«Bu hakimiyyət çabalayır, siyasətini dəyişməsə, burada çox dəhşətli inqilab olacaq»
Rüstəm İbrahimbəyov: “Ramiz Mehdiyevin Kremldə ən yaxın dostu Narışkindir”
– Belə fikir söylənilir ki, Sizin əsl məqsədiniz hakimiyyətdəki bir qruplaşmanı sıradan çıxarmaqdır?
– Mən həmişə demişəm ki, heç zaman kiməsə qarşı mübarizə aparmamışam. Həmişə çalışmışam ki, məqsəd, məram naminə mübarizə aparım. Azərbaycanda müxalifət reallıqları gündəmə gətirir. Amma müxalifət siyasətlə bağlıdır. Bizim məqsədimiz, gücümüz ona yönəlib ki, Azərbaycanda siyasətlə bağlı olmayan adamlar da sözünü deyə bilsin. Azərbaycanda müxalifəti çox incidirlər, təzyiqlər edirlər. Amma onlar müxalif mövqelərini ifadə edirlər. Lakin müxalifətdə olmayan şəxslər bir balaca ağzını açan kimi dərhal onları məhv edirlər. Bax, biz bu qorxunu müəyyən dərəcədə götürə bildik.
Biz sona qədər mübarizə aparmaq niyyətindəyik
– Bu arada parlament icazəsiz aksiyalarda iştiraka görə cərimələrin miqdarını qaldırdı. Eyni zamanda təşkilatçılara qarşı da tədbirlər görüləcək. Bu sizi qorxutmur?
– Xeyir. Biz sona qədər mübarizə aparmaq niyyətindəyik. Məqsədimiz budur. Məqsədimiz ölkəmizi demokratik yola yönəltməkdir. Digər tərəfdən bu mübarizəni daha fəal aparmağımın səbəbi mənə qarşı edilən hörmətsizlikdir. Ona görə mübarizəni daha fəal aparmağa qərar verdim. Məsələ orasındadır ki, hakimiyyət Azərbaycanda siyasətini dəyişməsə, burada çox dəhşətli inqilab olacaq. Sonra ölkədə hansı vəziyyət yaranacaq bunu heç kim bilmir.
Ona görə indi də deyirəm ki, bu iqtidar cəmiyyətimizi demokratik yola yönəltməsə, hər şey çox pis başa çatacaq və Suriya, Misir bizim yanımızda toya getməli olacaq.
“Rusiyanın əli olsaydı, Ilham Rəhimov da RATI-də olardı”
– Prezident seçkilərinə bir il qalır, güclü maliyyəsi olan adamlar təşkilat yaradır. Hakimiyyət də bundan qıcıqlanır. Siz də deyirsiniz ki, ittifaqda olanlar arasında burda baş verənlərdən narazı olanlar var, Ziyalılar Forumunun, vətəndaş cəmiyyətinin fəallaşmasından sevinirlər?
– Mən o ittifaqda narazıların olduğunu demədim. Onlar öz işlərini görürlər, bir milyardı olan bunu iki milyard etməyə çalışır və Azərbaycanda baş verənlərə fikir vermirlər. Bu, böyük dərddir.
– Bəs vətəndaş cəmiyyətinin qurulmasına sevindiklərini dediniz?
– Şəxsən mənə və yaratdığım təşkilata hörmətləri var. Çünki onlar əsasən vaxtlarını pul qazanmağa sərf edirlər. Hərdən bir nəyləsə maraqlanırlar. Mənimlə oturub-dururlar deyə, maraqlanırlar və deyirlər ki, vətəndaş cəmiyyətinin fəallaşması yaxşıdır. Amma bunu deyəndən yarım saat sonra hər şey yaddan çıxır. Bunu o adamlar deyirlər ki, oturub Azərbaycan barəsində fikirləşsinlər.
Məsələn, Gürcüstanda Ivanişvili tapıldı. Bizim varlılar təəssüf ki, ancaq öz işləri ilə maraqlanırlar
– Onların arasından Ivanişvili çıxa bilərmi?
– Heç olmasa, aralarından bir nəfər çıxıb Azərbaycanın problemləri ilə məşğul olsaydı, yaxşı olardı.
Hələlik belə adam görmürəm.
– Amma görmək istəyərdiniz?
– Yüz faiz.
– Niyə Ilham Rəhimov yoxdur təşkilatda? Onun da Moskvada böyük nüfuzu var?
– Mən Ilham Rəhimovu tanımıram.
– Amma demişdi ki, onu dəvət etsəydilər, qatılardı bu təşkilata?
– Görürsünüz, Rusiyanın bu təşkilatda əli olsaydı, Ilham Rəhimov da RATI-də olardı. O, Putinin yaxın adamıdır.
Təşkilatda olan insanların xeyir işlərində mən iştirak etmişəm, onlar da həmçinin mənə qarşı eyni münasibəti sərgiləyiblər. Onları mən uzun müddətdir tanıyıram. Mən onlarla dostam. Ağalarov mənim yaxın qohumumdur. Isgəndər Xəlilovu 20 ildir tanıyıram. Onun övladlarının toy mərasimlərində də iştirak etmişəm. Amma yenə deyirəm mənim yüzlərlə dostum var. Bakıda elə adamlar var ki, onlara heç salam verən yoxdur. Onlar müxtəlif peşələrin sahibləridir. Aralarında sürücülər də var. Onlar uşaqlıq dostlarımdır. Amma bu o demək deyil ki, bizim dünyagörüşümüz birdir.
“Ziyalıların cəmi bir faizi Azərbaycanı düşünür”
– Çox qəribədir deyirsiniz ki, Azərbaycanın dərdlərini düşünürsünüz, ancaq elə dostlarınız var ki, bu barədə danışandan yarım saat sonra dediklərini unudurlar. Bu adamlar eyni ittifaqda necə birləşir? O məntiqlə həmin ittifaqa üzv olanları Rusiyadakı azərbaycanlıların problemi də düşündürməməli idi?
– Əzizlərim, burada yaxın dostlarım var ki, Azərbaycanın taleyi onlar üçün də heç nədir. Gün ərzində onlarla belə şəxsi qəbul edirəm. Azərbaycanın problemlərindən danışanda, çözüm yollarını deyəndə bəzən mənə dəli kimi baxırlar. Onları Azərbaycanla bağlı heç nə maraqlandırmır. Demək olar ki, bizim ziyalıların cəmi bir faizi ictimai problemlərlə maraqlanır. Qalanları öz işləri ilə məşğuldur.
– Bu milyarderlərin gələcəkdə Rusiyanın siyasi həyatına girməsi, Dumaya seçilməsi nə dərəcədə mümkündür?
– Bu, ola bilməz. Çünki Söyün Sadıxovun təşkilatı siyasətlə məşğul ola bilməz, eyni zamanda deputat da təqdim edə bilməz. Buna Rusiya Konstitusiyası imkan vermir.
Ağalarovu gözləri götürmür
– Lobbiçiliklə bağlı fəaliyyət, konkret bir şəxsin dəstəklənməsi necə?
– Xeyir. Söyün Sadıxovun təşkilatına olmaz. Amma yeni yaranan təşkilat çox şey edə bilər. Azərbaycanlılar Rusiyada qeydiyyata götürüləndən sonra biz deyə bilərik ki, bir milyon üzvümüz var. Necə erməniləri, ukraynalıları sayırsınız, azərbaycanlılara da eyni mövqe sərgiləyin və deməyin ki, bunlar yalnız alverlə məşğuldur. Bunu təşkil etmək lazımdır. Bunu Konqres yarananda mən dedim. Amma hamı mənə qulaq assa da, bir nəticə hasil olmadı. Bu dəfə mən dedim ki, əsas məsələlər qaldırılmayacaqsa, birləşməyin mənası yoxdur. Ona görə bir-birimizə bu sözü verdik və bu təşkilatı yaratdıq. Diaspora yalnız o demək deyil ki, yığışasan bir yerə və filmə baxasan. Diaspora hökumətə bir ictimai qüvvə kimi gücünü göstərmək və üzvlərinin hüquqlarını qoruya bilmək deməkdir. Rusiyanın iş adamlarının hər ay reytinqi açıqlanır. Həmin reytinqdə Vahid Ələkbərov çox güclü nüfuza sahib şəxs kimi təqdim olunur. Və ya Ağalarov 4 milyarda Rusiyada böyük tikinti layihəsinin öhdəsindən gəldi. Ona əslində qəhrəman medalı vermək lazım idi. Amma gözləri götürmür deyə bu baş vermədi. Halbuki dövlət bu tikinti layihəsinə 8 milyard pul ayırmışdı. Büdcədə 4 milyard miqdarında maddi vəsait qalanda bəyan olundu ki, yenə 8 milyard da lazımdır. Amma işə qarışan Ağalarov qalan 4 milyarda bütün işləri tamamladı.
“Məmurlar mənim üçün heç nədir”
– Azərbaycan hakimiyyətinin təmsilçiləri bəyan edirdilər ki, biz RATI-nin necə təşkilat olduğunu bilmirik. Onlara təşkilatınızın məqsədləri əks olunan məramnaməni göndərmişdiniz?
– Bu məmurların fikri məni maraqlandırmır. Onlar mənim üçün heç nədir. Mən bunları çoxdan tanıyıram. Bilirəm hansı yollardan keçiblər. Vaxtı ilə həmin məmurlar kömək üçün mənim yanıma gəlirdilər. “Rüstəm Ibrahimbəyov cəmi iki ssenari yazıb” deyən insanlara qarşı mən necə mövqe sərgiləməliyəm? O zaman onlar da mənim üçün heç nədir. Mən çox tərbiyəli adamam. Mənə bu cür münasibət olmasaydı, heç zaman deməzdim ki, bu hökumət beş julikdən ibarətdir. Bunu ömrümdə demədim. Bunlar pulları ancaq oğurlayırlar. Öz puluma səkkiz ildir kino ittifaqı saxlayıram. Gözəl bir layihəyə imza atmaq istəyirdim. Böhtan atdılar ki, Şəhidlər Xiyabanının yanında guya restoran tikmək istəyirəm. Halbuki Şəhidlər Xiyabanından on metr uzaqlıqda bunlar özlərinə içərisi restoranla dolu olan üç qüllə inşa ediblər. Halbuki mənim kino ilə bağlı layihəm 5 kilometr kənarda idi. Bu cür yalan yazanda mən nə etməliyəm?. Və ya iddia edirlər guya “Çayka” avtomobilini toylara verib, pul qazanıram . Belə insanlara mənim necə hörmətim ola bilər. Mənim anam Fatma xanım çox mərd qadın idi. Atam ziyalı, fağır adam olub. Amma anam hazırcavab idi və bu cür haqsızlıqları görəndə çox sərt reaksiya verirdi. Mən anama oxşamışam bu mənada.
“Ermənilərə Gürcüstandan benzin satmaq yaxşıdır, yoxsa danışıq aparmaq”
– Rusiyada yaşayan azərbaycanlıların Aran Abramyanla görüşü barədə məlumat nə dərəcədə doğrudur?
– Bu məsələ barədə məlumatım yoxdur. Bu haqda heç eşitməmişəm də. Yalnız onu bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında görüşün olmasını istəyirlər. Bu pis niyyət deyil. Hər şey məqsəddən, niyyətdən asılıdır. Sevgini çirkin formada da göstərmək olar, ən təmiz ülvü formada da. Burada hər şey məqsəddən asılıdır. Indi ermənilərə Gürcüstandan benzin satmaq yaxşıdır, yoxsa Moskvada yaşayan ermənilərlə görüşmək və problemin həlli üçün nə edilə biləcəyini müzakirə etmək? Ermənilərin bizim düşmənimiz olduğunu demək və bəyan etmək ki, onları qırmaq lazımdır, bir qədər ziddiyyətli məqamdır. Çünki biz ermənilərə deyirik ki, onlar bizim vətəndaşımızıdır. Sabah biz onlara necə deyə biləcəyik ki, Azərbaycanda gəl yaşa və buradan çıxma. Qarabağ problemini həll etməyin bir yolu var. Azərbaycanda yaxşı həyat qurulmalı, demokratik normalar olmalı, qanunlar işləməlidir. Ermənilər zox ağıllı praqmatik bir millətdir. Onlar Azərbaycanın bu cür inkişaf etdiyini görsə, deyərlər ki, Ermənistan bizim nəyimizə lazımdır. Burada hər şey var, elə burada qalırıq. Amma biz bunlara deyirik ki, “yox, biz erməniləri qıracağıq, amma bununla belə onlar Azərbaycanda yaşamalıdır və ölkədə hansı situasiya mövcuddursa, onu qəbul etməlidir”. Onlar da deyir ki, qəbul etmirəm. Sənin xalqın quldur, qəbul edir. Amma biz qul deyilik.
Soruşun, Mehdiyev orada kimlə dostluq edir?
– Rüstəm müəllim, siz tez-tez Rusiyada olursunuz. Ona görə bu suala sizin cavabınız maraqlı olardı. Bu gün Rusiya-Azərbaycan münasibətləri necədir?
– Bunu mən sizə tam əminliklə, yüz faiz deyə bilərəm. Rusiya Ermənistan və Iranla bir yerdədir. Rusiyanın maraqları bu dövlətlərlə bağlıdır. Amma münasibətlər deyəndə başqa məqamlar da var. Bəlkə də, Rusiya rəhbərliyi Azərbaycanın xətrini çox istəyir və dostdurlar. Kremllə münasibətlər deyəndə, soruşun, Mehdiyev və başqaları orada kimlə dostluq edir?
– Kimlə dostluq edir?
– Narışkinlə. O, tez-tez Azərbaycana səfərlər edir. Onlar yaxın dostdurlar. Bizim iqtidarla Kremlin ən yüksək səviyyəsi yaxın dostdurlar. Kreml niyə əleyhinə olsun bunların. Bu iqtidar Kremlə çox sərfəlidir. Amma Rusiyanın strateji maraqları da var. Həmin maraqlar ondan ibarətdir ki, Azərbaycan Rusiyanın yaratdığı Gömrük Ittifaqına daxil olsun. Bundan sonra Rusiyanın hərbi bazaları ilə bağlı məsələlərdə də müəyyən maraqlar var. Bir sözlə Rusiya Azərbaycanın onun təsir dairəsində qalmasını istəyir.
– Siz necə düşünürsünüz, Azərbaycan Rusiyanın təsir dairəsində qalmalıdırmı?
– Xeyir. Azərbaycan öz yolu ilə getməlidir. Nə Amerikanın, nə də Rusiyanın təsiri altına düşməməlidir. Azərbaycanın öz yolu var. Əgər bacarıqlı siyasətçi olsa, yaranmış situasiyada Amerikanı və Rusiyanı razı salar.
Bunu bacarmaq lazımdır.
“İlham Əliyev çox şeylər deyir, amma..”
– Elə Ilham Əliyev də deyir ki, bizim yolumuz müstəqillik yoludur və biz heç kimə tabe olmayacağıq?
– Deməklə deyil axı. Çox şey deyirlər. Deyirlər ki, biz demokratik hökumətik. Inanaq buna? Bizdə korrupsiya yoxdur və sair. Ilham Əliyev çox şeylər deyir. Mənə elə gəlir ki, ola bilər, o, çox şeyləri bilmir. Məndən soruşurlar ki, sən nəyə görə filankəsləri tənqid edirsən, amma prezidenti tənqid etmirsən? Mən deyirəm ki, axı mən bu faktları bilirəm. Mən bilirəm ki, bu beş məmur nə iş görür. Xədicə Ismayılova konkret faktlar ortaya qoydu ki, prezidentin ailəsi bu işləri görür, filan biznesin 60 faizi onlardadır. Bu konkret fakt və çirkin işdir. Bunu demək olmur ki, bütün bunları təşkil edən məhz prezidentdir. Bəlkə bunları ondan gizlədirlər. Mən ona görə konkret faktları oxuyanda dəhşətə gəlirəm. Mən deyə bilmərəm ki, bu faktlar yalandır. Çünki ortada konkret sübutlar var.
– Bu pis tendensiyadır. Gərək Ilham Əliyev baş verənləri bilsin axı?
– Mən bunları bilirəmsə, qəzet oxuyuramsa, o da baş verənləri bilməli və cavab verməlidir. Bunlar düzdür, yoxsa yalan, bəlkə ümumiyyətlə böhtandır. Biz başa düşürük ki, bu boyda yalan ola bilməz.
“Gözləyirəm Abbas Abbasov mənə zəng vursun”
– Rüstəm bəy, nə vaxtsa ümid edirsinizmi ki, hökumət sizin kimi ziyalılardan Azərbaycanın inkişafı üçün istifadə etsin?
– Ziyalılar Forumu yaranandan sonra biz demişik ki, ay iqtidar biz sənin düşmənin deyilik. Biz məsləhət vermək istəyirik. Biz bir yerdə çalışmağa razıyıq. Onlar da bizi düşmən kimi qəbul edirlər. Ancaq bu üç-dörd nəfər səviyyəsiz məmur özləri yaradan təşkilatlara dəstək verirlər. Qalan birliklərə bu cür yanaşmırlar. Bunlar başa düşmürlər ki, vətəndaşlar fəal yaşamalı, öz təşkilatlarını yaratmalıdır. Deyirlər ki, yox, yalnız biz yaradan təşkilatlar olmalıdır.
– Rüstəm müəllim, Rusiyadakı təşkilat nə zaman yenidən bir araya gələcək və gələcək planlarını müzakirə edəcək?
– Bilmirəm
– O zaman doğurdan da fəaliyyətə başlayacaqsınızmı?
– Bilmirəm. Çünki təşkilat nə deməkdir? Bu təşkilat bir neçə adamdan ibarətdir. Mən sona qədər getməyə hazıram. Tək qalsam da bu yolumu davam etdirəcəm.
– Onlar da hazırdılarmı?
– Bilmirəm.
– Axı siz təşkilatı yaradanda şərt qoymuşdunuz?
– Şərt qoymuşduq. Onlar razılaşdılar sonra yaxın dostum Abbas Abbasov çıxış etdi. Mən bilirdim ki, o, iqtidara yaxın adamdır. O doğurdan da bütün ömrünü onlara qulluq edib. O bu təşkilatı yaradanda onu hakimiyyətə qarşı yaratmırdı. Əksinə, belə düşünürdü ki, iqtidara da xeyri olacaq. Bu təşkilatı bu cür qəbul edəndən sonra fəaliyyətini da yandırmağa məcbur oldu. Bilmirəm ona hansı təzyiqlər göstərildi, bir onu bilirəm ki, oğlu deputatdır. Görünür, ona çox möhkəm təzyiq olunub. Mən yalan danışan adam deyiləm. Bu barədə onunla danışmamışam. Belə bir məsələ ortaya çıxanda zəng vurub dedilər. Amma mən sonra Abbas Abbasova bununla bağlı zəng vurmadım. Heç istəmərəm də zəng vurum. Gözləyirəm ki, özü zəng vurub məni başa salsın ki, o fəaliyyəti dayandırmağa məcbur olub. Fəaliyyəti dayandırmağın mənası odur ki, o, istəyir prezidentlə görüşsün, anlatsın ki, bu təşkilat hakimiyyətə qarşı yaranmayıb.
“Ölkəni prezident yox, beş məmur idarə edir”
– Abbas Abbasov da Ilham Əliyevlə görüşə bilmir?
– Bəli, görüşə bilmir. Çünki qoymurlar. Bunu siz başa düşmürsünüz. Kim idarə edir hökməti? Prezident?
– Prezident girovdur o zaman?
– Bilmirəm nədir.
– O zaman kim idarə edir hökuməti?
– Həmin beş nəfər məmur.
– Bu arada Azərbaycanın gündəmini daha bir məsələ məşğul etmişdi. Bir video qalmaqalı da yarandı. Məlum oldu ki, Azərbaycanın deputatlarından biri rektordan deputat seçdirmək üçün 1 milyon manat pul istəyib.
– Xəbərim var. Bu, dəhşətdir. Bu parlamentin legitim olmadığı anlamına gəlir.
– O zaman parlament buraxılmalıdırmı?
– Legitim deyilsə, bu parlamentə nə hörmətlə, nə də ciddi yanaşmaq olmaz. Ona görə də bir neçə nəfər onlara gülməli adlar da verir. Mən bu şəxslərin taleyini bilirəm. Bu çox dəhşətli bir şeydir. Amma iş ondadır ki, ilk dəfədir bu çəkilib. Elşad Abdullayev bunu edib. Hamımız bilirdik ki, deputat olmaq üçün pul vermək lazımdır. Küçədəki uşaqdan da soruşsan deyəcək ki, deputatlığı pul verib, alırlar.
– Bəs nəyə görə bu böyük ajiotaja səbəb oldu?
– Çünki ortada fakt var.
– Sizə elə gəlmirmi ki, bu məsələ son zamanlar gündəmdən çıxarılır?
– Çıxarılacaq da. Çünki deputatların 80 faizi parlamentə bu yolla gəlib.
– Bəs ziyalılar forumunun bu məsələni gündəmə çıxarmaq fikri varmı?
– Biz bu barədə münasibətimizi mütləq bildirəcəyik. Amma məqsədimiz kiməsə qarşı mübarizə aparmaq deyil. Məqsədimiz nəsə yaratmaqdır. Biz bu yaxınlarda Azərbaycanın gələcəyi ilə bağlı hazırladığımız proqramları təqdim edəcəyik. Azərbaycanın gələcəyi şəxsiyyətlərlə bağlı deyil. Kimin vahid namizəd olacağının fərqi yoxdur. Əsas sistemi qurmaqdır. Azərbaycanda bu sistem yoxdur. Bir məqam da oğurluq və korrupsiya ilə bağlıdır. Oğurluğu heç yerdə tamamilə aradan qaldırmaq olmur. Amma insaf dinin yarısıdır. Bizdə ölkəni talayırlar.
“Bu hakimiyyət çabalayır”
– Siz Amerikada olarkən icazəsiz aksiyalarda iştirak edənlərə qarşı tətbiq ediləcək cərimələrin miqdarı bir neçə dəfə artırıldı və fantastik miqdar müəyyənləşdirildi. Bunu necə qiymətləndirirsiniz?
– Çox mənfi. Bu da hakimiyyətdəki şəxslərin əməlləridir. O şəxslərin ki, rəhbərlik etdiyim təşkilatı sıradan çıxarmağa çalışdılar. Bu hakimiyyət sanki çabalayır. Özünə güvənən hakimiyyət, özünü belə aparmazdı. Belə məqamda Heydər Əliyev bizi çağırardı və söhbət edərdi. Sizə bir əhvalat danışım. Moskvada vaxtı ilə prokurorluqda çalışan bir azərbaycanlı zəng vurdu. Bildirdi ki, biz tanış deyilik. Mən istəyirəm MDB məkanında fəaliyyət göstərən azərbaycanlı diasporaları birləşdirim. Mən dedim problem yoxdur və sizi dəstəkləyirəm. Bir neçə gün sonra eyni şəxs zəng vurdu ki, Araz Ağalarov, Fərman Salmanov bu təşkilata birləşmək istəyir. Daha sonra biz qurultay keçirərək belə bir təşkilat yaratdıq. Bir bəyanat da qəbul etdik və bildirdik ki, bütün diaspor təşkilatlarını sıx əməkdaşlığa, birliyə çağırırıq. Mən Bakıya gələn kimi Rasim Balayev mənə dedi ki, bəs kabinetə keçin, sizə Heydər Əliyev zəng vurub. Mən ittiifaqa gələndə kabinetdə oturmuram. Bir qonaq kimi gəlirəm həmişə. Heydər Əliyev mənimlə hal-əhval tutdu. Münasibətimiz yaxşı idi. Məndən soruşdu ki, Rusiyada bir təşkilat yaranıb. Onun məqsədi nədir? Nəyə lazımdır ümumiyyətlə bu təşkilat? Daha sonra məni başa saldı ki, nəyə görə bu təşkilat lazım deyil. Imkan tapan kimi dedim ki, bəs mən də təşkilatı yaradanların arasındayam. Heydər Əliyev dedi ki, bilirəm. Amma o mənə demədi ki, nəyə görə sən bu təşkilata üzv qəbul olunmusan, sadəcə təşkilat barədə məlumat alırdı. Halbuki deyə bilərdi ki, nəyə görə bu təşkilatın sırasındayam. Sonda soruşdu ki, mən onu düzgün anladımmı? Mən də öz növbəmdə bildirdim ki, onun xahişindən sonra çalışaram ki, daha orada iştirak etməyim, amma imzamı götürməyəcəm. Bir məqamı da Heydər Əliyevin diqqətinə çatdırdım ki, yaxşı siz mənə dediniz, mən də bu təşkilatdan geri çəkildim. Bəs axı o təşkilatdakı digər şəxslər öz fəaliyyətini davam etdirirlər. Dedi ki, yaxşı sən nə məsləhət görürsən? Məsləhət gördüm ki, bəlkə siz onlarla danışasız. Dedi, sən belə düşünürsən? Dedim, bəli. Mən bu söhbətdən sonra başladım fikirləşməyə ki, bu təşkilatın yaradılması təklifini verən insana indi necə deyim ki, bəs Heydər Əliyev mənə zəng vurdu və mən imzamı götürməsəm də, təşkilatda fəaliyyət göstərə bilməyəcəyəm. Bu şəxsə zəng vurub görüşdük və mən ağzımı açıb söz demək istəyəndə o, bildirdi ki, biz səhvə yol vermişik, artıq heç bir təşkilat yoxdur. Belə bir təşkilatın yaradılmasına ümumiyyətlə ehtiyac yox idi. Görürsünüz, qısa müddət ərzində Heydər Əliyev bu məsələni həll etdi. Heydər Əliyevin xəncərinin qaşı düşmədi ki, mənə və başqalarına zəng etdi, məsələnin necə olduğunu başa saldı. Indi isə Ilham Əliyev yeni yaranan təşkilatla bağlı məsələni adamlarına tapşırır. Bəlkə də tapşırmır, onlar öz təşəbbüsü ilə çıxış edirlər. Dövlət idarəetməsinin necə getdiyini heç kim bilmir.
Sücəddin Şərifov,
Xəyal Şahinoğlu