Əliyev hansı ölkə haqda danışıb?

Ilham Əliyev YAP-ın 20 illiyinə həsr olunmuş mərasimdə şok effekti doğuran çıxış edib: “Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. (…) üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır”. 
O, çıxışının başqa bir yerində isə bunları deyib:
“Azərbaycanda gedən inkişafı gizlətmək və görməmək olmaz. Biz açıq cəmiyyət yaratmışıq. Bizdə bütün azadlıqlar var”.
Güman eləyirəm ki, Azərbaycanla az-çox, yaxından-uzaqdan tanış olan hər kəs bu çıxışdan sonra heyrətə gəlib. Bu, lap bir lətifəni xatırladır. Yanılmıramsa, lətifə belədi (belə deyilsə də, fərq eləməz). Hə, deyir evdə AzTV-yə baxırlar. Azərbaycandakı analoqsuz inkişafdan, vətəndaşların gözəl gün-güzəranından, demokratiyadan, azadlıqdan, vətəndaş hüquqlarından və s. və i.a. gözəlliklərdən söhbət gedir. Bu vaxt verilişi izləyən uşaqlardan biri zır-zır ağlamağa başlayır. Atası soruşur ki, noldu, ay bala? Uşaq da acı-acı ağlamağına ara vermədən cavab verir: “Ata, mən də Azərbaycanda yaşamaq istəyirəm”.
Indi, gerçəkdən bu çıxışı oxuyandan sonra adamı ağlamaq tutur. Və həmin o uşaq kimi Azərbaycanda yaşamaq eşqinə düşür.
Hər halda, ya biz Azərbaycanda yaşamırıq, ya o, başqa bir ölkədən danışır. Ancaq Azərbaycanın dövlət başçısı olduğuna görə, qəbul eləməliyik ki, yox, onun dediyi ölkədə yaşamayan bizik. Ancaq bizim ölkənin adı nədi? Bax, bunu bilmirəm.
Yox, biz də, o da eyni ölkədə yaşayırıqsa, onda məsələdə nəsə bir dolaşıqlıq var. Görünür, prezidenti gecə-gündüz aldadırlar. Eynən onun rayonlardan birinə baş tutmuş rəsmi səfərində olduğu kimi: onun maşın kortejinin ardıyca gedən jurnalist qəfildən bir binanın bayraq kimi əsdiyini görür. Sonra dayanıb diqqətlə fikir verəndə başa düşür ki, dövlət başçısının keçdiyi yolun üstündəki beşmərtəbəli binalardan birinin üzünü ağartmaq mümkün olmayıb (bəlkə də sənəddə o bina üçün para da silinib), ona görə də binaya fasad şəkli çəkilmiş nəhəng parça üzlük çəkiblər. Rüzgardan yellənən də o imiş, deməyəsən.
Yəni belə aldadırlar. Indi sanki bütün Azərbaycanın da üzünə belə bir örtük çəkilib və dövlət başçısına da onu göstərirlər. Gerçəkdən belədisə, yəni onu aldadırlarsa, ilk baxışda bağışlamaq olar. Neynəsin, xəbəri yoxdu da. Ancaq adama deyərlər ki, yaxşı, deyək, onu aldadırlar. Məmurlar aldadır, TV-lər aldadır. Bəs qəzetlər? Yəni iki-üç qəzet. Onları oxumurmu? (Dövlət başçısı necə qəzet oxumaz? Müsahibə vermir, vermir, oxumaq ki olar.) Ölkənin əslində nə şəkildə olduğunu bilmirmi? Bilmirmi ki, onun nazirləri korrupsiya ilə seks kimi məşğul olurlar, məmurları Allahdan belə rüşvət almadan verdiyi nəfəsi ciyərlərinə çəkmirlər? Yaxşı, lap ehtimal eləyək ki, ona başıbəlalı “Azadlıq” qəzeti yerinə tamam başqa məzmunda, yəni dövlət başçısının mədhi ilə, ölkənin üçüncü kosmik sürətli inkişafı ilə, azadlığın, demokratiyanın, insan hüquqlarının ideal səviyyədə olması ilə bağlı materiallar, köşə yazıları ilə aşıb daşan yalançı “Azadlıq” qəzeti verirlər və o da bunu oxuyur. Lap belədisə, nolar ki, bir dəfə ruh yüksəkliyi ilə işə gedəndə və ya gərgin iş günündən sonra evinə dönəndə maşını saxlatdırsın yolda, bir köşkdən qəzet alsın və görsün ki, ay dadi-bidad, vəziyyət xarabdı…
Və xəbər tutsun ki, yox, yanılıb. Arxayın olduğu həmin o Azərbaycan xalqından isə ona dayaq olmayacaq bədəbəddə və anlasın ki, başqa bir ölkə haqqında danışırmış. Ki, bir də çıxış eləyəsi olsa, uşaqlar ağlayıb Azərbaycanda yaşamaq istəməsin…