Nəhayət, Elmarın QATILLƏRIni tanıdıq!

Qanlı 20 Yanvar günlərində ünlü şair Ramiz Rövşən “Azadlıq” qəzetinə verdiyi müsahibədə deyirdi: “Yanvarın 20-də bizim xalqımız zorlandı. Sözün hər mənasında! O gündən biz daha ”qəhrəman”, “cəngavər” və ya “şair” xalqın yox, zorlanmış, namusuna qəsd olunmuş bir xalqın oğluyuq…”. Ramiz Rövşən 23 il əvvəl də müsahibələrində, şeirlərində səmimi idi, indi də elədir. Elə bu səmimiliyinə görə özü də, şeirləri də hər zaman sevilir, çünki sözlərində boş hay-küy, yalandan vurub-yıxmaq yoxdur.
Vicdanı olan Qarabağ itkisindən, 20 Yanvar faciəsindən sonra qəhrəmanlıqdan, cəngavərlikdən, şairlikdən danışmaz. Təzəlikcə məlum oldu ki, illərdir torpağı, qız-gəlini, şəhidi təhqir olunanda susan, amma oturduğu məclis tənqid olanda qəzəblənib silaha, xəncərə, topa, raketə əl atan “cəngavərlərimiz, qəhrəmanlarımız, yazıçılarımız” varmış. Bir neçə gün öncə, “facebook” statutslarında, köşələrində Milli Məclisi tənqid edən siyasətçiləri, jurnalistləri “cəngavər deputatlar” baş kəsməklə, həbslə hədələdilər. Bu tükürpədən, qan qoxusu verən sözlər mənə 2005-ci il fevralın 2-ni xatırlatdı. Əlimdə, “Monitor” jurnalında çap olunan bir məqalə var: “Zaqluşennıy qolos ”Svobodı” (N28, 6 sentyabr, 2003). Elmar Hüseynov bu məqaləni böyük ürək yanğısı ilə haqsız yerə işdən çıxarılan Mirzə Xəzərə həsr edib. Kim bilir, bəlkə, həmin məqalənin sərtliyinə və içindəki bir kəlmə söyüşə görə Elmarı vəhşicəsinə qətlə yetirdilər.
Axı bu gün “zoopark”, “zoosirk” sözünə dözməyib açıq-aşkar baltaya, xəncərə, vicdansız hakim çəkicinə əl atanlar, onlara “…sukina sın” deyəni vəhşicəsinə güllələməkdən heç çəkinməzdi. Bu gün jurnalistlərin tənqidlərindən qəzəblənib xəncərə, silaha əl atanlar, məhkəməyə üz tutanlar, heç şübhəsiz ki, vəhşicəsinə qətlə yetirilən unudulmaz Elmarın QATILLƏRidi! Nəhayət, uzun zamandan sonra biz onların üzlərini görə bildik. Yalnız qoçular, quldurlar deyilən haqlı SÖZün ağırlığına davam gətirə bilmir, silaha, xəncərə, hədə-qorxuya əl atır. Amma qatillər unutmasınlar ki, “qaldıra bilməz ağ bayraqları, əyninə ağ kəfən geyən oğullar!”. Hədə-qorxunun üstündən bir gün keçməmiş ölümdən, həbsdən qorxmayanlar “Parazit parlament”, “Kukla parlament”, “Bütün xalqı məhkəməyə verin!”… yazmaqla, əli baltalı “cəngavərlərə” çağırış etdilər…
Cənab “mədəni oğlanlar”, axı bu mənasız “tərbiyə dərsləri” kimə lazımdır, ölkədə mədəniyyətsizlik, ədəbsizlik tüğyan etmirmi? Hər yer zoopark, zoosirk deyilmi? Hər gün metro çıxışlarında, avtobus dayanacaqlarında işsiz, pulsuz-parasız, əsəbi, aqressiv, dərdli insanların elə yeddimərtəbəli söyüşlərini eşidirik ki, o sözləri eşidən azyaşlı uşaqların üzünə baxmaq olmur. Indiki Azərbaycan vətəndaşının bir söyüşü bir erotik, parnofilmdən daha tərbiyəsizdi. Bir halda ki, illər öncə yol ilə gedərkən nəinki söyüş, heç kobud söz də eşitmək mümkün deyildi.
Azərbaycanda ağır sözün, söyüşün təməli 1993-cü ildə, Heydər Əliyev hakimiyyətə gələndə qoyuldu. Çünki bu hakimiyyət insanların əlindən ən müqəddəslərini aldı, hətta şirin, bal kimi sözlərini də. Qəribədir, dərddən boğulan camaat söyüş söyəndə ona deputatlar balta ilə hücum edirlər, amma özləri ən ağır sözlər işlədəndə gülürlər, əl çalırlar: illər öncə deputat Əhəd Abıyevin Milli Məclisdə canlı yayınlanan məşhur söyüşləri nə tez unuduldu?! Bəs, o, niyə cəzalanmadı?! Əksinə, Milli Məclis yaddaqalan söyüşlər deməyi bacaran üzvlərini qəşəngcə mükafatlandırır. Xalqa söyüş dərsi keçən “peşəkarlar”a yaxşı işinə görə ürəyini boşaltmaq üçün geniş ərazilər verir. Hazırda Daşkəsən icra hakimi olan Əhəd Abıyevin söyüşlərindən dağlar utandığından qızıl-gümüşə dönüb yatağa düşür. Deputat Fəzail Ağamalının xəbəri var ki, “onlar məhkəmədə cavab verməlidirlər ki, bu cür tərbiyəsizlik qanqal toxumu kimi bütün Azərbaycana yayılmasın” sözlərinə Qarabağ çöllərində kef edən erməni toyuqları qaqqıldayıb gülürlər? Beli xəncərli deputat Adil Əliyevin xəbəri var ki, “belə danışmaq üçün adamın iki başı olmalıdır, onu da kəsib atarlar” sözlərini isə Cıdır düzündə otlayan erməni buzovu eşidəndə gülməkdən qarnını tutur? Kim bilir, bəlkə də öz dillərində “hünərin var, bəri gəl!” deyirlər, erməni dilini bilmirəm, yanlış məlumat yazsam, deputatlar başımı kəsər.
Işsiz-gücsüz, evsiz-eşiksiz qalan camaatın qarğışdan, söyüşdən başqa heç nəyi yoxdur. Söyüş isə indiyə kimi heç kimin övladını yetim, ailəsini ölkədən didərgin salmayıb. Hər kəs ətrafına nəzər salsın. Illər öncə sakit, mədəni, səbrli adam kimi tanıdıqlarımız indi dəqiqədə 120 dəfə, 2-3 dildə söyüş, ağır sözlər işlədir. Artıq kiməsə salam verməyə, hal-əhval tutmağa çəkinirsən. Bu xəstə cəmiyyəti sağaltmaq üçün xalqın 125 qoçu deputata yox, 125 loğmana ehtiyacı var …
P.S. Bu hakimiyyətin dövründə kim ömründə bircə dəfə də olsa ağır söz, söyüş işlətməyibsə, mənə ən ağır söyüşlə ilk şərhi yazsın…