İlham Əliyevin qudası ona qarşı çıxışların sifariş olduğunu düşünür
Ölkə başçısı Ilham Əliyevin qudası, iş adamı Araz Ağalarov deputatlar Siyavuş Novruzov və Qüdrət Həsənquliyevə qəzəblənib. Bu məlumatı “Azadlıq”a Araz Ağalarova yaxın şəxslərdən biri deyib. Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, iş adamının qəzəblənməsinə səbəb adıçəkilən deputatların onun haqqında işlətdiyi fikirləridir.
“Araz müəllim hesab edir ki, həmin deputatlar bu fikirləri işlətmək cəsarətində deyillər. Onun fikrincə, deputatları danışdıranlar var. Lakin Araz müəllim konkret ad çəkməyib”, – deyə iş adamına yaxın şəxs bildirib.
Xatırladaq ki, Qüdrət Həsənquliyev Araz Ağalarovun Azərbaycanda nüfuzunun olmadığını bildirmişdi. “Məsələn, Araz Ağalarovun Azərbaycanda nə nüfuzu var? Qohumluq əlaqəsi başqa şeydir, söhbət xalq arasındakı nüfuzdan gedir. Əliyevlər ailəsi ilə qohum olana qədər ölkədə nə qədər adam Araz Ağalarovu tanıyırdı?”, – deyə vurğulamışdı.
Siyavuş Novruzov da təxminən eyni fikirləri səsləndirmişdi. O, bildirmişdi ki, Araz Ağalarovu və Rusiya Azərbaycan Təşkilatları Ittifaqında təmsil olunan digər milyarderləri tanımır və tanımaq da istəmir.
Hikmət