Araz Əzimova verilən «yox» cavabı sona qədər qüvvəsində qalacaqmı?
Leyla Yunus: «Hakimiyyət bu cür təşəbbüslərlə çıxış etməklə öz mahiyyətini ortaya qoyur»
Azərbaycan xarici işlər nazirinin birinci müavini Araz Əzimovun Brüsselə səfəri ilə bağlı maraqlı informasiyalar yayılıb. BBC-nin Azərbaycan xidmətinin mötəbər mənbəyə istinadən yaydığı xəbərə görə, “rəsmi Bakı Avropa Birliyinin strateji tərəfdaşı olmaq istəyini” dilə gətirsə də, ona demokratiya və insan haqları ilə bağlı “fərqli münasibət” göstərilməsini istəyib.
Bakı AB-yə demək istəyir ki, “Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolunu nəzərə alaraq təşkilat onunla Moldova və Ukrayna kimi ölkələrdən fərqli rəftar etməlidir”. Amma istər bu, istərsə də başqa bu tipli görüşlərdə Avropa Birliyi Azərbaycanla münasibətlərdə yalnız enerji məsələlərinin onlar üçün prioritet olmadığını dilə gətirib və beləliklə, A.Əzimovun missiyasına “yox” cavabı verilib. Azərbaycanın oxşar mövqeyini dövlət başçısı Ilham Əliyev də Avropa Birliyinin vitse-prezidenti ilə görüşdə də ifadə etmişdi.
Maraqlıdır, Azərbaycan hakimiyyətinin bu siyasəti nə dərəcədə effektli ola bilər?
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, əslində Azərbaycan hakimiyyətinin bu cür təşəbbüslərlə çıxış etməsi sevindirici haldır. Çünki hakimiyyət bu zaman öz əsl mahiyyətini ortaya qoyur: “Azərbaycan hakimiyyəti hər zaman çalışır ki, onun ölkədə insan haqları və demokratiyanı pozmasına beynəlxalq ictimaiyyət göz yumsun. Amma bu baş verməyəcək. Çünki Avropanın öz dəyərlər sistemi var və onlar bu dəyərlər üzərində dayanıblar, onları heç nəyə dəyişən deyillər. Əksinə, bu cür cəhdlər avropalılar üçün Azərbaycan hakimiyyətinin mahiyyətini aydın edəcək”.
Hikmət


