“Mənimlə bağlı nə varsa, hamısı qadağandır”

“Bizim iqtidar pul qazanmaqla məşğuldur. Qarabağ, Xocalı soyqırımı kimi mövzular onu maraqlandırmır”

Rüstəm İbrahimbəyov: “Xoca” kimi filmlər Azərbaycandan kənara çıxa bilməz”

Oskar mükafatçısı, kinodramaturq Rüstəm Ibrahimbəyov AzNews.az-a müsahibəsində Dağlıq Qarabağ həqiqətləri mövzusunda film çəkilişləri, həmçinin Vahid Mustafayevin “Xoca” filmi ilə bağlı fikirlərini bölüşüb:

– Bu günə kimi Dağlıq Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı dövlət əhəmiyyətli film çəkməyə nələr və kimlər maneə olub?
– Mən dəfələrlə demişəm ki, bizim iqtidar başqa şeylərlə məşğul olur. Yəni, pul qazanmaqla… Belə mövzular onları maraqlandırmır.

– Bu yaxınlarda Vahid Mustafayev “Xoca” filmini çəkdi. Bu filim barədə cəmi bir-iki mütəxəssisdən tənqidi fikirlər eşitdik. “Xoca”nı Azərbaycan həqiqətlərinin carçısı kimi təqdim etmək olarmı?
– Mən istəməzdim bu barədə danışam, amma məcburam. “Xoca” kimi filmlər Azərbaycandan kənara çıxa bilməz. Çünki “Xoca”nın səviyyəsi belədir… Təəssüf… Təəssüf və bir də təəssüf… Mən demirəm, camaata belə filmlər də lazımdır. Amma Qarabağ hadisələri və Xocalı soyqırımından bəhs edən film çox keyfiyyətli, çox səviyyəli olmalıdır.

– Ümumiyyətlə, Rüstəm Ibrahimbəyov “Xoca”ya baxıb?
– Bəli.

– “Xoca” haqqında mütəxəssis fikrinə ehtiyac var. Çünki bu günlərdə Mirşahin Ağayev bu film haqqında dediyi fikirlərə görə, kinorejissor Eldəniz Quliyevi “Ağ evin qarşısında dilənən dilənçiyə” bənzətdi…
– Mən bu məsələdə Eldəniz Quliyevin tərəfindəyəm. Çünki “Xoca” ancaq Azərbaycanda nümayiş olunmalıdır. “Xoca”nı ölkədən kənara çıxarmaq olmaz. Azərbaycan xalqını daxili tamaşaçıları, camaatın ruhunu qaldırmaq üçün belə filmlərin sayını artırmaq olar. Açıq-aydın bilməliyik ki, filmin səviyyəsi belədir. Başqa ölkələrdə “Xoca”nı nümayiş etdirmək bizə ancaq ziyan gətirə bilər.

– Niyə Vahid Müstafayev bu mövzuda film çəkir, “Oskar” mükafatçısı Rüstəm Ibrahimbəyov kimi insanlar kənarda qalır?
– Vahid Mustafayev kimi adamlar əllərindən nə gəlir, onu da edirlər. Çünki hökumət bu işlərlə məşğul olmur. Amma bizim bir neçə film var ki, bir neçə festivalda uğurla nümayiş olundu. Mən bir neçə dəfə təşəbbüs göstərmişəm. Təkliflər vermişəm. Amma təəssüflər olsun ki, Rüstəm Ibrahimbəyovun verdiyi ssenariləri bəyənmirlər. Bunun da səbəbi var.

– Nədir səbəbi?
– Yuxarıdan tapşırıq verilib ki, Rüstəm Ibrahimbəyovla bağlı heç bir ssenari götürülməsin. Mədəniyyət və Turizm naziri Rüstəm Ibrahimbəyovla heç bir bağlantı qurmasın, əlaqə yaratmasın. Yəni, mənimlə bağlı nə varsa, hamısı qadağandır. Söhbət siyasətdən deyil, mədəniyyətdən gedir. Amma bizdə hər şeyi qarışdırırlar. Dəfələrlə demişəm ki, mən siyasətçi deyiləm. Mən ancaq ağa ağ, qaraya qara deməyin tərəfdarıyam. Mən Azərbaycanı bürüyən yalana qarışa bilmərəm. Mən bunu etsəm, nə yazıb-poza, nə də kino çəkə bilərəm. Mən öz şəxsiyyətimi də qorumalıyam. Bu xəstəlik kimi şeydir. Bir iki dəfə qoşulsan, tərgidə bilməyəcəksən.
Mən 5-6 məmura ancaq təəccüblənirəm. Hansı ki, onlar bizim hökuməti idarə edirlər. Özləri kobud hərəkətlərilə çox adamları, yatanları oyadırlar və yersiz özlərinə düşmən edirlər. Biz dəfələrlə kino ittifaqında belə məsələləri müzakirə etmişik. Demişik ki, Qarabağ haqqında səviyyəli film çəkilməlidir. Bu təkliflərlə Mədəniyyət və Turizm Nazirliyinə də paketlər göndərmişik. Onların maraqları başqa şeylərdir. Əgər yuxarıdan onlara tapşırıq verilməsə, heç nə etməyəcəklər.