Bakıda təzə əməliyyat başlayıb, marşrut xətləri bir-bir bağlanır, əvəzində həmin xətlər üzrə hərəkət etmək başqa marşrut avtobuslarına həvalə olunur. Dünən “Bakı Sərnişin Nəqliyyat” Departamentinin sözçüsü Etibar Əzməmmədovun açıqlamasını oxudum, təkcə son bir neçə gündə 11 marşrut xəttini bağladıqlarını böyük təntənə ilə elan edirdi.
Səbəb də guya sərnişin daşınmasını optimallaşdırmaqdır, hər halda Ziya Məmmədovun sözçüləri belə deyirlər. Amma gəl gör nə sirri-xudadır ki, bağlanan marşrut xətləri bir qayda olaraq Ziya müəllimin oğlu, təzəlikcə “Azadlıq”ın bank hesabına həbs qoyduraraq halal maaşımıza, qonorarımıza göz dikən Anar Məmmədovun “Transgeyt” şirkətinə məxsus marşrut avtobuslarının arasında pay-püş edilir.
Bir sözlə, dünənəcən ayı yeməsi ilə məşhur olan Anar Məmmədov indi basıb paytaxtın marşrut xətlərini yeyir.
Göründüyü kimi, nazir oğlunun əcaib menyüsü var, ayı yemək, “Azadlıq” qəzetinin bank hesabını yemək, marşrut xətlərini yemək və s.
Adam artıq onun haqqında yazmağa da qorxur, məsələn, mənim əlimdə hansı təminatım var ki, bu söhbəti çox uzatsam, o, qəfildən böyrümdə peyda olmayacaq və klaviaturanı da basıb yeməyəcək. Çox məzəlidir ki, elə bu axırıncı cümləni yazıb ona təkrar göz gəzdirəndə bir neçə hərfi buraxdığımı gördüm, əslində bəlkə heç burda mənim qəbahətim də yoxdur, həmin hərfləri də ara yerdə nazir oğlu gəlib yedi.
Bəli, Bakıda ayrı-ayrı marşrut xətlərini Anar Məmmədov hələ indi-indi basıb yeyir, amma yaşadığım Xırdalan şəhərində bu həzmi-rabe prosesi çoxdan başa çatıb. Qısa fasilələri nəzərə almasaq, 10 ildir ki, xırdalanda yaşayıram. Vaxt vardı bura qəsəbə idi, eninə və uzuna hələ bu qədər böyüməmişdi, amma Xırdalandan Bakı istiqamətində bir neçə marşrut xətti işləyirdi, üstəlik, həmin marşrut xətləri ilə şəhərin ən müxtəlif istiqamətlərinə – Bayıla, 28 may, “Nizami” və “Gənclik” metrolarına, hətta hava limanına getmək mümkün idi.
Xırdalan bir göz qırpımında böyüdü, qəsəbədən şəhərə çevrildi, bir də baxdıq ki, burada yaşayan əhali artıb, amma marşrut xətləri azalıb. Indi Xırdalandan şəhərə cəmi iki marşrut xətti var, onlardan biri – 135 saylı marşrut isə məhz Anar Məmmədovun şirkətinə məxsusdur. 135 saylı marşrut üzərindəki bütün başqa avtobus xətlərini isə ləğv ediblər, ona görə də səhər və axşam saatlarında Xırdalandan şəhərə və əks-istiqamətdə hərəkət edən avtobuslarda yaranan mənzərəni gözlərinizlə görməlisiniz.
Hansısa xəbərə görə şərəf və ləyaqətinin təhqir olunduğunu deyib qəzetlərin üstünə yüzminlik iddialarla gələn Anar Məmmədova da buradan heç olmasa, bircə dəfə də 20 Yanvar metrosu yaxınlığındakı dayanacağa gəlib Xırdalana getmək istəyən yüzlərlə insanın nə çilələr çəkdiyinə, nə məşəqqətlər yaşadığına şahidlik etməsini istəyirəm. Gəlsin öz gözləri ilə görsün ki, onun daha çox qazanmaq, daha çox varlanmaq ehtirası üzündən hər gün o qədər insanın şərəf və ləyaqəti necə təhqir olunur!
Gəlsin və öz gözləri ilə görsün, sonra da qərar versin: evinə tələsən yüzlərlə insanın yerində öz əzizlərindən birinin olmasını istəyərdimi? O basabasda öz doğmalarından birinin olmasına könlü razı olardımı?
Ayaq altında qalan uşaqların çığırtısını, fəryadını…
Qadınların, qocaların o basabasdakı imdad səslərini eşitsin və qərar versin: onların yerinə öz ailəsindən birinin olmasını özünə rəva görərdimi? Elə isə başqalarına necə rəva görür? Bir xəbərlə şərəf və ləyaqətinin təhqir olunduğunu düşünən bir nazir oğlu hər gün yüzlərlə insanın şərəf və ləyaqətini necə təhqir edir?
Nə pisliyi keçib axı bu xalqın sizə? Oğurlayırsınız – dözür. Talayırsınız – susur. Haqqını yeyirsiniz, azadlıqlarını əlindən alırsınız – dinmir. Başqa hansı xalq olsa, atalı-balalı belə at oynada, meydan sulaya bilərdiniz? Heç olmasa, onun ləyaqətinə hörmətlə yanaşın. Heç olmasa, ona bu qədər həqarəti, təhqiri rəva görməyin.
Belə başıaşağı, üzüyola, dinənə dilsiz, döyənə əlsiz xalqı bir də əli çıraqlı gəzsəniz, tapmazsınız. Büdcəsinə girin, cibini soyun, haqqını yeyin, amma qədrini də bilin.

Anar Məmmədovun qeyri-adi menyüsü haqqında təzə söhbət
•
•