Kəmaləddin Heydərov «zəlzələ hücumu»ndan qorunmaq üçün yanlış məlumatlar verir
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Qax-Zaqatala zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması işində mənimsəmələr və xoşagəlməz vəziyyətlə bağlı hesabatından sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Prezident Administrasiyasına çağırılması barədə xəbər yayıldı. Həmin xəbərdə bildirilirdi ki, PA-da baş verənlərlə bağlı “fövqəlnazir”dən izahat istənilib.
Bunun ardınca Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edəcəyini açıqladı. “Azadlıq” isə bu məsələdə hakimiyyət daxili ziddiyyətlərin də rol oynadığını yazmışdı. Belə ki, məlumatlara görə, Kəmaləddin Heydərov PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu administrasiyanın rəhbəri Ramiz Mehdiyevin yerinə gətirməyə çalışır. Bu plandan xəbər tutan Ramiz Mehdiyevin komandası dərhal Ilham Əliyevi məlumatlandırıb. Eyni zamanda onlar ölkə başçısını inandırıblar ki, Kəmaləddin Heydərov əslində post-Əliyev dövrünə hazırlaşır. Ilham Əliyev isə “fövqəlnazir”i yerində oturtmaq üçün zəlzələ bölgəsində baş verənlərdən ona qarşı istifadə edib.
Kəmaləddin Heydərov da məhz bu baxımdan hesabatdan dərhal sonra zəlzələ bölgəsinə səfər edəcəyini, hər şeyi yerində araşdıracağını bəyan etmişdi.
Dünən isə APA “fövqəlnazir”in zəlzələ bölgəsində görülən işlərlə bağlı açıqlamasını yayıb. Kəmaləddin Heydərov zəlzələ nəticəsində dağılan evlərin tikintisi barədə danışarkən deyib: “Əhalinin evlərinə gəldikdə isə deyə bilərəm ki, bu gün (dünən-red) biz tikinti işlərini həyata keçirən şirkətlərin nümayəndələri ilə müşavirə keçirdik. Onlar məlumat verdilər ki, mayın 7-də və 18-də Zaqatalada baş verən birinci zəlzələ zamanı dağılan evlərin artıq 60 faizi tikilib təhvil verilib. Bu gün təqdim olunan qrafikə görə hər həftə daha 10-12 faiz əlavə ev təhvil veriləcək. Iş icraçılarının dediyinə görə, dekabrın sonuna kimi sadaladığım bütün evlər tikilib təhvil veriləcək”.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev isə “Azadlıq”a bildirib ki, ilin sonuna qədər bütün evlərin tikilib təhvil veriləcəyi inandırıcı deyil: “Bizdə olan məlumatlara görə, orada 3500-dən artıq ev tikilməlidir. Indiyə qədər isə evlərin çox az hissəsi tikilib. Bir ay müddətində bütün evlərin tikilib təhvil veriləcəyi inandırıcı deyil. Fikrimcə, iş icraçıları Kəmaləddin Heydərovu aldadır”.
Kəmaləddin Heydərovun əslində vəziyyətin nə yerdə olduğunu bilməməsi inandırıcı deyil. Güman ki, “fövqəlnazir” “zəlzələ kartı”nı rəqiblərinin əlindən almaq, həmçinin ölkə başçısı Ilham Əliyevin qəzəbini soyutmaq üçün belə açıqlama verməyə məcbur olub.
Azad


