«Əliyev öz davranışıyla avtoritar hakimiyyətin xarakterini nümayiş etdirdi»
Bugünlərdə Bakıda keçirilən internet idarəçiliyilə bağlı Forum Azərbaycandakı avtoritar hakimiyyəti növbəti dəfə beynəlxalq aləmin ittiham obyektinə çevirdi. Təsadüfi deyil ki, xarici mediada bu Forum kontekstində qələmə alınan məqalələr, efirə gedən videomateriallar bir-birini əvəz etməkdədir. Bu qəbildən olan növbəti material “Əl-Cəzirə”də işıq üzü görüb. Bakıdakı tədbirin iştirakçılarından olan Sara Kendziorun hazırladığı materialı müəyyən ixtisarla təqdim edirik:
***
Azərbaycanda internet azadlığıyla bağlı forumun keçirilməsi bir sıra problemləri üzə çıxardı. Təsəvvür edin ki, avtoritar ölkədə insan hüquqları, internetin məhdudlaşdırıldığı yerdə isə internet azadlığı haqda müzakirələr gedirdi.
Bu, BMT-nin təşkil etdiyi ənənəvi illik tədbir idi və burada internet siyasətilə bağlı məsələlər müzakirə olunurdu. Tədbir Bakıda şəhərin kənarında yerləşən, anbar tipli “Expo Mərkəz”də keçirilirdi. Mərkəzin binasının bu cür tədbirlər üçün nəzərdə tutulmadığı dərhal bilinirdi. Məsələn, danışanların səsi eşidilmirdi və ya pis eşidilirdi.
Çoxsaylı ekspertlər bu cür tədbirin hökuməti tənqid etdiyinə görə bloggerlərin həbsə atıldığı bir ölkədə keçirilməsinə etiraz edirdi. Azərbaycanda hökumət təmsilçiləri fəxrlə bildirir ki, bu ölkədə internet azaddır. Bu doğrudur, lakin insanların azad olmadığı ölkədə internetə sərbəst çıxış o qədər də əhəmiyyətli deyil.
Azərbaycanda hökumət internet istifadəçilərini izləyir, qorxudur, həbs edir və ümumiyyətlə, onlarla çox pis davranır. Forumda iştirak edən müxtəlif ölkələrdən yüzlərlə ekspert də bu ölkədə medianın nəzarət altında olduğunun şahidi oldu.
Biz özümüz də Bakıda olarkən şəxsi həyatımızı mümkün müdaxilələrdən qorumaq üçün davranışlarımıza daha çox diqqət yetirmək məcburiyyətində qalmışdıq.
Avtoritar ölkələrdə insanların danışıqlarının dövlət orqanları tərəfindən dinlənilməsi və vətəndaşların da bunu bilməsinin özü söz azadlığını məhdudlaşdıran əsas amillərdəndir. Özünüsenzura bu cür ölkələrin vətəndaşları üçün dövlət senzurası kimi, ən böyük problemlərdən biridir.
Tədbirdə Azərbaycan hökumətinin ünvanına səslənən ittihamların qarşısını almaq üçün texniki problemlər yaradılırdı, Forum keçirilən məkanda tez-tez internet yox olurdu. Tədbirin təşkilatçıları qida ilə bağlı təchizata da etinasız yanaşmışdılar.
Forum iştirakçılarından bəzilərinin kompüterlərinə müdaxilələr baş vermişdi. Lakin bunların kimlər tərəfindən törədildiyi aydın olmadı.
Bir sıra azərbaycanlı fəallar bildirdilər ki, onların tədbirdə iştirakının qarşısını müxtəlif üsullarla, o cümlədən hədə-qorxu ilə almağa çalışıblar. Azərbaycanda yetərincə tanınan fəallardan biri deyir ki, bu ölkədə kompüterdə, internetdə parolu dəyişməyin heç bir mənası yoxdur. Çünki təhlükəsizlik orqanları onsuz da ən müxtəlif üsullarla internetdə fəalların fəaliyyətini izləyir. Biz açıq havada kafedə söhbətləşərkən ondan soruşdum ki, “sən yenidən həbsə düşə bilərsənmi?”
Onun cavabı belə oldu: “80 faiz ehtimal var ki, bəli”.
Həmin vaxt mən qəfil ətrafa nəzər saldım və orada şübhəli adamlar gördüm.
Azərbaycanda siyasi fəaliyyət ciddi itkilərlə nəticələnir. Şəxsi həyata müdaxilə də bu itkilərdən biridir.
Noyabrın 6-da Forumun açılışında Ilham Əliyevin də iştirakı və çıxış edəcəyi ehtimal olunurdu. Əliyev “Expo Mərkəz”ə gəldi, amma Forumda iştirak etməyə yox. O, yanaşı məkanda keçirilən telekommunikasiya sərgisində iştirak edirdi.
Əliyev beynəlxalq əhəmiyyətli tədbirdən yayınaraq, yerli əhəmiyyətli tədbirə üstünlük verdi. Bununla da avtoritar hakimiyyətin xarakterini, bu cür rejimlərdə internetə münasibəti bir daha nümayiş etdirmiş oldu.
Azərbaycan göstərdi ki, fərdi azadlıqlar olmayan yerdə internet azadlığı necə olur. Tədbirdə müzakirə olunan şəxsi həyatın təhlükəsizliyi, mülkiyyət toxunulmazlığı kimi məsələlərlə bağlı suallar faktiki Azərbaycan hökumətinin təmsilçilərinə də verildi. Lakin onların bu tipli məsələlərə avtoritar münasibəti çoxdan bəllidir…
Informasiya şöbəsi