Qərbdən “Azərbaycanda inqilab” xəbərdarlığı

İlham Əliyevi «uzun diktator əli» ilə «qısa demokrat dili» arasındakı disbalans bitirir

Azərbaycanda keçirilən internet forumu barədə ən müxtəlif fikirlər səsləndi. Fikir və söz azadlığını təmsil edən tədbirin paralelində Ilham Əliyev “Azadlıq!” deyənlərə qarşı cəriməni fantastik həddə qaldırdı. Bu, tədbirin nəticələrindən biri idi…
Forumun başqa bir nəticəsi isə odur ki, Avropa Kommissiyasının vitse-prezidenti öz bloq yazısında bu tədbirin inqilabi siqnal olduğunu dedi. O yazırdı ki, bu forumun əhəmiyyəti böyükdür. Tunisdə və Misirdə forumdan sonra baş verənlər də buna sübutdur. Dünya da bu fikirləri tam ciddi qəbul edir. ABŞ-ın ünlü “The Washington Post” qəzeti Neeliye Kroesin fikirlərini öz səhifələrində dərc etdi. Və onun fikirlərini bölüşdüyünü bəyanladı.
Bakıda isə bu olaya fərqli münasibətlər var. Biz isə dəyişikliyin formasını düşünənləri deyil, məzmunu üçün çalışanları ciddiyə alırıq.
Digər tərəfdən, biz düşünürük ki, Azərbaycan hakimiyyəti bu cür “vurdumduymaz” yanaşmaqla özünə ciddi zərbə vurmuş olacaq. Avropa Komissiyası kimi mühüm bir qurumun  vəzifəlisinin çağırışlarını qeyri-ciddi qiymətləndirməyin iki şərhi var. Bunlardan biri budur ki, rəsmi Bakı hazırda siyasi analiz qabiliyyətini itirib. El dilində desək, bədəni keyiyib və ağrıları hiss eləmir. Buna görə də gözünü yumub sonuna doğru cəsur və anlaqsız addımlarla gedir. Digər variant isə budur ki, rəsmi Bakı nə baş verdiyinin fərqindədir, amma nə etməli olduğunu bilmədiyindən belə ənənəvi qərarlar qəbul edir. Halbuki, bu cür mühüm fürsətlər vəziyyəti dəyişməyə, yeni siyasi şəraitə keçid etməyə ciddi əsas ola bilir. Məsələn, bu forumda Neeliye Kroesin müşavirinin kompüterini yoxlamaq lazım deyildi, həbsdə olan jurnalistləri və vicdan məhbuslarını azadlığa buraxmaq lazım idi. Bu həm də bağışlanmaq üçün toplumun vicdanına bəhanə vermək ola bilərdi. Amma görünən odur ki, hakimiyyət nəinki islahat üçün dünyaya və özünə əsas, hətta bağışlanmaq üçün xalqa bəhanə də vermir. Bu isə daha kəskin münasibətlər sisteminə doğru getdiyimizdən xəbər verir. Söhbət, qırılma nöqtəsi inqilabi dəyişikliklərin olduğu bir münasibətlər sistemindən gedir…