Yaxın Şərq ölkələrindəki hadisələr Tunis, Misir, Liviya və Yeməndə hakimiyyət dəyişikliyinə gətirib çıxaran inqilabı xatırladır.
Artıq dörd gündür yanacağın qiymətinin bahalaşması ilə nəticələnən subsidiyaların ləğvinə etiraz edən nümayişçilərlə polis və hakimiyyət tərəfdarları arasında toqquşma davam edir. Euronews telekanalının yaydığı məlumata görə, hazırki narazılıqlar kral II Abdullanın dövründə ən ciddi etiraz dalğasıdır. Görünür 13 ildir hakimiyyətdə olan kral subsidiyaların ləğvinə razılıq verəndə iordaniyalıların belə reaksiyasını gözləmirdi. Minlərlə etirazçı «Xalq rejimin dəyişməsini istəyir!» şuarları ilə küçələrə çıxıb. Plakatların birində isə «Qiymətləri qaldırmaq – odla oynamaq kimidir» yazılıb.
Hakimiyyəti narahat edən isə kralın devrilməsi ilə bağlı edilən çağırışlardır. Bu ölkədə belə çağırışlara görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Etirazçıların qarşısını almaq üçün polisin köməyinə kral tərəfdarları gəlsə də, onlar da istəklərinə çata bilməyiblər.
Bir sıra şəhərlərdə isə etiraz aksiyaları dinc şəkildə davam etdiyindən polis onlara müdaxilə etmir.
Azadlıq.info


