Əliyev Moskvaya öz dilində cavab verə biləcəkmi?

Zəfər Quliyev: «Azərbaycanda səslənən bu tip fikirlər blef xarakteri daşıyır»

Vəfa Quluzadə: «Azərbaycan Rusiyadan gələ biləcək təhlükələri azaltmaq barədə düşünməlidir»

Azərbaycan hakimiyyəti Rusiya ilə aralarında olan gərginliyi gizlətməyə çalışsa da, görünür, son günlər rəsmi mətbuata bu istiqamətdə kampaniyaya başlamaq tapşırığı verilib. Buna səbəb isə Rusiyanın “bütün cəbhələrdə” Azərbaycana qarşı hücuma keçməsi ola bilər.
“Sadval” hərəkatının bərpası, Moskvada azərbaycanlıların çalışdığı bazarların bağlanması, sərhəddə avtomobillərin maneələrlə üzləşməsi, eyni zamanda “Milyarderlər ittifaqı”ın yaradılmasını rəsmi Bakı Rusiyanın ölkəmizə qarşı başladığı kampaniya kimi qəbul etdi. Bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri Doroxinin ölkənin şimal-qərb rayonlarına səfəri bu ehtimalları bir qədər də artırır. Rəsmi mətbuat sadalanan işlərin arxasında Rusiya xarici işlər nazirliyi, təhlükəsizlik qüvvələri, sərhəd xidmətini ittiham edir. YAP-ın 20 illiyinə həsr olunmuş ziyafətdə ölkə başçısı Ilham Əliyevin Rusiyaya ünvanladığı sərt ifadələr hakimiyyətin Kremllə açıq qarşıdurma yolunu tutduğunu göstərdi. Maraqlıdır ki, Rusiyanı separatçı qüvvələri hərəkətə gətirməkdə ittiham edən mətbuat Azərbaycanın şimal qonşusuna eyni cavabı verəcəyini dilə gətirir. Məsələn, iqtidaryönlü qəzetlərin birində deyilir ki, Azərbaycanda “Sadval” zehniyyətini gücləndirən Rusiya sabah Dağıstanın müstəqilliyi məsələsinin gündəmə gələ biləcəyini nəzərə almalıdır. Rusiyada muxtar qurumların əksəriyyəti müsəlman mənşəlidir. Sabah onların azadlıq hərəkatı bütün Islam dünyasından dəstək alacaq. Həmçinin qeyd olunur ki, Azərbaycanın sərhədlərini azacıq yumşaltması bura antiRusiya dairələrinin üz tutduğu ünvana çevrilməsi üçün yetər.
Bəs Azərbaycan Rusiyaya qarşı bu tip addımlar ata bilərmi?
Politoloq Zəfər Quliyev siyasi çəkisinə, dünyadakı təsir imkanlarına, rolu və gücünə görə Rusiya ilə Azərbaycanın müqayisəyə gəlmədiyini deyir. Azərbaycan bir çox məsələlərdə başqa dövlətlərdən asılı vəziyyətdədir. Bu baxımdan Rusiyanın Azərbaycana təhlükə yaratmaq, təsir etmək imkanları xeyli çoxdur. Azərbaycanda isə səslənən bu tip fikirlər blef xarakteri daşıyır və reallıqdan bir qədər uzaqdır.
Ekspert belə fikirlərin daxili auditoriyaya hesablandığını və Rusiya hakimiyyətinə mesaj olduğunu da qeyd etdi. Yəni Azərbaycan ona qarşı atılan addımları cavabsız qoymayacaq. Bununla belə hər iki tərəf bilir ki, ölkələr arasında soyuq və gərgin münasibətlər yaransa, Azərbaycan daha çox itirən tərəf olacaq.
Ekspertin fikrincə, Rusiya Azərbaycanla münasibətləri korlamaqda maraqlı deyil. Çünki ölkəmizin Xəzər regionunda tutduğu geosiyasi mövqe çox önəmlidir. Rusiyanın regionda və Azərbaycanda ciddi siyasi və iqtisadi maraqları var. Ona görə Azərbaycan tərəfdən səslənən bu ifadələrə ciddi reaksiya verməz.
Ekspertin sözlərinə görə, rəsmi Bakının Rusiyaya qarşı tutduğu bu mövqe “Milyarderlər ittifaqı” ilə bağlıdır. Çünki rəsmi Bakı təşkilatın arxasında Kremlin planlarının olduğunu düşünür. Hər bir halda münasibətlərin korlanması Azərbaycan üçün daha risklidir.

Politoloq Vəfa Quluzadənin fikrincə isə, Rusiyanın əsas niyyətinin nə olduğu hələ bilinmir. Çünki şimal sərhəddən ölkəmizə hələlik təhlükə olmasa da, münasibətlər gərgindir. Rusiya indiki vəziyyətində Azərbaycanı qəbul etmir. Bundan sonra hansı addımlar atacığını isə demək çətindir.
Ekspert şimal qonşumuzdan istənilən addımın gözlənildiyini də qeyd etdi: “Azərbaycanlıları bazarlardan çıxarılmasının əsl məqsədi bilinmir. Bəlkə onların bir hissəsini narazılar adı ilə Bakıya göndərərlər. Əslində isə bu adamlar xüsusi xidmət orqanlarının tapşırığı ilə gələr. Rusiya Azərbaycanda böyük siyasət yürütmək istəyir. Ordakı diaspor da nəzarət altındadır. Bu diaspor Azərbaycan üçün bir qəpiklik iş görməyib. Amma Rusiyaya lazım olsa, onları əleyhimizə çevirə bilər. Çünki orda təmsil olunanlar Rusiyadan asılıdır, pullarını orda qazanırlar. Moskva bütün bu faktorlardan istifadə edəcək”.
Ekspertin sözlərinə görə, Azərbaycan Rusiyadan gələ biləcək təhlükələri azaltmaq üçün düşünməlidir. Çünki yalvarmaqla, xahişlə nəyəsə nail olmaq mümkün olmayacaq.
Azərbaycanın Rusiyada separatçı qüvvələrə dəstək verəcəyinə gəldikdə, ekspert bunu real saymır. Azərbaycan nə Çesenistanda, nə Dağıstanda separatçılara kömək edə bilər. Əksinə, bu vaxta qədər burada sığınacaq tapan çeçenlər, dağıstanlılar Rusiya kəşfiyyatına təhvil verilib. Azərbaycan bunu Rusiyanın qorxusundan edib.

Fizzə