyasi konyunkturaya uyğun göstərişlərimizi necə gərəksə eləcə yerinə yetirəcəksən, başqa hardan, nə cür rüşvət alarsan, nə sayaq soyğunçuluq yaparsan, özün bilərsən. Hacı Ağababa da başqaları necə, elə – bir yandan siyasi sifarişə uyğun olaraq adamları damlayıb (deyilənə görə, daha çox 10-12 iki il arası), o biri yandan da başında durduğu məhkəməni özünün dədə-babadan qalma dükanı kimi işlədib. Beləcə, bu dünyada cənnət kefi çəkən hakim Ağababa o dünyadakı cənnətə də BRON əldə etmək üçün özü kimi bir çoxlarına qoşularaq gedib hacı olub; beləliklə, ölkədəki özü kimi çoxsaylı hacıların sıralarını daha da genişləndirib. Azərbaycan indi bu dünyada haram yollarla qazandığı cənnətdən o dünyada da qazanmaq istəyən hacılarla dolub daşmaqdadır.
Hacı hakim də Gülər, gülərçilər sayağı videomaterialı “yalan”, “böhtan”, “montaj” adlandırır. DIN sözçüsü Sadiq Gözəlov da. Sözçünün dediyinə görə, videomaterialda adı çəkilən hər iki general yalnız əliyevçi Azərbaycanın deyil, bütün dünyanın ən TƏMIZ adamlarıdır: “onları xalq tanıyır, prezident tanıyır”. Doğrudan da: onları xalq da tanıyır, prezident də. Hələ polis idarələrinə düşənlər də! Bunlar hamısı öz yerində. Qardaşlar, bizə deyin görək MTN mayoru Mahir Abdullayevi DIN-in ən ünlü strukturlarından biri olaraq tanınan “Bandotdelə” kimlər salıb? Kimlər onu orda 3 il, 8 ay gizli saxlayıblar? Saxlayıban da adam yiyələrindən milyonlarla pul çəkiblər!
Biz videomaterialdakı kriminal faktlarla bağlı prezidentdən açıqlama gözləyirkən o, YAP-ın yubileyində ölkəmizin düşmənlərinin adlarını çəkməklə üstüörtülü danışdı: erməni lobbisi, islamofobiya xəstələri, antiAzərbaycan mərkəzi, bir də Azərbaycanın “müstəqilliyini” gözü götürməyən Rusiya. Məncə, bunlardan ən inandırıcısı erməni lobbisi ilə Rusiyadır. Hər ikisinin əli çox uzun olduğundan MTN mayorunu yalnız onlar oğurlayıb “Bandotdeldə” gizlədə bilərdilər. Yadınızdadı, 2005-ci ildə iki əliyevçi naziri – Əli Insanovla Fərhad Əliyevi də Rusiyanın KQB-FSB generalları Lebedevlə Ruşaylo tutub dama soxmuşdu. Bəlli olduğu kimi, Azərbaycan özü “müstəqil” olsa da, türmələri… Rusiyanın kontrolundadır!
ATV kanalında Rüstəm Ibrahimbəyovla bağlı geniş süjet göstərildi. Bu süjetdən Azərbaycandakı bir çox gizlinlər bütünlüklə aydınlaşır. Sən demə, 75 milyon dollarlıq Dubay mülklərinin, offşor zonalarda ortaya çıxan 48 milyard dollarlıq oğurluğun, eləcə də Mayamidə çoxdan, Çexiyada yaxınlarda üstü açılan oğurluq mülklərin, Çovdar qızıl-gümüş yataqlarının gerçək yiyəsi Rüstəm Ibrahimbəyov imiş. Mahiri də o oğurladıbmış: E.Abdullayevdən çoxlu pul çəkib Bayılda (Şəhidlər Xiyabanının yanında!!!) əyləncə mərkəzi tikmək üçün. Özü də bu adam, kanalın dediyi kimi, gerçək yox, yalançı bakılı imiş, öz maraqlarını da milli maraqlardan üstün tuturmuş…

Mafiya rejimi: yeni videogörüntülər
•