Moskvada bağlanacaq bazarların siyahısı

Bu bazarlarda işçi azərbaycanlılar çoxluq təşkil edir

Bir neçə gün əvvəl Moskva meri Sergey Sobyanin jurnalistlərə açıqlamasında bildirmişdi ki, şəhərdə fəaliyyət göstərən bazarlar bağlanacaq, onların yerində parklar salınacaq, avtomobil dayanacaqları tikiləcək.
“Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-dək ləğv ediləcək. Gələn il Rusiya paytaxtında cəmi 48 bazar fəaliyyət göstərəcək ki, onlar da tədricən bağlanacaq”, – deyə mer qeyd etmişdi.
Bazarların bağlanmasına 2013-cü ilin yanvarından başlanacaq.

Sirr deyil ki, Moskvadakı bazarlarda çalışanların böyük əksəriyyəti azərbaycanlılardır. Yayılan bu xəbər indidən Moskvada yaşayan və bazarlarda gündəlik çörək pullarını çıxaran həmyerlilərimizi təşvişə salıb. Söhbət ondan gedir ki, bir müddət əvvəl Moskvada azərbaycanlıların çalışdığı iki ən böyük bazarın – “Çerkizovo” və “Lujniki”nin qapadılması nəticəsində minlərlə həmyerlimiz işsiz qalmışdı. Düzdür, onların bir çoxu Rusiyanın əyalətlərinə və elə Moskvanın başqa bazarlarına köç edə bildi. Xüsusən, “Lujniki” bağlanandan sonra həmyerlilərimiz Quba yəhudilərinin nəzarətində olduğu “Sadovod”a axışdılar.

Amma indi vəziyyət tamam dramatikdir. Çünki Sobyanin birdən-birə onlarla bazarı bağlamaq qərarına gəlib. O, gələn il paytaxtda cəmi 48, sonrakı illərdə isə daha az bazarın qalacağını deyir.

Lent.az Moskvadakı mənbələrdən gələn il bağlanacağı qətiləşən bazarların siyahısını əldə edib. Məlumata görə, Moskvanın şimalındakı “Petrovskaya-Razumovski”, “Medvedkovo”, “Mnevniki”, “Timiryazevski”, “Sxodnenski”, “Leninqradski”, “Lianozovski”, “Koptevski”, “Şukinski”, “Tuşinski”, “Oktyabrskoe pole”, paytaxtın qismən mərkəzi dairəsində yerləşən “Butırski”, “Rijski”, “Lefortovski”, cənubda yerləşən və əsasən göyərti topdansatışı kimi tanınan “Tekstlişiki”, habelə “Kuzminka”, “Vıxino”, “Domodedovo”, “Tyopliy stan”, “Emeral” və sairə bazarlar bağlanacaqların arasındadır.

“Ən maraqlı məqam isə Moskvanın iki ən böyük meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Pokrovski” və “Xlebnikovo” bazarının qara siyahıya düşməsidir. Çünki burda azərbaycanlılardan ibarət böyük bir kontingent çalışır”, deyə mənbə bildirib.