Deputatlar pensiyaların “Kapitalbank”dan paylanmasını niyə istəmir?
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü ilin büdcəsinin müzakirəsi zamanı çıxış edən deputatlar “Kapitalbank”ın ünvanına sərt ifadələr səsləndiriblər. Moderator.az-ın məlumatına görə, iclasda çıxış edən Regional Məsələr Komitəsinin sədri Arif Rəhimzadə DSMF sədri Səlim Müslümovdan pensiyaların bu bank tərəfindən verilməsinin dayandırılmasını tələb edib: “Illərdi ki, bu məsələ qaldırılır. Amma nəticə yoxdur. Neftçalada insanlar pensiya almaq üçün 40-50 kilometr məsafə qət edir. 4 il ərzində bu barədə dəfələrlə danışmışıq. Mən xahiş edirəm ki, yenidən tender keçirilsin və bu iş ”Kapitalbank”dan alınsın”.
Eyni fikirləri Zahid Oruc da ifadə edib. Deputatın sözlərinə görə, Bərdə rayonunda bu sahədə dözülməz durum var. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı da bankomatlarla bağlı problemin olduğunu dilə gətirib. Onun sözlərinə görə, xüsusilə, kənd rayonlarında insanlar pensiyalarını almaqda çətinlik çəkir.
Deputat Qənirə Paşayeva isə səyyar bankomatların istifadəyə verilməsini təklif edib. Onun sözlərinə görə, rayon mərkəzlərindən pensiya almaq üçün insanlar uzun məsafə qət edirlər: “Bəzən də baxırlar ki, pul yoxdur. Heç olmasa telefon vasitəsi ilə pensiyaçıya sms-lə lə pulun oturub-oturmamasına dair məlumat verilməlidr”.