Bu günki qəzetçiliyin “tərəfsiz” olması barədə bəzilərinin “müdrik”, “çoxbilmiş”, “dahi” pozasına girib söylədikləri məndə acı təbəssümdən başqa heç nə yaratmır. Onlar özlərini nə sanır, ya da bizi nə hesab edirlər? Iz hansı ölkədə yaşayırıq? Və belə bir ölkədə söhət hansı “tərəfsizlikdən” gedir?
Ölkə bir ovuc cibgir adamın əsirliyindədir. Onlar Azərbaycanı ən pis formada idarə edirlər. Oğurluqdan və korrupsiyadan yanadırlar. Ədalətsizlikdən, basqıdan yanadırlar. Çağdışıdırlar. Özlərini milli iradənin üstündə görürlər, başqalarına heç bir hüquq və azadlıq tanımaq niyyətində deyillər. Hamıdan könüllü köləlik tələb olunur, razılaşmayanlar zorən itaətə məcbur edilir.
Indi isə bəzi qafası qarnına yenik düşən dəyyuslar istəyirlər ki, biz belə bir iyrənc sistemlə onun qurbanları, onunla savaşanlar arasında tərəfsiz olaq, hər iki tərəfə eyni məsafədə dayanaq. Yalanla həqiqət, düzlə əyri, hüquqla hüquqsuzluq, azadlıqla köləlik, əzənlə əzilən, zalımla məzlum arasında tərəfsiz olmaq?! Axı bu necə mümkün ola bilər? Siz belə bir şeyi necə təsəvvür edə bilərsiniz?
Bu ki, qələmin həqiqətin qələbəsinə kömək etmək kimi əzəli və əbədi vəzifəsinə arxadan zərbədir. Bu ki, insanlığa ziddir.
Təəssüf ki, bizdə bir çoxları hələ də ya anlamır, ya da anlamaq istəmir ki, Azərbaycan kimi ölkələrdə qəzetçilik yalnız informasiya missiyası daşımır. O, daha çox və bəlkə də tamamilə ictimai missiya daşıyıcısıdır. Onun borcu inqilabi dəyişikliklərə yardımçı olmaq, xalqı buna hazırlamaqdır.
Siz baxmayın, könüllü, ya da zorən, fərq etməz, hər hansı formada hakim gücə itaəti üzərinə götürmüş bir dəstə adamın gecə-gündüz bizi qaragüruhçuluqda, “ağa ağ, qaraya qara” deyə bilməməkdə suçlamasına, demokratik dəyərlərin qalib gəldiyi ölkələrin təcrübəsini Azərbaycanda süni şəkildə tətbiq etməyə çalışmasına, qoy onlar hamısı rədd olsunlar! Onlar reallıq hissini və ədalət duyğusunu itirmiş, qarnı qafasından irəli çıxmış, beyni ilə deyil, mədəsi ilə düşünən merkantil bir dəstədir və büründükləri “müdrik”, “intellektual”, “liberal” pozaları mənim heç vecimə də deyil.
Onlar oliqarx ağalarından aldıqları tulapayı və direktivlərlə hamıdan hakim gücə tabe olmağı istəyir və bunu etməyin konturlarını cızırlar: guya Azərbaycanda hər şey yalnız ağ və qara rənglərdən ibarət deyil, guya hakimiyyətdə islahatlara, ədalətli idarəetməyə meyilli insanlar da var, guya ölkədəki inkişafı sadəcə, bir neçə rüşvətxor məmur ləngidir, onlar da cəhənnəm olub getsə, hər şey qaydasına düşəcək, guya “ümummilli məsələlər”də rejimin yanında olmaq lazımdır, guya bizdə də Norveçdəki, Isveçdəki kimi müxalifətçilik eləmək lazımdır və s və i.a. Belə geydirmə “müdriklər”, topluma şüuraltı olaraq təslimçilik və mütilik aşılayan dəyyuslar bir qayda olaraq özləri heç vaxt sistemi heç bir formada tənqid etmir, ən yaxşı halda tənqidi təqlid edirlər, bəzən hətta elə tənqid edirlər ki, tərif onun yanında toya getməlidir. Ümumiyyətlə, onları ciddi qəbul etmək üçün insan özü dəhşətli qeyri-ciddi olmalıdır, bunların “müdrik” gəvəzələmələrinə veriləcək cavab çox qısa və konkretdir: sən oğrulardan maliyyələşir, sən xalqın cibini soyan və qanını soranlardan mayalanırsan, cəhənnəmə ki! Barı abrına kor ol, kəs səsini, otur yerində, əl-ayağa dolaşma.
Qələmin borcu həmişə və hər yerdə həqiqətə tərəf olmaqdır. Ədalətə tərəf olmaqdır.
Günümüz Azərbaycanında isə qələm yalnız tərəf olmaqla da qalmamalı, süngü kimi çıxış etməlidir. Ifşa etməklə vəzifəsini bitmiş saymamalı, hətta inqilabi dəyişikliklərə hazırlığı üzərinə götürməlidir.
Yalnız xalqın arzularının ifadəçisi, çağdaş, mədəni dünya dəyərlərinin tərənnümçüsü olmaqla kifayətlənməməli, bunun üçün savaşmalıdır.
Nə qədər böyük istedada, nə qədər dərin intellektə sahib olursan ol, əgər həqiqətdən yana, yalana oğurluğa, zülmə qarşı mübarizədən yana deyilsənsə, qələmindən pislikdən, çirkabdan başqa heç nə axa bilməz.
Bu günümüz yazarlarının hamısına aiddir – şeir yazanlarımıza da, roman yazanlarımıza da. Hətta ən kiçik bir xəbər yazanlarımıza da aiddir bu.
Özünü reallıqdan təcrid etmiş, xalqın ağrılarından və arzularından uzaq düşmüş, həqiqətdən qopmuş bir yazar gülməli görünməyə və ikrahın ünvanı olmağa məhkumdur.

Qələm – süngü kimi
•
•