İlham Əliyevin YAP-ın 20 illiyindəki isterik və eyforik çıxışı haqqında nə demək olar? Heç nə. Artıq təkcə onun yox, sistemin bütün nümayəndələrinin reallıq hissini itirdiyinə heç bir şübhə yoxdur. Onlar başqa, biz başqa Azərbaycanda yaşayırıq.
Onların yaşadığı Azərbaycanı hər gün AzTV-də göstərirlər – bu, güllük-gülüstanlıq, heç bir dərdin, qayğının olmadığı, insnların kədərlənmədiyi, qurdl-quzunun yanaşı otladığı, rüşvət vermədiyi, ac qalmadığı, xəstələnmədiyi, hətta ölmədiyi bir Azərbaycandır.
Bizim Azərbaycan isə…
Onu elə dünən saytlara düşən bir xəbərlə təsvir etmək mümkündür. Xəbərdə deyilirdi: “Suraxanı rayonunda özünü uşaq yelləncəyindən asmış şəxsin özünə qəsd etməsinin təfərrüatı məlum olub. Rayon Prokurorluğundan verilən məlumata görə, mərhum Anar Əliyevin cibindən ölümündən əvvəl yazdığı məktub çıxıb. Özünü öldürməmişdən əvvəl yazdığı məktubunda o, həyatdan bezdiyini və belə bir vəziyyətdə yaşamaq istəmədiyini göstərib.
Ailəli olan A.Əliyev məktubu yazandan sonra özünü uşağının yelləncəyindən asıb. Mərhum uzun müddətdir işsiz imiş”.
Vəssalam. Əlavə şərhə ehtiyac varmı?
Qaldı ki möhtərəmin inkişaf etmiş ölkələrə demokratiya dərsi verməsinə, onlardan sərbəst toplaşmaq azadlığına hörmət tələb etməsinə, həmin ölkələrdə mitinqlərin zorakılıqla dağıdılmasını pisləməsinə, elə buna da sadəcə, təbəssümlə yanaşmaq lazımdır. Deyir deyir də… Bu da onun söz azadlığıdır. Gəlin hörmətlə yanaşaq.
Amma onun həmin sözləri dediyi günün səhəri Bakının mərkəzindəki aksiyada ölkənin əsas müxalifət partiyalarından birinin sədr müavininin (həm də qadın ola-ola!) polis tərəfindən qolunun sındırıldığını da xatırlatmadan keçməyək.
Bilirsiniz, necədir? Əvvəllər belə idi ki, biz yaptokratiyanın yalanlarına aşırı aqressiya ilə, emasionallıqla, hiddətlə cavab verməkdə reaksiya göstərməkdə haqlı idik. Heç indi də belə cavab və reaksiya müəllifləri haqsız deyillər. Bəli, yalan bəşəri cinyətlərin başında gəlir və yalana qarşı dözümlü, tolerant olmaq həmin cinayətdə iştirak etməyə bərabərdir. Mən indi sadəcə, bunların ağ yalanlarına ciddi yanaşmağı, onların ətrafında vaxt və enerji itirməyi gərəksiz sayıram. Artıq elə bir vəziyyət yaranıb ki, bütün müqayisələr bizim xeyrimizə işləyir.
Artıq hər yalanlarına bircə müqayisə ilə cavab verib məğlub etmək o qədər asandır ki, bunları…
Hələ ata Əliyevin dövründən bizi xarici agenturaya işləməkdə, erməni dəyirmanına su tökməkdə ittiham edirlər, amma indiyədək bircə fakt göstəriblərmi? Ancaq bizim əlimizdə artıq onların rüşvət videoları var. Oğurluq yolla qazanılan pullarla aldıqları mülklərin adresi, fotoları var.
Keçənlərdə bir tədbirdə tanınmış bir yaptokrata dedim, bütün güc, administrativ, inzibati resurslar sizin əlinizdə, o boyda DIN-iniz, MTN-niniz, bəs hanı Isa Qəmbərin, Əli Kərimlinin Azərbaycanın maraqlarını ermənilərə satdığı barədə bircə faktınız, videonuz? Amma gəlin biz sizə deputat mandatını necə satdığınızın videosunu göstərək. Susdu. Pörtdü. Qıpqırmızı oldu. Ayaqları dolaşa-dolaşa uzaqlaşdı yanımızdan.
Bu, onların ümumi durumunu çox gözəl ifadə edən bir mənzərə idi. Hamısında bir pərtlik, bir əndişə, bir rahatsızlıq var. Görürlər ki, artıq həm təzə pisliklərini, cinayətlərini xalça altına süpürə bilmirlər, həm də vaxtilə xalça altına süpürdükləri də artıq orada qalmır. Görürlər ki, sistem tıxanıb, divar qurtarır, hara əllərini atırlarsa, boş qayıdır.
Ona görə də isterikaları artır. “Biz güclüyük, bizə heç kim bata bilməz, bizi heç kim yolundan döndərə bilməz, ağılları başqa ölkəyə getməsin, bizi heç kim yolumuzdan döndərə bilməz” kimi populistcə çıxışlar edirlər, bu cür çıxışlarla da Tunis inqilabı başlayanda Mübarəkin, Misir inqilabı start götürəndə Qəzzafinin, Liviya inqilabı alovlananda Bəşər Əsədin leksikonunu xatırlatmağa başlayırlar.
Və əminəm ki, heç özləri də özlərinə inanmırlar.
Bu isə yaxşı haldır: illərlə öyrənmişdilər ki, xalqa yalan danışsınlar, ancaq indi həm də özlərinə yalan danışırlar.
Əvvəllər ancaq bizi aldadırdılar, indi artıq özlərini də aldadırlar.
Xırda məsələ deyil bu. Ciddi söhbətdir.

Ciddi söhbət
•
•