“Sən xalq arasına getmək istəyirsən və yalın əllə hansısa bir azadlıq vəd edərək gedirsən, onlar özlərinin sadəlövhlüyü və anadangəlmə nadanlığı üzündən onun mənasını belə başa düşə bilməyəcəklər, onlar azadlıqdan qorxur və vahiməyə düşürlər!..” – Dostoyevski. “Böyük inkivizitor”.
***
Hakimiyyətin zaman-zaman səsləndirdiyi Göbbelsvari yalan və iftiraları bir yana atsaq, əminliklə demək olar ki, Azərbaycan müxalifətinin nə ölkə daxilində, nə xaricdə hansısa maliyyə qaynağı var. Rəsul Quliyevi nəzərə almıram. Mən biləni, onun imkanları ümumi işin aşında bir çimdik duz belə deyil…
Dünya dəyişikliklər tarixinin anatomiyasını bilənlər yaxşı bilir ki, maddi imkanlar olmadan bir əli belə götürüb o birisinin üstünə qoymaq mümkün deyil. Təbii ki, əlahiddə istisnaları nəzərə almasaq. O istisnalar ki, süni mayalanmadan başqa bir şey deyil. Bizə isə süni heç nə gərəkməz. Halbuki şeytani bir düzəndən qurtulmaq üçün bəzən şeytanın özüylə anlaşmya getmək belə keçir bezmiş adamın içindən…
Demək ki, Azərbaycan müxalifətinin işi fənadır… Adi bir rayon səfərinə, yerli fəallarla görüşə getməyə bir partiyanın imkanı bəs eləmirsə, ümidlər sıfıra enir. Lakin yollar tükənmiş deyil…
…Toplum – ki, ona bəzən kütlə də deyirlər, əlini-qolunu yanına salıb, ancaq və ancaq donquldanmaq, hakimiyyətin qarasınca deyinmək və söyməklə məşğuldu. Müxalifəti də söyür. Ki, nədən bu hakimiyyəti taxtdan salmır. Ama nə müxalifətə dəstək verir, nə də özü baş qaldırır.
Bu toplum kimsəyə dəstək verməyi sevmir. Heydər Əliyev Surətin yoluyla sürətlə hakimiyyətə gələndə o, nə Elçibəy hakimiyyətinin müdafiəsinə qalxırdı, nə Əliyevə dəstək verirdi. Sadəcə, oturub gözləyirdi. O alışqanlığı hələ də qalır. Sanki mənə nə? Kim istəyir gəlsin. Çünki hakimiyyət ona gün ağlamır, müxalifət isə sabahkı günlə bağlı ağzından heç nə qaçırmır…
Qınamayın, belə də düşünəcək xalq. O, yeni birilərinin hakimiyyətə gələcəyi halda alacağını sözdə də olsa dəqiq bilmək, heç olmayan yerdə umudla dolmaq, yaşamaq istəyir. Müxalifət isə israrla susur və xalqa nə verəcəyini dilinin altında saxlayır.
Xalq və ya toplum açıq sövdələşməni sevir. Tarixin çox da uzaq olmayan bir çağına ekskurs edək. Azərbaycan Xalq Hərəkatını yada salaq. O zaman sovet insanı çox yaxşı yaşamasa da, güzəranı pis deyildi. Ona əlində olandan yaxşısını vəd verməsən, bir neçə dağıdılan mitinqdən sonra pərən-pərən düşüb qınına çəkiləcəkdi. Indiki kimi. Lakin qanlı 20 Yanvar belə onun müstəqillik əzmini qıra bilmədi. Çünki meydanda elan olunmuşdu: “Yeraltı-yerüstü sərvətlərimiz özümüzə qalsa, yerin üstünü qızılla örtmək olar!!!”.
Bu idi insanları qılınca çapdıran. Artıq onlar təsəvvürlərində bir Sabah rəsmi cızmışdılar və bu rəsm hər şey demək idi. Özlərinin, övladlarının qarantili sabahı. Bir də bunun yanı-sıra “suverenlik, müstəqillik, o taylı-bu taylı Azərbaycan” şüarları! Adam qılınca çapmazmıydı?!. Insanların içi vəcd və romantika doluydu.
Bu gün fədakarlar yorulmadan, usanmadan küçələrə çıxır, döyülür, həbs edilir, işgəncə görür, təqib edilir… Onlar ən ali şüarlarla çıxırlar meydanlara: “Azadlıq, demokratiya…” və bunun üçün “Istefa”.
Istefadan sonra nə? Müxalifət bunu demir. Halbuki ürəyi məhz o sonranın arzuları ilə aşıb-daşır. Bəs nədən bu arzuları, fikirləri bir də xalqa söyləməmək? “Müəllimlərin, həkimlərin, hərbçilərin, polislərin … maaşı əlli faiz artırılsın!”. Və s. və ilaxır. Gəlin, bir də Elçibəyə alternativ olaraq prezident seçkisinə qatılan populist, sıradan biri Nizami Süleymanovu və onun topladığı səsləri yada salaq. Boşunamıydı?..
Və nəhayət, yenə Dostoyevskidən: “Onları çörəyə çevir, onda insanlar sürü kimi sənin arxanca qaçacaq, sənə minnətdar və itaətkar olacaq, daim həyəcan keçirəcəklər ki, sən əllərini onların üstündən götürsən, o saat onların çörəkləri də kəsiləcək…”.

Onları çörəyə çevir…
•
•