Lazımsız layihələrə milyardlar ayıran hökuməti öz vətəndaşları maraqlandırmır
Payız-qış mövsümü fəsillə əlaqədar problemlərini yenə də gündəmə gətirib. Bu sırada qazsızmadan, dəm qazından dünyasını dəyişənlərin statistikası artıb. Az qala hər gün qazdan boğulma səbəbindən bir neçə insan həyatını itirir. Illər bir-birini əvəz edir, bacalar təmizlənmir, itirən isə biz insanlar oluruq – həyatımızı, səhhətimizi, sabahkı günə təminatımızı.
Guya ölkə vətəndaşları üçün nəzərdə tutulan büdcə layihələrində isə istiqaməti bilinməyən ünvana, “və sair” xərclərə milyardlar ayrılır. Halbuki, ölkənin ən aktual problemi olan sözügedən məsələ də büdcə layihəsini hazırlayanların və müzakirəyə çıxaranların diqqətində olmalıdır.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, “Azəriqaz” ləğv edilərək Neft Şirkətinə veriləndə məsələnin müsbət yozumda həll ediləcəyinə gözlənən inam az keçmədən iflasa uğrayıb. Insanların maarifləndirilməsi, ən azı bacaların gözdən keçirilməsi, onların təmizlənməsi işi yenə də “yaddan çıxıb”: “Birləşmədən sonra başqa işlər həyata keçirilməyə başladı. Daha səriştəli kadrları işdən çıxararaq öz adamlarını vəzifələrə gətirdilər. Istehlakçılarla bağlanan müqavilələrdə təchizatçının məsuliyyəti və sair məsələlərin heç biri həll olunmadı. Getdikcə də vəziyyət pisləşməyə doğru gedir. Neft Şirkəti öz məsuliyyətindən əlavə, müvafiq layihələri də reallaşdırmır”. Qurum sədri bu yöndə işi təxirəsalınmaz hesab edərək zərbənin istənilən halda həmin nefti hasil edən insanlara dəydiyini vurğulayır.
Nigar


