Elxan Şahinoğlu: “Azərbaycan beynəlxalq aləmin tutduğu mövqeyə yaxın mövqe nümayiş etdirməlidir»
Israil və Həmas yaraqlıları arasında silahlı münaqişə səngiməyə doğru gedir. Şənbə günündən başlayaraq Fələstin tərəfi atəşi dayandırdığını bəyan edib. Bu arada ABŞ prezidenti Barak Obama da tərəfləri atəşkəsə çağırıb. Noyabrın 14-də hərbi əməliyyatlar başlayandan ərəb ölkələri, Türkiyə, həmçinin bir sıra Avropa ölkələri Israilin Qəzza zonasını raket atəşinə tutmasını pislədi.
Tərəflərin atəşi dayandırması istiqamətində Misirin də səyləri oldu. Bu məsələdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın da hansı mövqe tutacağı diqqət mərkəzindədir. Azərbaycanın Israillə isti münasibətləri var. Digər tərəfdən, Türkiyənin Israillə münasibətləri gərgindir. Azərbaycan eyni zamanda Fələstinin müstəqillik hüququnu tanıyıb. Belə olan halda Azərbaycan münaqişə ilə bağlı hansı mövqe tutmalıdır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan beynəlxalq aləmin tutduğu mövqeyə yaxın mövqe nümayiş etdirməlir və qətliamları pisləməlidir.
Ekspertin sözlərinə görə, Azərbaycan Israillə əməkdaşlıqda ehtiyatlı olmalıdır. Çünki Israil qəsbkar siyasətini sərtləşdirdikcə diqqət onunla əməkdaşlıq edən ölkələrə, o cümlədən Azərbaycana yönəlir. Eyni zamanda qərar verəndə Türkiyənin maraqları da nəzərə alınmalıdır. Ekspertin fikrincə, BMT Təhlükəsizlik Şurasında Israili pisləyən qətnamə qəbul olunsa, Azərbaycana buna səs verməlidir. Hərçənd ki, belə qətnamənin qəbulu gözlənilmir. Çünki ABŞ buna imkan verməz.
Fizzə


