Suriyada Liviya variantı hazırlanır

«Koalisiyanın yaranması Əsəd rejiminin aradan qaldırılmasına doğru atılan çox əhəmiyyətli bir addımdır»

Qətərin paytaxtı Dohada Suriya müxalifət qüvvələrinin nümayəndələri yeni birləşmiş təşkilatın yaradılmasına dair razılığa gəliblər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun da iştirak etdiyi toplantının detalları barədə məlumat verilməsə də, yeni qurumun Suriya Milli Koalisiyası adlanacağı bildirilir. Plana əsasən, yeni təşkilat Suriya hakimiyyətinə qarşı hərbi əməliyyatları, humanitar aksiyaları və nəzarətlərində olan rayonların idarə edilməsini həyata keçirəcək. Yeni koalisiyanın lideri postuna Mouaz əl-Xatib seçilib. Riyad Sayf və Suhair əal-Attasi isə onun müavinləri təyin olunub.
Xatib 1960-cı ildə Dəməşqdə doğulub, sünni din xadimlərindən biri kimi tanınır. O, Əsəd hakimiyyətinə qarşı müxalifətin əsas simalarından sayılır və 2011-2012-ci illərdə bir neçə dəfə həbs olunub. Maraqlıdır, bu koalisiya Suriyaya nə vəd edir və bu birliyin təsisi olunması problemin birdəfəlik həll ediləcəyi anlamına gəlirmi?
Politoloq Vəfa Quluzadə Suriyada Liviyadakı ssenarinin təkrarlandığını deyir: “Liviyada da müxalifət koalisiya kimi birləşdi, Qərb onu həqiqi hakimiyyət kimi tanıdı. Bundan sonra onlara Qərbdən, bütün ərəb aləmindən rəsmi şəkildə yardımlar edildi. Indi Suriyada da həmin ssenari təkrarlanır. Bu, Əsəd rejiminin aradan qaldırılmasına doğru atılan çox əhəmiyyətli bir addımdır. Bu o deməkdir ki, artıq bütün dünya Əsəd hakimiyyətini yox, ona müxalif olan qüvvələrin hakimiyyətini tanıyır. Maddi-mənəvi yardım, əsgəri yardım – hamısı bu koalisiyaya açıq surətdə yönələcək. Ölkə partizan müharibəsindən daha açıq fazaya keçəcək. Bəşər Əsəd rejimi Rusiyaya, Irana ümidli idi, amma nahaq yerə. Bu ümidlər doğrulmayacaq. Əsəd xalqına böyük zülm verdi”.
V.Quluzadə hesab edir ki, bütün diktatorlar kimi, Əsədin də taleyi başından bəri məlum idi: “Ona təminat da verilmişdi, bir şərtlə ki, müharibəni dayandırsın, hakimiyyətdən getsin. O buna razılıq vermədi. Görünür, ümid edirdi ki, Rusiya ilə Iran onu bu vəziyyətdən çıxaracaq. Bu cür xüsusiyyət bütün diktatorlara xasdır. Vaxtilə Səddam Hüseynə də təklif olunmuşdu ki, müharibəsiz hakimiyyəti təhvil versin. Iraqda koalisiya hakimiyyəti yaradılsın, ailəsini də götürsün dünyanın istədiyi yerinə getsin. Özü də var-dövləti, hər şeyi var idi. Amma Səddam Hüseyn inana bilmirdi ki, Iraq onsuz dolana bilər. Hətta inanırdı ki, o, Qərbə də lazımdır. Və Qərb axırda ona yalvaracaq. Indi eyni səhvi Bəşər Əsəd də təkrarlayır”.

Gültəkin