Bu gün Azərbaycnada Milli Dirçəliş Günüdür. 1988-ci ilin noyabrın 17-də Bakıda o vaxtkı Lenin, indiki Azadlıq meydanında erməniləri Dağlıq Qarabağda separatçı hərəkətlərə başlamasına etiraz olaraq ilk çoxminlik mitinq olub. Meydana toplaşanların orada qalmaq qərarı verməsi ilə ən azı keçmiş SSRİ məkanında ilk dəfə Bakıda dinc oturaq aksiya kecirilib. Topxana meşəsində ermənilərin apardığı “”yaşıl soyqlrlmın” və zərərli tikintinin dayandırılması ilə başlayan tələblər sonradan Azərbaycanın öz müstəqilliyini elan etməsi tələbinə qədər böyüdü.
Məhz bu baxımdan 17 noyabr Azərbaycanda milli azadlıq hərəkatının başlanğıc günü kimi qəbul olunur. 17 gün davam edən meydan hərəkatı 1988-ci il dekabrın 3-dən 4-nə keçən gecə tankların köməyi ilə dağıdıldı. Rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə məhz bu hərəkatın qarşısını almaq üçün fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi.
Lakin bu, Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatını söndürə, SSRİ-ni süqutdan xilas edə bilmədi.
O zaman Azərbaycan xalqı verdiyi mücadiləyə görə Qərbin nüfuzlu nəşrlərindən olan “Şpigel” tərəfindən “İlin xalqı” elan edildi.
17 noyabr günü Azərbaycan müstəqilliyini rəsmən bərpa edəndən sonra,milli azadlıq hərəkatının ümumi lideri mərhum Əbülfəz Elçibəyin prezidentliyi dövründə – 1992-ci ildə dövlət bayramları sırasına salındı və qeyri-iş günü elan edildi. 1993-cü ildə hakimiyyət dəyişəndən sonra bu günə rəsmi səviyyədə soyuq münasibət özünü biruzə verməyə başladı. Hazırda bu gün rəsmi bayramlar sırasında qalsa da, qeyri-iş günü deyil.
Meydan hərəkatının tribunlarından və əsas simalarından biri Nemət Pənahlı isə bu günün 24-cü ildönümünü həbsxana divarları arasında keçirməyə məhkum edilib…
Milli Dirçəliş Gününüz mübarək!