Nelli Kroes hansı siyasi məhbuslarla görüşmək istəyib?

Avropa Komissiyasının vitse-prezidenti Vidadi Isgəndərli və Şahin Həsənli ilə görüşmək üçün 1 saat qapıda gözləyib

Avropa Komissiyasının vitse-prezidentiNelli Kroes səfər proqramlarının yekunlarına dair mətbuat konfransında maraqlı açıqlama vermişdi. Bildirmişdi ki, ölkə başçısı Ilham Əliyev səviyyəsində razılıq verilsə də, onu siyasi dustaqlara baş çəkmək üçün həbsxanalara getməyə qoymayıblar. Onun sözlərinə görə, Ilham Əliyevlə görüşdə siyasi dustaqlarla görüşmək istədiyini deyib və buna şərait yaradılmasını istəyib. Ilham Əliyev də ona heç bir problem olmayacağını və istəyini həyata keçirə biləcəyini vəd edib. Ancaq onu həbsxanaya buraxmayıblar. “Mənim ölkəmdə belə şey ola bilməz”- deyə N.Kroes vurğulayıb.
Aldığımız məlumata görə, Azərbaycanda səfərdə olan Avropa Komisiyasının nümayəndəsi Nelli Kroes vicdan məhbusları Vidadi Isgəndərli və Şahin Həsənli ilə də görüşmək istəyib. Ancaq heç bir nəticəsi olmayıb.
“Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək” ictimai birliyinin sədri Oqtay Isgəndərli bizimlə söhbətində belə bir olaydan məlumatlı olduğunu söylədi: “Nümayəndə heyəti mənlə əlaqə saxladı və hər iki vicdan məhbusuyla görüşmək istədiklərini bildirdi. Onlara dedim ki, hər iki vicdan məhbusu hospitala müayinəyə gedib. Nümayəndə heyəti dedi ki, Ilham Əliyev səviyyəsində görüşə razılıq alıb. Noyabrın 8-də hər iki vicdan məhbusuyla görüşməli idilər. Sonradan məlum oldu ki, onlara icazə verilməyib. Təxminən səhər saat 11 radələrində hospitalın qarşısında olublar, bir saat ərzində qapıda gözləsələr də, onlara görüşə buraxmayıblar”.