Parlament daha iki mürtəce dəyişikliyə hazırlaşır
«Heç bir hakimiyyət bu cür avtoritar üsullarla öz ömrünü uzada bilməyib»
Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavələrdə öz əksini tapır. Məcəlləyə edilən əlavə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, CM-ə əlavə olunan 169.1 maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması qeyd olunub.
Maraqlısı odur ki, bu illər ərzində heç kim hansısa müxalifət partiyasının özünə zorla üzv qəbul etdirdiyinə şahid olmayıb. Bununla bağlı ortaya bircə fakt belə, qoymaq olmaz. Amma biz dəfələrlə vətəndaşların zorla YAP-a üzv edildiyinə şahid olmuşuq və bu barədə dəfələrlə mətbuatda da yazılar gedib.
Qanuna təklif olunan əlavəyə etiraz edənlərdən biri deputat Qüdrət Həsənquliyev olub. O deyib ki, sabah hansısa “üzdən iraq” şəxs partiya sədrinin üzünə dura bilər ki, onu zorla həmin partiyaya üzv qəbul etdirib. “Gələcəkdə bu problemlə hakim partiya da üzləşə bilər”.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Komitənin iclasında Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər də müzakirəyə çıxarılıb. Məcəllənin “Siyasi partiyalar haqqında” qanunvericiliyin pozulmasına görə cərimələr bölməsinə dəyişikliklər ediləcək.
Dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcəklər.
Bu əməlin təkrar törədilməsinə görə fiziki şəxslər 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat miqdarında cərimə ediləcəklər.
Orta əsrlərə məxsus despotik qaydalar…
AXCP sədrinin müavini Nurəddin Məmmədli bu cür təşəbbüslərin hakimiyyət üçün yeganə çıxış yolu olduğunu deyir: “Elə təkliflər irəli sürülür və qəbul edirlər ki, bunların nə hüquqi, nə məntiqi, nə mənəvi-psixoloji əsasları olur. Birincisi, siyasi partiyalar könüllülük əsasında formalaşır. Bu, ordu deyil ki, kimisə tutub cəbhəyə aparasan. Və ya cinayət törətmiş insan deyil ki, tutub aparıb cəzalandırasan. Bir təşkilat ki könüllülük əsasında formalaşıb, insanları necə zorla, məcburən ora aparmaq olar?
Ümumiyyətlə siyasi partiyanın istənilən adamı özündə saxlamaq üçün hansısa mexanizmləri ola bilərmi? Bu qədər absurd, bu qədər yalan, mənasız, məntiqsiz, qanunazidd fikir irəli sürmək olar? Təbii ki, bütün bunlar Azərbaycanda müxalifətçilik ruhunu öldürmək, partiyaların təşkilatlanmasının qarşısını almaq üçündür. Ən başlıcası isə siyasi partiya fəallarını cəzalandırmaq üçün nəzərdə tutulmuş orta əsrlərə məxsus despotik qaydalardır”.
N.Məmmədli Inzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin də absurd olduğunu deyir: “Siyasi partiyalar dövlət orqanlarının faəliyyətinə necə müdaxilə edə bilər? Azərbaycan hakimiyyəti müxalifət qarşısında çox zəif olduğuna görə hətta onunla bir yerdə oturub hansısa məsələni müzakirə etməyə belə, cəsarət etmir. Biz tamamilə başqa-başqa sferalarda fəaliyyət göstərən qruplara çevrilmişik. Müxalifət iqtidar arasında bu gün keçilməz uçurum var. Kim bu uçurumdan atlayıb hakimiyyətin hr hansı bir prosesinə mane ola bilər?”.
“İnsanları zorla üzv etmək YAP-ın işidir”
Müsavat başqanının müavini Tofiq Yaqublu Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavənin birbaşa YAP-a aid olduğunu deyir: “Alqışlayıram, mütərəqqi addımdır. Bunu birinci növbədə YAP-a tətbiq etsinlər. Çünki Azərbaycanda insanları partiyaya zorla üzv etmək YAP-ın işidir. YAP-dakıların 99 faizi ora məcburi qaydada üzv ediliblər və məcburən də bu partiyada saxlanılırlar. Əgər öyrədilmiş adamların əli ilə bundan müxalifətə qarşı istifadə edəcəklərsə, bu, başqa məsələ. Zaman-zaman belə şeylərə şahid olmuşuq ki, ekrana dəstə-dəstə adam çıxarıb onların Müsavat və ya AXCP-dən istefa verdiyini deyiblər. Halbuki həmin adamların bizim partiyalara heç aidiyyəti də olmur. Ikinci məsələyə gəlincə, ümumiyyətlə son vaxtlar təklif edilən əlavə və dəyişikliklər ancaq siyasi faəliyyəti daha da məhdudlaşdırmağa, cəmiyyəti basqı altında saxlamağa xidmət edir”.
“Bu siyasət hökumətin təşviş keçirməsi ilə bağlıdır”
ADP sədrinin müavini Həsrət Rüstəmov təklif edilən əlavə və dəyişiklikləri icazəsiz aksiyaya qatılanların cərimələnməsi təşəbbüsünün davamı kimi qiymətləndirir: “Təkliflər həddən artıq mürtəcedir. Və insanların partiyalarda sərbəst fəaliyyət göstərmək hüququnu məhdudlaşdırmağa hesablanıb. Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarını məhdudlaşdıran siyasət yürütməsi yenilik deyil. Buna illərdir şahid oluruq. Bu siyasətin bir qədər də sərtləşdirilməsi isə hökumətin təşviş keçirməsi ilə bağlıdır. Bu yolla hakimiyyətlərinin ömrünü uzadacaqlarını düşünürlərsə, yanılırlar. Çünki bu cür avtoritar üsullarla heç bir hökumət öz ömrünü uzada bilməyib. Bu mənada Azərbaycan hakimiyyəti də tarixdən ibrət götürməlidir”.