İlin-günün bu vaxtında niyə birdən-birə Diogen yadıma düşdü və onun haqqında yazmağı aktual saydım? Bunu yazının sonunda biləcəksiniz. Hələliksə qısaca olaraq Diogen Sinoplu haqda…
Filosoflar arasında ən məşhurlardandır və bilmirəm nədənsə onun çəlləkdə yaşaması barədə iddia həddən artıq çox yayılıb, dillərdən də düşmür. Həm də hiss edirsən ki, əksəriyyət Diogenin bu hərəkətinə gülür, gicbəsərlik kimi baxır. Bəlkə də müasir dövrdə maddi rahatlıqlara o qədər can atılır ki, insanların güclü daxili arzuları ilə bu çəlləkdə yaşamaq məsələsi istər-istəməz toqquşur, diqqət və istehza yaradır…
Halbuki elmdə filosofun o cür həyat tərzi haqda birmənalı fikir yoxdur. Bəzi alimlər hesab edir ki, bu iddia Senekanın məşhur deyimindən sonra Diogenin adına uydurulmuş əfsanədir. Seneka isə söyləmişdi ki, bir insan ən ciddi fikirlərlə çəlləkdə də yaşaya bilər. O dövrə qədər yaşayan fikir adamlarından isə bu deyimə ən uyğun gələni Diogen idi…
Həm də Diogen deyirdi ki, bir insan bütün maddi faydalardan imtina edərək də rahat və xoşbəxt yaşaya bilər, özü isə bu məsələdə müasirlərinə canlı nümunə idi. Kimlərsə onu utanmaz avara adlandırırdı, o isə öz fikirləri ilə hər kəsi heyrətləndirirdi. Hər yerdə bir qalmaqal yaradır və camaat qarşısında çəkinmədən elədiyi qeyri-adi hərəkətlərlə yanaşı, çox ciddi mühakimələr yürüdürdü.
Bax, həmin Diogenin elə bir sözü var ki, bu onun çəlləkdə yaşamasından daha çox dillərdə dolaşmalı idi. Insanlar bu sözü daha çox yadda saxlamalı, daha çox təkrarlamalı, ona daha çox anlam verməli idi. Həmin sözü filosof Aleksandr Makedoniyalıya demişdi:
– Kənara çəkil, mənə düşən Günəş işığının qabağını kəsirsən!
Bəli, məhz Aleksandr Makedoniyalıya deyilmişdi bu sözlər! Bu sözlərin deyildiyi əhvalatın da tarixi reallıq olduğunu demək çətindir. Amma Siseron və Doigen Laertli bu haqda yazıbsa, onu ciddiyə almağa borcluyuq sadəcə. Əhvalat isə belə olub. Hakimiyyəti ələ aldıqdan bir müddət sonra çar Aleksandr Diogen haqda gəzən söhbətlərə böyük maraq göstərdi və ona rəğbət bəsləməyə başladı. Bir gün isə onu görmək üçün filosofun yanına getməyə qərar verdi. Yaşlı filosof Günəşin altında yerdə uzanmışdı və heç yerindən də qalxmadı. Amma Aleksandrla onların arasında söhbət baş tutdu. Çar sonda ona dedi:
– Diogen, istənilən bir arzunu söylə, onu yerinə yetirim.
Qoca filosof isə yerindən durmadan söylədi:
– Onda kənara çəkil, mənə düşən Günəş işığının qabağını kəsirsən.
Məsələ ondadır ki, bu günlərdə şanlı ölkəmizin 2013-cü il üçün büdcəsinin müzakirələrindən sonra məhz bu sözlər mənim yadıma düşdü. Mətbuatda, cəmiyyətdə, nəhayət, qondarma parlamentdə qısa da olsa qaynar müzakirələr getdi. Çox maraqlı və dəhşət yaradan rəqəmlər səsləndirildi. Milyardların taleyindən yana-yana danışıldı. Müxtəlif sahələrə ayrılan pullar müqayisə edildi. Maaşların azlığı ən müxtəlif müqayisələrlə dilə gətirildi.
Amma onu da bilirik ki, heç nə dəyişməyəcək. Hətta bizim təkliflər nəzərə alınsa, prinsipal olaraq hər şey əvvəlki kimi qalacaq. Məsələn, sirr kimi qalan 2 milyardlıq “və s.” xərclər büdcədə tam aydın yazılsa belə, sonda yenə də oğurlanıb talan ediləcək. Səhiyyəyə ayrılan xərc çox azdır, amma artsa da səhiyyəmiz həminki olacaq, camaat yenə də Irana-Turana qaçacaq. Müəllimin maaşı olduqca azdır, artırılsa, təəssüf ki, təhsil də yenə indiki olacaq, müəllimlər yenə də seçki saxtakarlığında iştirak edəcəklər. Elə büdcənin ümumi həcmi bu illərdə 20 milyarda çatıb, amma nə dəyişib ki?!
Çünki niyyət dəyişmir, həmin niyyət isə ölkəni dəyişəcək, işıqlandıracaq dəyərlərin qabağını əjdaha kimi kəsib durub. Adam bu yerdə yalnız bir söz demək istəyir ölkəni idarə edənlərə. Diogen kimi: “Kənara çəkilin, Günəşin qabağını kəsmisiniz!”.

Kənara çəkilin, Günəşin qabağını kəsmisiniz!
•