Avropa İttifaqından Azərbaycana rədd cavabı

Araz Əzimov Brüsseldə «rəsmi Bakının AI-nin strateji tərəfdaşı olmaq istəyini» çatdırsa da, qarşı tərəf imtina edir

Avropa Ittifaqını neftlə yanaşı, insan hüquqları və demokratiya da maraqlandırır…
Avropa Ittifaqının (AI) Azərbaycanla əlaqədar siyasətilə məşğul olan rəsmisi deyib ki, qurumun rəsmi Bakını “strateji tərəfdaş” adlandırması ehtimalı azdır. Azərbaycan xarici işlər nazirinin birinci müavini Araz Əzimovun Brüsselə səfəri zamanı “rəsmi Bakının AI-nin strateji tərəfdaşı olmaq istəyini” bildirməsindən sonra, o, BBC-nin Azərbaycan xidmətinə adının çəkilməməsi şərtilə müsahibə verib.
AI rəsmisi bu statusun nə məna daşıdığını dəqiq bilmədiyini deyib. Lakin rəsmiyə görə, Bakı beləliklə AI-ə demək istəyir ki, “Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolunu nəzərə alaraq təşkilat onunla Moldova və Ukrayna kimi ölkələrdən fərqli rəftar etməlidir”.
Rəsminin fikrincə, Azərbaycan hökuməti həmçinin AI-ə xəbərdarlıq etmək istəyir ki, ölkəni insan hüquqları və demokratiyanın vəziyyətinə görə tənqid etməsin.
“Onlar bunu açıq şəkildə demirlər və bunu açıq şəkildə demək kobud olardı. Lakin kontekst budur: ölkəmizi insan hüquqlarına görə tənqid etməyin, çünki biz çox vacibik”, – deyə AI rəsmisi bildirib.
O, əlavə edib ki, Ittifaq Azərbaycanın tələbini qəbul etməyəcək: “Azərbaycanla əlaqələri yalnız enerji müəyyən etsəydi, Avropa Ittifaqı onu qəbul edərdi, lakin enerji yeganə məsələ deyil. Digər məsələlər insan hüquqları, demokratiya və Azərbaycanın Avropa Şurasına qoşulanda qəbul etdiyi öhdəliklərdir. Azərbaycanla əlaqələri təkcə insan hüquqları və demokratiya ilə müəyyən etmək olmaz, amma eynilə onları təkcə enerji ilə müəyyən etmək də olmur”.
AI rəsmisi onu da əlavə edib ki, Azərbaycan AI-də güzəştə malik olmaq səlahiyyətini həddindən artıq yüksək qiymətləndirib. Çünki Avropa Rusiyadan asılılığını azaltmaq üçün Azərbaycanın təbii qazını istəsə də, Azərbaycanın özünə də Avropanın bazarı lazımdır. Onun sözlərinə görə, Azərbaycanın AI-də böyük təsiri yoxdur: “Onların nefti demək olar ki, bütövlükdə Qərbə gedir, uşaqlarını təhsil almağa Qərbə göndərirlər, özləri müalicə almağa və alış-veriş etmək üçün Qərbə gedirlər. Və onlar Moskvada və ya Pekində yox, məhz Qərbdə yaranan imiclərinə ehtiyatla yanaşırlar. Onlar Avropa Ittifaqından daha çox asılıdırlar, nəinki əksinə”.