“Uzun illərdən bəri Fələstinlə İsrail arasında gedən və fasilələrlə davam edən müharibə bitmək bilmir və bunun da sonunda bu və ya buna bənzər lokal müharibələrin getməsini istisna etmirəm”. Bu sözləri “BBC Azərbaycanca”ya müsahibəsində bu sözləri hökümətyönümlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
“Əlbəttə, günahkar tərəf Fələstindir. Fələstin İsrail ərazisini raketlərə tutub və orda da ölüm və dağıntılar olub. İsrail dövləti də öz dövlət maraqlarını və dövlət imicini vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün daha böyük hərbi arsenalla Fələstinə qarşı cavab atəşləri açır”, – deyə o bildirib.
Millət vəkili Qəzza bölgəsinin bombalanması nəticəsində günahsız insanların, uşaqların qətlə yetirilməsinə görə təəssüfləndiyini deyir. “Amma İsrail də dövlət olaraq öz varlığını qoruyub saxlamalıdır və Fələstinin tərəfindən atılan atəşlərə cavab verməlidir. Məncə burada Suriyada və İranda gedən proseslər, Suriyanın vətəndaş müharibəsi durumunda olması, orda vəziyyətin çox kritik səviyyəyə gəlib çatması, bunun ardınca İranın özündə daxili böhranın dərinləşməsi blokada və sanksiyalar nəticəsində İranda iqtisadi sosial durumun son dərəcə ağır vəziyyətə düşməsi də təsir edib”, – Fəzail Ağamalı belə hesab edir.
“Heç kim üçün sirr deyil ki, Fələstindəki radikal qruplaşmalar İranın təsiri altında olan qüvvələrdir və onlar İsraili düşünülmüş şəkildə müharibəyə cəlb etmək istəyirlər”, – deyə o əlavə edib.
Cənab Ağamalının fikrincə, belə gedərsə, müharibənin miqyası dərinləşib hətta Suriya ilə, İranla da genişlənə və bütün regionu bürüyə bilər, bununla da İran texnoloqları düşmüş olduqları vəziyyətdən müharibə yolu ilə çıxmağa cəhdlər göstərərlər.
“Azərbaycan neytral mövqe tutmalıdır və bu proseslərə qarışmalı deyil, öz neytral mövqeyini qoruyub saxlamalıdır”, – deyə o bildirib.
Azərbaycan İslam Partiyasının sədr müavini Natiq Kərimov isə “Turan” agentliyinə deyib ki, İsrailin “Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliam” ədalətsizlik və cəzasızlığın nəticəsidir:
“Dünya birliyi, beynəlxalq qurumlar, insan haqlarını müdafiə təşkilatları bu qətliama biganə qalmaqda ittiham edilib. ABŞ prezidenti Barak Obamanın İsraili müdafiə edərək qətliama haqq qazandırması bütünlükdə islama və müsəlmanlara qarşı ədalətsizliyin göstəricisidir. İsrailin Qəzzada fələstinlilərin axırına çıxmaq istəməyir, silahsız fələstinlilərə qarşı hətta nüvə silahı tətbiq etməyi nəzərdə tutub”.
Kərimovun sözlərinə görə, ərəb dövlətləri, bütün islam dünyası xalqları təcavüzkar İsrailə qarşı birləşməlidirlər.