heyder-heykel-mexiko

Azərbaycan səfirliyi Mexikoda ticarət mərkəzi tikdirib

heyder-heykel-mexikoHeydər Əliyevin Meksikadakı heykəlilə bağlı qalmaqalda yeni detallar üzə çıxır

Azərbaycan hökumətinin Mexikoda parklardan birini təmir etdirərək, orada Heydər Əliyevin heykəlini qoydurması ətrafında yaranmış qalmaqal davam edir. Bu dəfə məsələyə dünyanın nüfuzlu nəşrlərindən olan “The New York Times” qəzeti yer verib. Müəllif Yelizaveta Malkinin qələmə aldığı məqalədə Azərbaycan hökumətinin Meksikadakı fəaliyyətilə bağlı daha bir ilginc məqam da ortaya çıxıb. Məqaləni təqdim edirik:

***

Mexikonun meri keçən yay Çapultepek parkında, içində nəhəng bir heykəl olan kiçik və göz oxşayan bağın təntənəli şəkildə açılışını edəndə bu, yaşamağın getdikcə mümkünsüzləşdiyi şəhərdə həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirildi.
Əgər həmin vaxt mer Marselo Ebrard “google” axtarış xidmətində təcili bir dəqiqləşdirmə aparsaydı, bu, onu sonradan baş verən xoşagəlməz hadisələrdən xilas edərdi. Parkdakı heykəl Heydər Əliyevin abidəsi idi. KQB generalı olan və 2003-cü ildə dünyasını dəyişən Əliyev öz ölkəsində şəxsiyyətə pərəstişin memarıdır. Oğlu Ilham Əliyev Azərbaycanın prezidenti olandan sonra onun heykəlləri Rusiya, Ukrayna, Türkiyə, Misir, Gürcüstan, Rumıniya və Serbiyada qoyulub. Mexikoda Azərbaycanın hədiyyəsi olan park və heykəl merin əl-qolunu bağladı. Çünki ABŞ Dövlət Departamenti Heydər Əliyevin dövründə Azərbaycanda insan hüquqlarının pozulduğunu dəfələrlə bəyan edib.
Prezidentlik iddiasını gizlətməyən mer özü də etiraf edib ki, Əliyevin heykəlilə bağlı məlum olay onun səhvi olub: “Biz əvvəlcədən hesablamalıydıq ki, bu, ciddi problemlər yarada bilər”.
Azərbaycanın Meksikadakı səfirliyi burada dostluq parkı ilə yanaşı, ticarət mərkəzi də tikdirib.
Yerli sakinlər şikayətlənirlər ki, Əliyevin abidəsi ucaldılarkən onların fikri öyrənilməyib.
“Mən başa düşə bilmirəm ki, onun heykəli burada niyə ucalmalıdır? Bəlkə ona görə ki, onlar pul veriblər?”, – deyə yerli sakinlərdən biri bildirib.