ribrahimbeyov-yeni

“Prezident məni saymırsa, mən də onu saymıram”

ribrahimbeyov-yeni“Dediyiniz milyarderlər başa düşürlər ki, Azərbaycanda bu işləri görməsək, axırımız çox pis olacaq”

Rüstəm İbrahimbəyov: «Belə davranmaqla bizim iqtidar yavaş-yavaş yatanları oyadır»

«Bir az da Abbas Abbasova təzyiq eləsələr, əlindən hər şeyi alsalar, o da olacaq iqtidarın düşməni»

əvvəli ötən sayımızda

– Bu səfəri hətta mətbuatda Rəsul Quliyevlə görüşə görə reallaşdığını deyənlər də oldu?
– Rəsul Quliyevlə mən çox təəssüf ki, çoxdandır görüşmürəm. Vaxtilə tez-tez görüşərdik, indi çoxdandır görüşmürük.
Bizim görüşməyimiz uydurma məsələlərdir. Qəzetlərdə oxudum ki, guya mübahisəmiz olub. Yalandır bunlar.

– Bu informasiyanı verən şəxs Sizin yaxın adamınız olduğunu bildirmişdi və deyirdi ki, mən bilirəm ki, onlar görüşüblər?
– Rəsul Quliyevə mənim böyük hörmətim var. Özü də siyasətçi kimi yox. Hakimiyyət bu məsələləri ayıra bilmir. Qayıdıram RATI məsələsinə, biz yeni təşkilat yaratdıq. Bizim pulumuz da ayrıdır, dünya görüşümüz də ayrıdır. Bizi birləşdirən yeganə məqam azərbaycanlıların taleyidir.
Bir az təzyiq olsa, Abbas Abbasov iqtidarın düşməni olacaq

– Belə bir fikir də var ki, Rusiyada Kremlin razılığı olmadan heç nə alınmır. Kremlin bu məsələlərə təsiri varmı?
– Xeyr. Kreml Azərbaycan deyil. Rusiyada hər şeyi Kremllə bağlamırlar. Kreml üçün bu təşkilat heç nədir. Kremin belə təşkilatlara fikir verməsində nə məna var?

– Azərbaycan hakimiyyətinə təsir etmək üçün.
– Nəyə görə axı?

– Keçmiş dövlət müşaviri Vəfa Quluzadə də bu versiyanı müdafiə etmişdi və demişdi ki, bu təşkilatın vasitəsilə Azərbaycanda hakimiyyəti devirmək istəyirlər…
– Vəfa Quluzadə ağıllı adamdır, savadlı adamdır, amma o da hərdən səhv edir. Kremlin bu məsələyə heç bir yaxınlığı da yoxdur. Belə davranmaqla bizim iqtidar yavaş-yavaş yatanları oyadır. Neytral adamları özünə düşmən edir. Bir az da Abbas Abbasova təzyiq eləsələr, əlindən hər şeyi alsalar, o da olacaq iqtidarın düşməni.

– Bu proses gedirmi, təzyiq nədən ibarətdir?
– Qəzetlər yazır. Yazırlar ki, təzyiqlər edirlər, Gəncədə onun qardaşının həyat yoldaşını işdən çıxarıblar.

– Yaxın günlərdə Abbas Abbasovla danışmısınız?
– Xeyr. Mən Moskvadan çıxıb getdim Amerikaya. Bu hadisələr bundan sonra baş verib.

Onlara dedim, Sizə təzyiqlər olacaq

– Rüstəm müəllim, təşkilatı yaradanda siz hiss edirdinizmi ki, rəsmi Bakıdan təzyiqlər olacaq?
– Bu aydın idi. Birinci toplantıda da mən dedim ki, siz bilməlisiniz ki, Azərbaycandan həm təşkilata, həm də sizin hər birinizə təzyiqlər olacaq. Ona görə də indidən qərar verin, qoşulursunuzmu bu təşkilata, ya yox. Hamı da dedi ki, biz Azərbaycanın xeyrinə işləyirik, bu intriqaları yaradan adamlar bizim üçün heç nədir. Çünki bizim hamımızın Azərbaycan iqtidarına hörmətimiz var və hamımız da Rusiya vətəndaşıyıq, nəyə görə Rusiyada təşkilat yaradanda Azərbaycandan icazə almalıyıq? Çünki onlar qul deyirlər. Sizin suallarınızdan da belə başa düşürəm ki, siz də düşünürsünüz ki, Ingiltərədə, Rusiyada, ya da hansısa başqa ölkələrdə azərbaycanlılar təşkilat yaratsa, Azərbaycandan icazə almalıdır. Əgər bu icazə olmasa, o təşkilatın taleyi, yaşaması mümkün deyil.

Bizim də məqsədimiz aydındır

– Bəs, bu təşkilat niyə fəaliyyətini müvəqqəti dayandırıb?
– Hansı dayandırmadan söhbət gedə bilər ki, hələ təşkilat fəaliyyətə başlamayıb?

– Ancaq qurumda təmsil olunanlar deyib ki, Azərbaycan hakimiyyətilə məsələ aydınlaşdırılana qədər fəaliyyət dayandırılıb.
– Biz toplaşdıq, elan etdik ki, fəaliyyətimizi başlayırıq, ondan da sonra hərə dağıldı getdi öz işinin dalınca.

– Növbəti addım nə olacaq?
– Bilmirəm.

– Hələ bilmirsiz?
– Hardan bilim.

– Fəaliyyətiniz tək Rusiya ilə məhdudlaşacaqmı? Siz həm də Azərbaycan Ziyalılar Forumunun üzvüsünüz.
– Mən kino ilə məşğulam. Deməli, Ağalarov da kino ilə məşğul olacaq, Ələkbərov da? Bizim hərəmizin öz peşəmiz, öz işimiz var. Insanlar birlik yaradanda bir məqsədlə birləşir. Bizim də məqsədimiz aydındır. Rusiyada yaşayan azərbaycanlıların yaşamasına kömək edək ki, normal yaşaya bilsinlər.

– Yəni deyirsiniz ki, RATI heç bir halda Azərbaycanın iç siyasi məsələlərinə qarışmayacaq?
– Heç bir təsiri olmayacaq. Bu nə cür ola bilər? Mən Azərbaycanda Ziyalılar Forumunun təsisçilərindənəm, Isgəndər Xəlilov prezidentlə birgə işlər görür. Bizim necə işbirliyimiz ola bilər?
Başa düşmürlər ki, kobud formada müdaxilə etmək olmaz

– Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan mediasına göndərdiyi şikayətlərin çoxundan görünür ki,  Rusiyadakı səfirliyimizdə baş verən bürokratik əngəllərdir. Bəs bu problemləri qaldırmayacaqsınız?
– Səfirliklə Azərbaycan iqtidarı məşğul olsun. Məndən Rusiyadakı problemləri soruşun, dediyiniz Azərbaycanın problemidir. Məndən soruşurlar ki, Polad Bülbüloğlu toplantıda iştirak edib? Mən də dedim ki, Polad Bülbüloğlu orada iştirak edə bilməz. Burada kino işçilərinin yığıncağı keçiriləndə baş nazirin müavinləri gəlir, nazirlər gəlir. Amma başa düşmürlər ki, ictimai təşkilatın həyatına belə kobud formada müdaxilə etmək olmaz. Polad Bülbüloğlu ora gəlsəydi, Rusiya deyəcəkdi ki, demək, bu Azərbaycandan təşkil olunan təşkilatdır.

Onu Poladdan soruşmaq lazımdır

– RATI yaranandan sonra rəsmən etiraf edilməsə də Prezident Administrasiyasının Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Moskvada olub, danışıqlar aparıb və çox qısa müddətdə Polad Bülbüloğlu Bakıya gəlib. Səfirlik rəsmi açıqlama yayıb ki, səfir Rusiya Xarici işlər nazirinin iki müavini ilə Azərbaycan-Rusiya münasibətlərini müzakirə edib. Böyük ehtimalla RATI məsələsi də müzakirə mövzusu olub.
– Mən bu suala cavab verə bilmərəm. Onu Poladdan soruşmaq lazımdır, görüşdüyü şəxslərdən soruşmaq lazımdır.

– Mənim sualım başqadır. Əgər Rusiya hökuməti sizə mane olsa, fəaliyyətinizi davam etdirməkdə qərarlı olacaqsınızmı?
– Xeyir. Rusiya bizə təzyiq eləməz. Siz hələ özünüz başa düşmürsünüz ki, hansı ölkədə yaşayırsınız.

– Amma Rusiya da avtoritar ölkədir…
– Belə dərəcədə yox. Orda belə işlər görmürlər. Rusiyanın daxili siyasətinə baxın vətəndaşlar öz fikirlərini deyir. Ona görə də Azərbaycanla Rusiyanı müqayisə etmək olmaz. Orada da diktaturadır. Ancaq orada ağıllı diktaturadır.

– Kreml üçün bu təşkilat heç maraqlı deyil?
– Nəyinə lazımdır axı? Putinin, Medvedyevin belə xırda, Azərbaycanla bağlı təşkilat nəyinə lazımdır? Başa düşə bilmirəm bunu. Iş ondadır ki, bunu mənə deyəndə, siz məni təhqir edirsiniz. Deməli, siz mənə deyirsiniz ki, sən 73 yaşlı Azərbaycan yazıçısı Rusiyanın agentisən.

– Məsələ də budur ki, bizim RATI-ni Kremlin layihəsi kimi qəbul edə bilməməyimiz sizin orada olmağınızla bağlıdır…
– Siz bunu Paşayevlərin layihəsi kimi qəbul edə bilərsiniz? Rəsul Quliyevin layihəsi kimi qəbul edə bilərsiniz? Və yaxud da Eldar Namazovun layihəsi kimi?

– Qətiyyən.
– Görürsünüz, heç bir variant qalmayıb. Indi bir variant qalıb – deyəcəklər ki, Rüstəm Ibrahimbəyov Şəfiqə Məmmədovanı yıxmaq üçün milyarderləri yığıb Moskvadan Bakıya təzyiq edir.

Hakimiyyətin belə aqressiyasını 3 ildir hiss edirəm

– Belə bir versiya da var ki, məhz Siz o təşkilatda olduğunuza üçün bu hakimiyyət belə aqressiya nümayiş etdirir. Bu versiyanı qəbul edirsinizmi?
– Deyə bilmərəm. Amma onu deyə bilərəm ki, hakimiyyətin belə aqressiyasını 3 ildir hiss edirəm. O sıradan Ziyalılar Forumu ilə RATI ilə bağlı məsələdə. Amma siz deyən milyarderlər Ziyalılar Forumuna çox böyük hörmətlə yanaşırlar. Deyirlər ki, nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti yaranır, ictimai rəy yaranır. Bu insanlar başa düşürlər ki, biz Azərbaycanda bu işləri görməsək, demokratiyanın inkişafı üçün çalışmasaq, neft tükənəndən sonra Azərbaycanı nələr gözlədiyini indidən düşünməsək, Qarabağ problemini həlli yollarını axtarmasaq, ümumilikdə ziyalılar, ictimaiyyət, vətəndaş cəmiyyəti bunlarla məşğul olmasa, bizim axırımız çox pis olacaq. Hansı iqtidar bunu edəcək, bizim üçün heç bir fərqi yoxdur. Indiki iqtidar desə ki, bəli düz deyirsiz, gəlin bu problemləri bir yerdə həll edək, biz təklifi qəbul edəcəyik.

Bunlar deyir ki, tariximiz də 1993-cü ildən başlayır

– Indiki iqtidar belə bir təklif edənə oxşayırmı?
– Bilmirəm. Biz fikrimizi elan edəcəyik. Iqtidar nə deyir desin, biz ona fikir verməyəcəyik. Demokratiya bu deməkdir. Mən hər səhər yuxudan duranda fikirləşməliyəm ki, mən bu hərəkəti etsəm, prezident bu haqda nə düşünəcək? Prezident məni saymırsa, mən də onu saymıram. Mən Rüstəm Ibrahimbəyov özümü ona görə belə kəskin aparıram ki, 3-4 il qabaqdan Azərbaycandan ziyalılara, mədəniyyət, incəsənət xadimlərinə hörmət olmadığını gördüm. Bu iqtidar deyir ki, xalqın qaymağı ancaq özləridir və tariximiz də 1993-cü ildən başlayıb. Bu, şəxsiyyət kimi mənə toxundu. Ona görə mən səsimi qaldırdım. Ondan qabaq da sözümü deyirdim. Mən uşaqlıqdan belə şeyləri qəbul eləmirəm. Ancaq bu o demək deyil ki, mən hakimiyyətin düşməniyəm. Bu hakimiyyət mənə heç lazım deyil. Heç vaxt da fikirləşməmişəm ki, bunlar kimdirlər, nəçidirlər, nədirlər. Mənə hörmətsizlik göstərirlərsə, onda mən də onlara cavab verəcəm.

Mehriban Əliyevanı dəstəklədiyimi deməmişəm

– 2009-cu ildə Siz müsahibələrinizdən birində demişdiniz ki, hakimiyyət prezident institutu ilə bağlı referenduma getməklə səhv etdi, çünki başqa bir namizəd vardı- Mehriban Əliyeva. Bu gün Siz 3-4 il öncədən təzyiqlərlə üzləşdiyinizi deyirsiniz. Burada bir əlaqə ola bilərmi?
– Mən indi də düşünürəm ki, həmin referendum demokratiyaya ziddir. Mənim fikirlərimi kontekstdən çıxarıblar. Mən demişəm ki, Rusiyada da demokratik hökumət deyil, ancaq onlar heç olmasa elədiklərinə bir don geyindirdilər. Medvedyevi tapdılar və siyasətlərini yürütdülər. Azərbaycanda bu məsələni daha rahat etmək olar – Mehriban Əliyeva vasitəsi ilə. Bir don geyindirmək üçün. Mən bunu demişəm, ancaq bu o demək deyil ki, mən bunun tərəfdarıyam. Mənim istədiyim odur ki, Azərbaycandan azad seçki olsun, o seçkidə Mehriban xanım qalib gəlsə, uğur olsun! Ancaq mən açıq deyirəm ki, Rusiyada hakimiyyətin ötürülməsi oyun idi. Heç olmasa, Azərbaycan həmin oyundan təşkil etsin. Sonra mənə başladılar zəng etməyə ki, biz də Mehriban xanımın tərəfdarıyıq, gəlin birləşək. Mən də bu adamlara deyirəm ki, mən bunun tərəfdarı deyiləm, sadəcə hakimiyyətə deyirəm ki, bir oyun oynayanda heç olmasa onu usta oynasınlar.

– Siz Ziyalılar Forumu yarananda da bunun siyasi qurum olmadığını demişdiniz. Ancaq belə bir deyim də var ki, siyasətlə məşğul olmayanda o, özü səninlə məşğul olur. Ancaq Azərbaycanda elə siyasi proseslər baş verdi ki, bu gün ölkədə Ziyalılar Forumu ilə hər hansı siyasi təşkilatın fərqi yoxdur. Ola bilərmi ki, gələcəkdə RATI də Ziyalılar Forumu kimi siyasi fəaliyyətlə məşğul olsun?
– Hər şey ola bilər. Heç kəs nə olacağı ilə bağlı dəqiq proqnoz verə bilməz. Mən Allah deyiləm. Biz istər-istəməz siyasətlə məşğuluq. O mənada ki, bizim fəaliyyətimizin ölkənin ictimai, siyasi həyatına müəyyən təsiri var. Bizim konkret siyasi hədəflərimiz yoxdur- məsələn prezident olmaq, ya kimisə aradan götürüb onun vəzifəni tutmaq kimi. Bizim məqsədimiz tamamilə başqadır. Siyasi müxalifətin məqsədi tamamilə aydındır. Onlar indiki iqtidarı hakimiyyətdən uzaqlaşdırıb iqtidara gəlmək istəyirlər. Amma bizim belə bir fikrimiz yoxdur.

– Ancaq belə bir fikir də var ki, RATI-nin də məqsədi hakimiyyətdəki hansısa qurupu sıradan çıxarmaqdır.

ardı var

Sücəddin Şərifov,
Xəyal Şahinoğlu