Ortada normal siyasi mübarizə üçün heç bir şərt yoxkən…
Sərbəst toplaşmaq azadlığı tamamilə ləğv edilmişkən…
Seçib-seçilmək azadlığı arxivə gömülmüşkən…
Ölkənin iki əsas müxalif partiyasından biri qərargahsızkən…
Digərinə də qurultayını keçirməyə belə, yer verilməzkən…
Məmləkətdə tənqidçi mətbuat adına bir-iki qəzet, bir xarici radiostansiya, elə o qədər də xəbər agentliyindən başqa heç nə yoxkən…
Həbsxanalar ictimai fəallar, hüquq müdafiəçiləri, qəzetçilərlə ağzınacan dolu ikən…
Məhkəmələr ədalətini itirmişkən…
Toplum xof imperatorluğuna təslim edilmişkən…
Dinmək, sorğulamaq, etiraz etmək insanların həyatı, azadlığı bahasına başa gələrkən…
Ictimai qayğılarla yaşamaq işsizliklə, aclıqla assosiasiya edilərkən…
Rejimin qəzəbinə gələnlər tək qurtuluş yolunu başını götürüb mühacirətə yollanmaqda görərkən…
Bunlar kimi düşünməyən hər kəs düşmən elan edilərkən, fiziki və mənəvi terrorun hədəfinə çevrilərkən, biz hələ də hansı müxalifətçilikdən danışırıq? Doğrudanmı, bu gün bizim gördüyümüz işin adı müxalifətçilikdir?
Pardon, biz müxalifətçiliklə məşğuluqsa, o zaman el-aləmin Norveçində, Isveçində, Almaniyasında, Fransasında adamlar nə işlə məşğuldurlar?
Qısası, gəlin biz bu dəhşətli, qorxunc, dözülməz şəraitdə apardığımız mübarizənin adını dəqiq qoyaq.
Partizanlıq qoyaq. Dissidentlik qoyaq. Iynəylə gor qazmaq qoyaq. Fədailik qoyaq. Ölümlə çilingağac oyunu qoyaq. Lap sinfi mübarizə qoyaq.
Nə qoyarıqsa qoyaq, bircə müxalifətçilikdən başqa.
Müxalifətçilik – normal, ağlıbaşında, seçilmiş, hüquqa, ədalətə dayalı, sayğılı hakimiyyətlərə qarşı olar.
Yoxsa zora, zopaya, qoçuluğa, yağmaçılığa, istilaya, işğala, lotuluğa qarşı nə müxalifətçilik-zad, qardaşım?!
Varmı belə vicdanlılıq?
Mir Şahinlə YAP-çıların atışmasını gülərək izləyirəm.
Və açığı, nə qədər qəribə də olsa, ikinciləri haqlı buluram.
ANS-in “debat-debat” oyununa alət olmadıqları üçün… Reytinqinin yerlərdə sürünməyə başladığını görən bir telekanalın müxalif səslər hesabına yenidən toplumun gözündə ucalmaq istəməsi ssenarisində rol almaq istəmədikləri üçün.
ANS bunu həmişə eləyir: ilin 360 gününü rejimin cangüdəni kimi çıxış edir, ölkədə sanki hardasa kanalizasiyanın daşmasından, hardasa iki ağacın kəsilməsindən başqa bir problem olmadığı görüntüsü yaradır, yerdə qalan beş günü də özünün “vicdanlılığını” sübut etmək üçün bir neçə müxalif səsi efirə çıxararaq (onları da montajla, edilən çıxışların qol-qıçını sındıraraq) toplumda qeyb olan etibarını və etimadını təkrar qazanmağa çalışır.
Və nə yazıq ki, bizim sevimli müxaliflər də bu işdə ANS-ə cani-dildən köməkçi olurlar.
Bunlar öz yerində.
Mənə ən komik görünən Mir Şahinin YAP-çılara son cavabı oldu. Adam ANS-in debatlarına gəlməkdən imtina edən yaptokratlara “Ilham Əliyevin fəallığından nümunə götürməyi” tövsiyə etmiş.
Nə qədər komikdir, deyilmi?
YAP-çıları debata gəlmədiyinə görə asıb-kəsir, amma indiyədək yerli jurnalistlərə bircə dəfə də müsahibə verməmiş Ilham Əliyevi onlara nümunə göstərir.
Bax, ANS-in “dəqiqlik, qərəzsizlik, vicdanlılıq” anlayışı bura qədərdir. Başqa nə deyə bilərəm ki?
Varmı belə mərifət?
Tez-tez bu tipdə bəyanlar oxuyuruq, kimlərinsə hakimiyyətdən bir incikliyi-filan yaranır, o saat başlayırlar “YAP-ın yaradıcılarından biri olmuşam, amma bu gün onun bəhrəsini başqaları görür”, “Mən Heydər Əliyev uğrunda canımı fəda edəndə, indi vəzifədə olanların çoxu harda idi?” kimi cümlələr qurmağa.
Həm də müxalif qəzetlərdə.
Mən bir söz demirəm, rejimdəkilərdən incikliyiniz var – çox gözəl.
Umacağınız var, amma üzünzə baxan yoxdur, bu da qürurunuza toxunur – yenə də çox gözəl.
Amma bunu dilə gətirməyin normal bir üslubunu, başqa tövrünü tapa bilməzsinizmi?
YAP-ı yaratmağınız, Heydər Əliyevi hakimiyyətə gətirmək üçün canınızı fəda etməyinizi böyük bir mərifətmiş, qəhrəmanlıqmış kimi nə camaatın gözünə soxursunuz?
Buna görə azca xəcalət təri axıtmağınız, arlanıb-utanmanız gərəkərkən hələ bir də bunu belə könül rahatlığı ilə necə söyləyə bilirsiniz?

Varmı belə müxalifətçilik?
•
•