Gülər Əhmədova hələ də BDU-da dərs deyir, bu da bəzilərini qəzəbləndirir, deyirlər ki, ta bu qədər də haqsızlıq olmaz-filan. Mən başa düşmürəm: burada haqsız nə var? Bəlkə gözləyirsiniz ki, bunlar Umberto Ekonu-zadı gətirsinlər mühazirə oxumağa? Əliyevçi təhsil sisteminə məhz Gülər Əhmədova kimilər yaraşır.
Axı bunların məqsədi heç təhsil vermək də deyil, bunlar savadsız və mənəviyyatsız bir nəsil formalaşdırmaq istəyirlər, çünki yalnız belə insanlar nə qədər çox olarsa, rejimin dayaqları da o qədər möhkəmlənər.
Rejimin dayaqları isə hazırda sürətlə sarsılmaqdadır, son iki ildə sınan təntənələrindən artıq heç bir əsər-əlamət qalmayıb. Artıq özləri də çöküşün addım səslərini eşidirlər, ona görə də isterikadadırlar, həyəcanlıdırlar, boşalmış vintləri qanunlara axmaq, mürtəce dəyişikliklərlə bərkitməyə çalışırlar. Amma havayı zəhmətdir: süni nəfəslə irticanın ömrünü nə qədər uzada bilərlər ki?!
Mən əsla heç kimdə fövqəladə gözləntilər-zad yaratmaq istəmirəm, heç özümün də xüsusi gözləntim-zad yoxdur. Sadəcə, əminəm ki, gecələr yatağa rahat girmirlər, yuxuları qaçır, yuxularından sərsəm ayılırlar, səksəkədədirlər. Artıq fərqindədirlər ki, qurdla qiyamətə qalmaq sevdası filfilodan başqa bir şey deyilmiş, artıq onları heç nə güclü, məğluedilməz göstərmir, göstərə bilmir. Oğurluq milyardlarına güvənirdilər, amma elə bir məqam yetişib ki, qarşılarında da milyarderlər var.
Milyarderlər demişkən… Bunların qorxu, əndişə qarışıq bir həyəcanla məlum milyarderlərə dişlərinin dibindən çıxanı deməsini gülərək izləyirəm. Bilirsinizmi, niyə? Çünki öz dedikləri ilə həm də özlərinin çoxlu pullarının qüdrəti haqqında yaratdıqları mifi də darmadağın edirlər. Artıq pulun həlledici olmadığı barədə özləri danışmağa başlayırlar.
Məsələn, Siyavuş Novruzov deyir ki, nə olsun, milyardları var, seçki olsa, heç bir faiz də səs ala bilməzlər.
Bəli, Novruzov, sən bununla əslində həm də mənsub olduğun oğru rejimi ayaqda tutan ən mühüm tezislərdən birini alt-üst edirsən. Siz illərdir kütlənin beyninə məhz bunu yerləşdirmək istəyirdiniz: “Bunların pulu çoxdur, bunlara heç kim bata bilməz”. Amma indi özünüz özünüzü ifşa edirsiniz, öz dilinizlə deyirsiniz ki, çoxlu pul seçki udmağa, bir faiz səs almağa belə kömək eləmir, gərək əvvəlcə xalqın bir parçası olasan, onun sərvətlərinə deyil, dərd-sərinə sahiblənəsən, onun arzuları ilə nəfəs alasan, onun ağrıları ilə yaşayasan, əks halda bircə azad seçki kifayətdir ki, silib-süpürüləsən hakimiyyətdən. Çoxlu pulun olsa da, bir faiz belə səs almadan həm də.
Əlbəttə, mən pulun əhəmiyyətini danmıram, amma həmişə də bunların oğurluq pullarını məğlubedilməzliklərinin nişanəsi kimi qəbul edənlərlə razılaşmamışam. Zəkadan yoxsul olanlar oğurluqla istədikləri qədər varlansalar nə olacaq? Üstəlik, Qəzzafi, Mübarək, Bin Əli kimi tiranların xanimanı yerləbir olandan sonra nə qədər sərvətləri ortaya çıxdı, gördük. Pulun elə qüdrəti vardısa, onları niyə qorumadı?
Baxın, 10 il əvvələdək bunların pulu indiki qədər deyildi, amma o pulun işləkliyi, yararlığı indikindən qat-qat çox idi. Indi pulları da əllərində qalıb, bəlkə içəridə beş-üç merkantil xislətli, qarnı qafasından önə çıxan adamı öz qapılarının quluna çevirməyə kömək edir, amma ölkədən qıraqda, ümumiyyətlə, heç nəyə yaramır. Heç kimi pulnan susdura, heç bir ağızı pulla yuma bilmirlər.
Fikir vermisinizsə, Ilham Əliyev də artıq tez-tez təkrarlamır bu sözləri: “Bizim çoxlu pullarımız var”. Təkrarlamır, bilir ki, ədalətin yoxdursa, arxanda xalqın iradəsi yoxdursa, gündə min dəfə “çoxlu pullarımız var” desən belə faydasızdır, mənasızdır.
Bir sözlə, biz artıq çoxlu pullarla bağlı mifin də sonunu gördük. Rusiyadakı azərbaycanlı milyarderlər kontekstində də olsa, özləri də bunu etiraf etmək məcburiyyətində qaldılar.
Hər şey oğurluqların talanların yağmaların hesabının sorulacağı günə doğru gedir.
O günün nə vaxt – gec, ya tez gələcəyi ilə bağlı mübahisələr ola bilər.
Amma önəmli olan odur ki, o günün gələcəyinə artıq heç kim şübhə eləmir. Hətta özləri də!

İlham Əliyev niyə daha “bizim çoxlu pullarımız var” demir?
•
•