Polis Tofiq Yaqublunu saxladı

Noyabrın 13-də Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu mülkigeyimli şəxslər saxlayıb. Bu haqda “Azadlıq” radiosuna vəkil Nemət Kərimli məlumat verib. O deyib ki, Tofiq Yaqublu qızı Nigar Yaqublunun Abşeron rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən sonra saxlanılıb: «Əvvəlcə onun Abşeron rayon polis şöbəsinə aparıldığını dedilər. Abşeron rayon polis şöbəsində isə dedilər ki, Bakı şəhər Baş Polis İdarəsinə aparılıb».  

Bakı şəhər Baş Polis İdarəsindən onlarda bu haqda məlumat olmadığını deyiblər.

“Azadlıq” qəzeti məsələni dəqiqləşdirərkən məlum olub ki, T.Yaqublunu saxlayaraq Abşeron rayon Polis İdarəsinə aparıblar, bir müddət saxlayandan sonra sərbəst buraxıblar. Əməkdaşımız T.Yaqublu ilə də danışa bilib. O, deyib ki, polislər onu qızı Nigarın məhkəməsi zamanı saxlayıb. Onu ictimai yerdə söyüş söyməkdə ittiham ediblər. İdarədə ona xəbərdalıq edib, sonra da sərbəst buraxıblar.