Səttar Mehbalıyevin rəis oğlu ağbirçək qadını təhqir edib
“Azadlıq”a müraciəti əsasında problemini dərc etdiyimiz Bətul Fətullayeva ötən gün yenidən redaksiyamızda olub. Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 17, mənzil 33 sakini olan şikayətçi 34-cü polis bölməsindən narazılıq edib: “Qonşularımın nəvələri, uşaqları qapımın qabağına toplaşır, səs-küy salır, qoca yaşımda rahatlığımı əlimdən alır. Digər qonşumun 18 yaşında oğlu isə qapımın ”zamok”unu dörd dəfə sındırıb, indi açar da işləmir. Valideyni isə uşağına tərbiyə vermək əvəzinə, məni təhqir edir. Qonşular məni kaftar, sonsuz, bayquş adlandırır, çöldə asdığım paltarların üstünə tüpürürlər.
Gecə-gündüz rahatlığım yoxdur. Xəstə və 2-ci qrup əliləm, 78 yaşım var. Səhhətimlə bağlı evimdə sakit yaşamaq istəyirəm. Buna isə təminat yoxdur. Mən öz mənzilimdə sakit yaşamaq istəyirəm, buna vətəndaş kimi haqqım var. Amma bunu qonşularım, onların uşaqları başa düşmək istəmir. Uşaqlar qapımın qabağına toplaşır, gecələr ucadan səs-küy salır, qapımın üstünə xaç şəkli çəkirlər. Mən nə etməliyəm?
Üzləşdiyim vəziyyətlə bağlı Xətai rayon 34-cü polis bölməsinə müraciət etmişəm. Orda isə məni başa düşmək əvəzinə, “Azadlıq”a şikayət etdiyim üçün qəzetin ünvanına özlərinə yaraşan ifadələr işlədərək məni təhqir etdilər. Bölmə rəisi Isfəndiyar Mehbalıyev (Həmkarlar Ittifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğlu) mənə qarşı aqressiv davranaraq şikayətimi eşitmək istəmədi. Mənim kimi qoca qadını sürüyüb çölə atdılar. Polisə “oğlum” deyə müraciət edəndə, onlar mənə “bizə sənin kimi ana lazım deyil” deyərək məni təhqir etdilər. Mən üzümü Ramil Usubov və Ilham Əliyevə tuturam, xahiş edirəm, rahatlığıma təminat verin”.
Məsələylə bağlı DIN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O, baş verənlərin araşdırılaraq Xətai rayonu, 34-cü polis bölməsinə müvafiq tapşırıq veriləcəyini söylədi. Ehsan Zahidov həmçinin əlavə etdi ki, polisə müraciət edən istənilən vətəndaşın şikayətinə qanunla müəyyən olunmuş müddətdə baxılır və ona cavab verilir.
Sosial şöbə