“Yeni Azərbaycan” İbrahimbəyovu təhqir etdi

Tanınmış ziyalının Azərbaycan mediasına son müsahibəsi hakimiyyəti “dəli” edib

Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti Ziyalılar Forumunun təsisçilərindən biri, Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının (RATİ) üzvü, kinodramaturq Rüstəm İbrahimbəyova qarşı aşağılayıcı sözlərlə “bəzədilmiş” məqalə həsr edib. “Rüstəm İbrahimbəyov, sən kimsən ki…” başlıqlı məqalə İbrahimbəyovun bu günlərdə “Azadlıq” qəzeti və bir neçə başqa media orqanına verdiyi geniş müsahibəyə cavabdır.
Məqalədə İbrahimbəyovun ziyalı kimi yox, “küçə dilində” danışdığı iddia olunsa da, ona qarşı seçilən ifadələrin mətbuata yaraşmayan tərzdə kobud olmasına əhəmiyyət verilməyib. Əksinə, belə üslubun qəsdən seçildiyi, İbrahimbəyovu aşağılamaq cəhdi açıq-aşkar ortadadır. Bundan başqa, qəzet İbrahimbəyovu ermənilərlə əməkdaşlıqda da ittiham edib. Məqalədən bəzi hissələri təqdim edərək, mühakimə yürütməyi öz ixtiyarınıza buraxırıq:  

“Bu günədək cəmiyyət qarşısında dəfələrlə ifşa olunmuş Rüstəm İbrahimbəyov artıq isterikaya qapılaraq öz danışıq qabiliyyətini – nitq mədəniyyətini də itirib. O, özünü aid etdiyi ziyalı dünyagörüşü, davranışı yox, küçə tərbiyəsi və əxlaqı nümayiş etdirərək növbəti dəfə əsl simasını cəmiyyət qarşısında aşkar edib.
Daşnak Roman Balayanı, Rudik Avanesovu Bakıya dəvət edən, gecə-gündüz onlara ziyafətlər verən, Bakıdan köçüb getmiş ermənilərin yerinə bu şəhərə öz torpaqlarından qovulmuş soydaşlarımızın gəlməsindən təəssüf hissi keçirən, Söyün Sadıqovun ermənilərlə görüşünü təqdir edən İbrahimbəyovun bu gün xalqımızın ali mənafeyindən, Rusiyadakı həmvətənlərimizin taleyindən danışması, Rusiyadakı azərbaycanlıların “sahibsiz” qaldığını iddia etməsi nəinki ictimaiyyətdə haqlı narazılıq doğurur, eyni zamanda, bu şəxsin hansı əməllər sahibi olmasını və ikiüzlülüyünü ortaya çıxarır…
70 il “qınına çəkilərək”, ictimai proseslərdən kənarda qalaraq, sadəcə öz biznesini idarə edən R.İbrahimbəyovun adı 2008-ci ildən sonra ölkə ictimaiyyəti tərəfindən daha çox duyulmağa başlandı. O dövrə qədər əksəriyyətin gözündə hansısa filmin ssenarisini yazan, Moskvadakı bəzi dostlarının dəstəyilə Rusiyada müəyyən filmlərin çəkilişinə cəlb olunan Rüstəm İbrahimbəyovun 2008-ci ildə rus mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxmasından sonra “şöhrəti” artdı. İbrahimbəyovun qərəzli və qondarma fikirlərinə ictimai etirazın artması bu şəxsi özünümüdafiə instinkti ilə siyasi meydana atdı.
Belə bir situasiyanın fonunda İbrahimbəyov xaraktercə özünə uyğun olan insanlarla bir araya gəlməli və onlarla “əməkdaşlıq” etməli idi. Beləliklə, kino sahəsinin “meyiti” öz qüvvəsini reneqatların arxasına sığınmaqla sınamalı oldu. Yəqin ki, bir xalq üçün İbrahimbəyov kimi mövqe və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən bir insanın özünü onun ziyalısı kimi təqdim etməsindən böyük təhqir ola bilməz.
Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir.
Yeri gəlmişkən, R.Balayan Daşnaksütyun partiyasının fəallarındandır. Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni deyil. Bu siyahı kifayət qədər uzundur.
Azərbaycan və azərbaycanlıların “problem”lərindən bəhs edən İbrahimbəyov, yaxşı olar ki, öz əməllərinə nəzər salsın, Azərbaycan Kinematoqrafçılar İttifaqının mənimsədiyi 83 min dollardan, ittifaqa məxsus “Şərq-Qərb” restoranının yerini satıb pulunu ələ keçirməsindən, qurumun Şəkidə, Mingəçevirdə sanatoriyalarını, Bakıda H.Seyidbəyli küçəsində ittifaqın əməkdaşları üçün inşa olunmuş binanı satmasından, “Şərq-Qərb” festivalı üçün tikilmiş qonaq evini özününküləşdirməsindən, bu festival üçün ayrılan vəsaiti mənimsəməsindən və digər qeyri-qanuni əməllərindən danışsın. İbrahimbəyovun xalqımız qarşısındakı dağıdıcı, xain və dönük fəaliyyəti onun bəhs edilən qeyri-qanuni əməllərində öz əksini tapmışdır…
Özünü “ziyalı” adlandıran bu şəxs hansı mənəvi haqla Azərbaycandan və azərbaycanlılardan danışır? Digər tərəfdən, Rüstəm İbrahimbəyov, sən kimsən ki, müstəqil Azərbaycan dövlətinin prezidenti və Azərbaycan xalqının siyasi iradəsinin təmsilçisi olan bir rəhbəri saymayasan…? Budurmu sənin tərbiyən, “ziyalılığın”?”.