Azərbaycanda ictimai rəyə tüpürən yoxdur. O səbəbdən də hər yerindən qalxan ağlına gələni tirajlamaqdan çəkinmir. Ərazisinin iyirmi faizi işğalda olan bir ölkədə dövlətə məxsus və dövlətin himayəsində olan “müstəqil” telekanallar səhərdən-axşama dərketməsində problemi olan, vətən, millət və dövlət təəssübündən məhrumlara səxavətlə efir vaxtı ayırır. Və ənlikli-kirşanlı kişilər, əxlaqı utanc gətirən qadınlar şit, əttökən hərəkətləri, məntiqsiz söhbətləri ilə ekran başındakıları təbdən çıxarır.
Azərbaycan telekanallarını meyxanaçılar, debil şou-biznes ordusu işğal edib. Və bu işğala yardım edənlər xalqa qarşı nə qədər sayğısızlıq etdiyinin fərqində deyillər. Olsaydılar, qaşını aldıran, əzalarını oynadan, pomadalı, rumyanalı kişilərin, qısatuman gözəlçələrin əlinə mikrofon verməzdilər. Savad, istedad, qabiliyyət boş şeydir, adamı, arxası, əndamı olan asanlıqla TV-lərə yol tapır. Gerçəkdən, acınacaqlı duruma tuş gəlmişik. Vətəndaş televizor alır ki, istirahət etsin, mənəvi qida alsın, pultun düyməsini basan kimi qanı it qanına dönür. Bu qədər də olmaz, bunlara bir “dur” demək gərəkdir. Təəssüf ki, rejimin ideoloji maşınının sükanını əlində saxlayanlar “dur” deməyə cəsarət etmir. Və elə bu səbəbdən də bu xalqın mentaliteti zehniyyətində patoloji proseslər təzahür edənlər tərəfindən aşağılanır. Etiraf etmək gərək, xalq çarəsizdir. Və onu əsla saya salan yoxdur. Xalq adam yerinə qoyulsaydı, Xalq artisti Səməd Səmədov özünün ağıldaşı Nadir Qafarzadə ilə it qudalığını ictimailəşdirə bilməzdi.
“Itimin sayəsində Nadirlə qohum olacağam. Onu da deyim ki, əvvəl Cenifer Lopez mənimlə qohum olmaq istəyirdi. O da Bakıya iti ilə gəlmişdi. Amma mən razılıq vermədim. Fikrim var ki, Nadirlə qohum olum. Biz onlara toy etmək qərarına da gəlmişik”. Dəyərli oxucu, bu cümlələr XALQ artisti tituluna layiq görülmüş Səməd Səmədova məxsusdur. Deyin, xalqın tarixində itinə toy edən birisi olubmu? XALQ övladına toy etmək, cehiz vermək üçün borca girir, bu zat itinə dəbdəbəli toy mərasimi düzənləyəcəyini bəyan edir. Səməd Səmədovu Xalq artisti tituluna layiq bilənlərə müraciət edirəm, zehniyyəti bu xalqın mentaliteti ilə daban-dabana zidd olan birisinin it qudalığına münasibətinizi açıqlayın. Əslində Səməd bu hərəkəti ilə xalqı təhqir etdi. Çünki onun başı bu xalqın ağrı-acısını duymaq iqtidarında deyil. Onun danışdıqlarını təhlil edən hər bir ekspert təsdiqləyər ki, bisavadlığı bir yana, adamın ağlında, dərketməsində problem var.
“Itimi Səməd Səmədovun evinə gəlin köçürəcəyəm. Biz quda olacağıq. Toyda isə dünya ulduzları oxuyacaq”. Bunu da digər it qudası Nadir Qafarzadə deyib. Yeri gəlmişkən deyim ki, nə Səmədin, nə də Nadirin oxuduğu bir mahnıya belə qulaq asmağı özümə rəva bilirəm. Nədən ki, həm Səməd, həm də Nadir Azərbaycan dilində dürüst danışa bilmir, özlərini “qədeş” kimi aparırlar. Nadirin bir telekanalda türk milləti haqqında dedikləri isə onun qeyri-ciddi adam olduğunu tam sübut etdi. Adamın türklərə istehza etməsinin haradan qaynaqlandığı və bununla nə demək istədiyini anlamaq çətin deyil. Savadı imkan vermir ki, türk millətinin böyüklüyünü dərk etsin…
Indi sənə müraciət etməyin zamanıdır, hörmətli XALQ! 5-10 min manata toyda oxutduğun, “toylar kralı” adlandırdığın, sənin pulunun sayəsində yağ içində böyrək kimi yaşayan Səməd Səmədovla Nadir Qafarzadə itlərinə toy edib quda olurlar.
Xalq, sən ehtiyac içində yaşadığın, min bir problemlə üzləşdiyin bir zamanda Səmədlə Nadir itlərinə toy məclisi qurur. Nədir bunu adı, XALQ? Bəlkə sənə gözaydınlığı düşür, XALQ? Heç olmasa bircə dəfə sözünü de, XALQ! Bu da siyasi məsələ deyil ki, qorxasan. Harınlar heç zaman bu it qudalğına, IT QUDALARINA münasibət bildirməyəcək, sən susma barı, XALQ!

İt qudalarına
•