Füzulidə İlham Əliyevin gəlişinə hazırlıq gedir

Yeyilən milyonlarla manatın əvəzində ölkə başçısına Alı Alıyev bir neçə obyektin lentini kəsdirəcək

Yaxın günlərdə ölkə başçısı Ilham Əliyevin Füzuli rayonuna səfər edəcəyi gözlənilir. Bu barədə “Azadlıq”a rayondakı qaynaqlar məlumat verib. Səfər zamanı icra başçısı Alı Alıyevin özbaşınalıqları haqda sakinlərin ölkə başçısına şikayət edəcəyi də gözlənilir. Sakinlərin dediyinə görə, Ilham Əliyev 2011-ci ildə Füzuli rayonunun Əhmədbəyli-Alxanlı-Zobucuq kəndlərarası yolların təmiri və çəkilməsi üçün 7 milyon manat vəsait ayırıb: “Həmin yol Bakı-Füzuli-Ağdam magistral yolu olduğu üçün ancaq yolun üzərinin asfalt örtüyü üzdən təmir edilib. Ayrılmış vəsaitin isə hara xərclənməsi məlum deyil”.
Məlumatı verən şəxs deyir ki, vəsaiti icra başçısının mənimsədiyi haqda rayonda söz-söhbətlər gəzir. Sözügedən magistiral yolu əks etdirən “Ala qapı” adlanan yol göstəricisi ləğv edilmiş, əvəzinə həmin yerdən iki kilometr qabaqda, kiçik bir yol göstəricisi yolun kənarına vurulub.
“Horadiz şəhərinin abadlığı üçün 2011-ci ildə Heydər Əliyev Fondundan 2 milyon, Neft Fondundan 2 milyon və bununla bərabər əhalidən yığılan pullarla, ümumilikdə 8 milyon manat guya bu yollara və rayondakı abadlıq işlərinə xərclənib. Üstəlik, Horadiz şəhərinin abadlığı və quruculuğu ilə bağlı 2006-cı ildə 2 miyon, 2008-ci ildə isə 2 milyon, cəmi 4 milyon manat Ilham Əliyev ayırıb. Həmin illər rayona təhkim edilmiş Dərin Özüllər Zavodu isə 3 milyon manata geniş tikinti işləri aparıb. Zavodun tikdirdiyi hasarların bir hissəsi Alı Alıyevin tapşırığı ilə rənglənib, Ilham Əliyevin keçəcəyi yerlər isə aqlay örtüklə üzlədilıb. Bununla da Horadizin abadlıq və quruculuq işlərinə yazılan 15 milyon manatın xərcləndiyi qeyd edilib. Ancaq bu belə deyil, bu ad altında külli miqdarda pul mənimsənilib”, – deyə qaynaq bildirir.

Ilham Əliyev 2008-ci ilin aprel ayının 18-də qırmızı lentini kəsərək açılış etdiyi Heydər Əliyev Muzeyinin ön və bir yan hissəsinin qırmızı mərmər örtüyü ilə dəyişdirilib və ağ aqlayla üzlədilib: “Daxili imkanlar hesabına yeni Şahmat Məktəbini tikdirdiyini bildirən Alı Alıyev açılış etmək üçün onu ölkə başçısına təqdim edəcək. Maraqlıdır, Ilham Əliyev bir binanın qırmızı lentini iki dəfə kəsəcək? Alı Alıyev bu dəfə Heydər Əliyev Muzeyini prezidentə Şahmat Məktəbi adı altında təqdim edəcək?”.
Düşmənlə üz-üzə yaşayan sakinlər ümid edirlər ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin havadarlıq etməsinə baxmayaraq, ölkə başçısı Alı Alıyev barəsində tədbir görəcək, yəni sakinlərin haqlı narazılığı eşidiləcək.
Əhalinin narazılığı həm də təhsil şöbəsindəndir. A.Alıyev uzaq-yaxın qohumlarını müxtəlif məktəblərə direktor təyin etməklə bu sahəni də, demək olar, məhv edib. Təhsil şöbəsinin müdiri Almaz Həşimovanın da özbaşınalıqlarına bu səbəbdən göz yumur. Müəllimlərdən elə adlarla pul yığılır ki, hələ indiyə qədər heç bir məktəbdə bu adla müəllimlərin cibinə girilməyib.
Məlumatı verən şəxs deyir ki, Qurban bayramı ərəfəsində Alı Alıyev camaata paylamaq üçün 41 icra nümayəndəsindən və 31 bələdiyyə sədrinin hər birindən 3 qoyun alıb, ancaq sonradan həmin qoyunları kəsdirmək əvəzinə rayondakı öz fermasına apartdırıb.
Məlum məsələdir ki, Ilham Əliyev rayonlara səfər edəndə icra hakimiyəti başçısının tapşırığı ilə rayon nəzarətə alınır. Həmin rayonun narazı sakinləriylə ya öncədən söhbət edirlər, ya da onların şəhərin mərkəzinə gəlməsinə maneə yaradırlar. Çox güman Alı Alıyev də şikayətçilərin Ilham Əliyevlə görüşməsinin qarşısını alacaq və onlar yuxarıdakı məlumatların heç birini ölkə başçısının diqqətinə çatdıra bilməyəcək. Məsələnin ikinci bir tərəfi isə ondan ibarətdir ki, Ilham Əliyev hər hansı yerə səfər edəndə, obyektlərin qırmızı lentini kəsəndə, onunla görüşə gələnlər xüsusi seçilmiş şəxslər olurlar. Yəni ölkə başçısı da bu məsələdə maraqlı deyil…

Ramin DEKO