Dünyada meksikalılar qədər soyqırıma məruz qalmış, az qala yarısı işğal edilmiş ikinci bir xalq, ölkə tapmaq çox çətindir. XIX əsrin ortalarına qədər Meksika az qala bütün dünyanın birlikdə yaşaya biləcəyi(!) soyqırımları yaşayıb. Bu dövrdə Meksikanın ərazisinin üçdə ikisi işğal edildi, hazırda ABŞ-a məxsus Texas, Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta, Kolorado ştatları 1847-ci ilin qanlı döyüşlərinə qədər bu dövlətə məxsus idi…
Bu müharibələrdə saysız-hesabsız “Xocalı”lar yaşayan meksikalılar, soyqırım və işğal faktlarına çox həssaslıqla yanaşırlar. Meksikanın indiyədək qondarma erməni soyqırımını tanımaması təsadüfi deyil və zənnimcə, çox şeylərdən xəbər verir. Meksika dünyaya bir nümunə göstərdi. Mesika heç vaxt soyqırım törətməyib və bu istiqamətdə aparılan spekulyasiyalarda ədalətli mövqe sərgiləyib. Təsəvvür edə bilirsinizmi, Latın Amerikasındakı hər şeyə qadir erməni lobbisi Meksikada dişsizdir, çünki bu ölkədə soyqırım nə olduğunu çox yaxşı bilirlər.
Məhz bu səbəbdən onlar, Mexikodakı Tlaksoak xiyabanınn Tlaksoak-Xocalı adlandırılmasına icazə verdilər və orada Xocalıda süngüyə keçirilmiş Ana və onun körpəsinə abidə qoydular. Bu abidə Meksika durduqca yaşayacaq və hər bir azərbaycanlını duyğulandıracaq. Bir məqamı da qeyd etməyə məcburam – bu ölkənin gələnəkləri və tarixi adət-ənənəsi ilə yenidən tanış olarkən Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidə üçün yer seçimindəki qaranlıq da diqqətimdən yayınmadı…
Bu abidə əslində başqa bir ünvanda Mexikonun və bütün Meksikanın Şəhidlər Xiyabanı hesab edilən Çapultepekdə ucaldılmalıydı. Bu Parkda bəşəriyyətə qarşı törədilən cinayətləri əks etdirən, eləcə də dünyanın müstəmləkə və insani cinayətlərə mübarizlə aparan tarixi şəxsiyyətlərin heykəlləri ucalır. Xatında, Salasplisdə törədilən faciələrə həsr edilmiş abidələr, Nelson Mandela, Mahatma Qandinin də heykəlləri burada yerləşir. Ən əsası isə….
Buranı Meksikanın ən müqəddəs ziyarətgahı, qibləgahı hesab etmək olar. Burda milliyyətindən asılı olmayaraq, hər kəsi heyrətləndirə biləcək bir memorial var. Bu həm də Meksikanın simvollarından biridir. 1847-ci ildə Çapultepek qalası uğrunda gedən şiddətli döyüşlərdə 6 yeniyetmə kadet düşmənə əsir düşməmək üşün özlərini hüdür qala divarlarından yerə ataraq şəhid olublar. Onların şərəfinə ucaldılan əzəmətli “altı şütün – altı şəhid” abidəsi bu parkda yerləşir. Yüz ildən sonra, 1947-ci ildə, ABŞ prezidenti Harri Trumenin bu abidə önündə baş əyərək, ora əklil qoyması bu iki ölkə arasındakı münasibətlərin düzəlməsinə təkan verdi. Bu müqəddəs abidəyə, onun ucaldığı parka meksikalıların necə önəm veriyinə əyani sübutdur…
Hazırda həmin parkda Azərbaycanın mərhum prezidenti, ölkəni 10 il diktatura qanunları ilə idarə edib, sonradan hakimiyyəti oğluna ötürən Heydər Əliyevin də abidəsi ucalır. Özü də, müqaviləyə görə, bu abidə 99 il yerindən tərpədilə bilməz…
Bəri başdan vurğulamaq yerinə düşərdi ki, H.Əliyevin heykəli başqa bir parkda qoyulsaydı, ajiotaj bu qədər olmazdı. Əksəriyyəti “tarixçi-professor” olan və hər şeydə “erməni barmağı” tapmaqdan uzağa getməyən YAP məmurları və dövlət rəsmiləri ən azı bu Parkın Meksika üçün hansı önəm daşıdığını öyrənməli idilər.
Mən təsəvvür edirəm, sadəlövh meksikalı rəsmilərə Heydər Əliyev necə təqdim edilib – demokratik Azərbaycan dövlətinin banisi, xilaskar, heçdən dövləti yaradan və s.
Hətta mən deyərdim ki, kövrəlmiş meksikalı rəsmilərinə heykəlin “əbədi toxunulmazlığına” dair kağızı da imzalatdırmaq olardı, görünür, yerli qanunlar buna imkan verməyib…
Heydər Əliyevin əsl kimliyi meksikalılara aydın olduqdan sonra, yerli sakinlər heykəlin Müqəddəs Çapultepek parkından götürülməsi üçün hərəkata başlayıblar. Çox güman ki, istəklərinə nail olacaqlar, müqaviləni birtərəfli şəkildə ləğv edəcəklər, qanunları buna imkan verməsə də, edəcəklər. Çünki o park meksikalıların müqəddəs ziyarətgahıdır.
Azərbaycanlı rəsmilərinin “fırıldağı”, həm də Meksikada prezident kreslosu uğrunda mübarizədə “mən də varam” deyən paytaxt meri Marselo Ebrardın da karyerasına son qoya bilər. Onun “biz əvvəlcədən hesablamalıydıq ki, bu, ciddi problemlər yarada bilər” deməsi buna əyani sübutdur.
…Təsəvvür edə bilirsinizmi, bu parkın əhəmiyyətini öyrənməyə borclu olan səfir neyləyib? “Fürsət”dən maksimium istifadə edərək, meksikalılar üçün müqəddəs sayılan bu parkın yanında… ticarət obyekti (!) tikib!.
Ataların gözəl məsəli var – üz verəndə, astarını istəməzlər…

Meksika Xocalını tanısa da, rejim onun Müqəddəs Parkını tanımadı…
•