beyubov

Bəylər Əyyubovun qohumu niyə işdən çıxarılıb?

beyubovMingəçevirin sabiq hərbi komissarı ilə bağlı şok faktlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri, prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevin işdən çıxarılması barədə yeni məlumatlar yayılıb. “Azpoltika.info” saytının yaydığı həmin məlumatlarda bildirilir ki, Əqid Bayroyev oktyabrın 4-də Yevlax rayonunda bir məclis təşkil edib və Bakıdan bir neçə müğənnini də həmin məclisə aparıb.

Onların arasında Röya və Elton da olub. Məclis bir neçə saat davam edəndən sonra Röya və Elton qalmaq şərtilə digər müğənnilər Bakıya yola salınıb. Bundan sonra yeyib-içmək məclisi “dar çərçivədə” davam edib. Lakin məclis iştirakçılarının həddən artıq içkili vəziyyətdə olması səbəbindən dözülməz bir vəziyyət yarandığından Elton oranı tərk etmək istəyib. Bu zaman onunla Əqid Bayroyev arasında mübahisə yaranıb. Bizə verilən məlumata görə, müğənni ciddi təhdid və təhqirlərə məruz qalıb. Ona bildirilib ki, yalnız Əqid Bayroyev icazə verəcəyi halda məclisi tərk edə bilər. Lakin Elton müqavimət göstərərək bir təhər yaxasını qurtara bilib.

Ordan aralandıqdan dərhal sonra isə üzləşdiyi vəziyyətlə bağlı Rusiyadakı çox qüdrətli dostlarına məlumat verib. Hansı ki, həmin dostlarının Azərbaycan hakimiyyəti ilə isti münasibətləri var. Onlar da Bakıya telefon açdıqdan dərhal sonra DIN-in xüsusi təyinatlıları Yevlaxa doğru istiqamət götürüblər.

Məlumata görə, xüsusi təyinatlılar Əqid Bayroyevi Röya ilə birlikdə saxlayaraq Bakıya gətiriblər. Polis idarələrindən birində hər ikisinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar, bir gün sonra isə Əqid Bayroyev tutduğu vəzifədən azad olunub.

Araşdırma zamanı Röyanın “halının yaxşı olmadığı” da üzə çıxıb. Bu hadisədən sonra müğənninin ailəsində ciddi problem yaranıb. Elə bu ərəfədə də Röya gözlənilməz bəyanat verərək artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirdi. “Başa düşdüm ki, həyat ədalətsizdir. Buradan uzaqlara getmək istəyirəm. Onsuz da burada qalmıram, lakin bu dəfə birdəfəlik gedəcəm”, – deyə müğənni ATV telekanalının “10-lar” proqramında demişdi.

Məlumatla bağlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb.