Dostumun dostunun danışdıqları dəhşət doğurur. Lap Elşad Abdullayevin hər kəsə məlum şeylərin danışıldığı videoları kimi.
Bu keçmiş müxalifətçi, indi isə yalnız ideallarında müxalifətçi olaraq qalan şəxs həm hakimiyyətdə olanlara qazandırır, həm özü gün-güzəranını düzəldib. “Kim olursan ol, lap bir dahi, onlarla işləmədən necə qazana bilərsən ki?” – deyir… Ancaq könlü heç şad deyil. Para həmişə sevinc qaynağı olmur. O da sabahın dərdini çəkir. Içində…
Hə, dostumun dostu danışır ki, övladları məktəbə getmir. Direktorla anlaşıblar. “1000 manat direktora verirəm ayda, 800 manat da uşaqların əlavə məşğələyə getməsinə ayırmışam. Bu məbləğ hər il artır”.
Indi həmin məktəbdə neçə belə valideynin olduğunu düşünək. Hər məktəbə heç olmasa 5 beləsi düşməzmi? Yəqin ki, düşər. Azı bir iyirmisi də beləsinin yarısı qədər olar – yəni 500 manatlıq. Deməli, direktor pis yaşamır. Bəs Azərbaycanda neçə belə məktəb olar? Cəmi məktəblərin yarısı. Lap 30 faizi. Az deyil ki! Demək, təhsil şöbə müdirləri də pis yaşayacaq qədər axmaq deyillər. Bəs bunun bir ucu gedib lap yuxarıya, təhsil nazirliyinə, ordan da hakimiyyətə dayanmasa olarmı? Adamın iki gözünü bir deşikdən çıxararlar. Korrupsiya, rüşvət ittihamı ilə bir dəqiqənin içində gedər-gəlməzə göndərərlər. Çünki hər kəs hər kəsin eyni çirkaba necə bulaşdığını yaxşı bilir…
Əllərinə belə valideynlərin düşmədiyi məktəblər də var. Onlar da talelərindən küsüb, ümidlərini xırım-xırda məktəb büdcəsinə, fond puluna, nə bilim silgi, süpürgə puluna dikiblər və bu talesizliyi heç kəsə bağışlamaq fikirləri yoxdu. Müəllim şagirdlərinə deyir: “Sizə görə boğazımı niyə yırtmalıyam ki?”.
Bu gedişlə Azərbaycanın sabahı puçdu. Adamlara bu sabah haqda bir şey deyən gərəkdi. Yoxsa ümidsizlikdən vətəndaşların genləri belə dəyişəcək.
O məchul sabahı düşünəndə adamın zır-zır ağlamağı gəlir. Mən ən ümumi sözlərlə danışıram. Çünki statistika hər il qəzetlərdə çap edilir və hər kəsin də bundan xəbəri var. Xalq da hər şeyi bilir. Amma müəllimlərdən necə inciyəsən? Aldığı maaş özünü öldürəndə 300 manata çatır. Nə qədər vicdanlı və peşəkar müəllim olursan ol, görəsən bu məvaciblə hansı şövqlə dərs deyə bilərsən? Axı onun da fikri öz övladlarının yanındadı. 130 manat maaş alan bir müəllim həm də xırda ticarətlə məşğul olduğuna görə özünə nifrət etdiyini deyir mənə…
Almaniyada yaşayan dostum isə deyir ki, orada şəhərin meri işə velisopedlə gəlir, müəllim “BMW X5″ ilə. ”X5″-i bir yana qoyaq, bu gün bir Azərbaycan müəllimi sabahıyla bağlı nə düşünür? Istəyirmi bu hakimiyyət istefaya getsin? 100 faiz. Ancaq ondan sonrası üçün bir təsəvvürü varmı? Yoxdu. Ona görə də, müəllim hakimiyyətin seçki köləsi olmaqda davam eləyir. Çünki heç nə vəd eləməyən sabahdansa 130 manatı üstün bilir. Hətta hakimiyyət özünün gedəcəyi zaman üçün belə bir rəy də formalaşdırıb: “Bunlar yenə də yeyib doyublar (halbuki onların gözünü heç torpaq da doyura bilməz), yeni gələnlərsə ac olacaq və hələ neçə il talamağa məcbur olacaqlar”. Baxın, Azərbaycan vətəndaşının bilib-biləcəyi bu qədərdir. Ancaq o kiminsə, deyək ki, müxalifətin dilindən iltizam almaq istəyir ki, biz gələndən sonra filan-filan imkanlar hesabına maaşlarınız bu qədər artacaq, repetitorluğa və ya al-verə gərək qalmayacaq, təhsildə rüşvət yığışdırılacaq, yararsız dərsliklər ləğv ediləcək, müəllimlərin dərs saatı onların peşəkarlığına görə bölünəcək, direktor diktator yox, sadəcə, tənzimləyici olacaq və müəllimlərin səsverməsi ilə seçiləcək və elə bir təhsil sistemi qurulacaq ki, artıq məktəbə getməmək üçün kimsə rüşvət verməyəcək. Uşaqlar məktəbə naxıra gedən kimi yox, pirə gedən kimi gedəcəklər. Qaça-qaça.
Məncə, bunu deməyə görə kimsəni həbs eləməzlər. Hətta Əliyev rejimi belə eləməz…

Əliyev hakimiyyətdən getsə…
•
•