Kazinonun yaranma tarixini zəhmət çəkib internetdən özünüz tapıb oxuyun. Sadəcə, onu xatırladıram ki, Qərb dünyasında kazinolar bəzi vətəndaşlar üçün istirahət məkanı olmaqla yanaşı dövlət üçün də gəlir mənbəyi sayılır. Kazino müştəriləri adətən zənginlər olur. Ancaq qumarbazların arasında yüksək vəzifə sahiblərinə də rast gəlinir. Yeni Azərbaycan Partiyasının (YAP) Vaşinqtona nifrət bəsləyən bəzi ideoloqlarının ürəkləri şad olsun deyə Amerika Birləşmiş Ştatlarından (ABŞ) bir nümunə göstərəcəm. ABŞ-ın 29-cu prezidenti Uorren Qamaliel Hardinq (Warren Gamaliel Harding) poker aludəçisi idi. Məqamında kazino açmışdı və hətta bir dəfə kabinet üzvləri ilə qumar oyununda Ağ Evin çini (farfor) qablarını belə uduzub…
Yaxınlarda Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev yoldaş maraqlı bir rəqəm açıqladı. Sən demə 2012-ci ildə Azərbaycan ilk dəfə iki milyondan çox, 2 milyon 239 min nəfər əcnəbi qəbul edib. Qarayev yoldaş onu da əlavə edib ki, 5-6 ilə Azərbaycana gələn turistlərin sayı üç milyona çatacaq. Yadınızda olar, ötən il nazir bəyan etmişdi ki, Nargin adasında “cənnət zona” ərsəyə gətirilir. Rəhmətlik Süleyman Rüstəm yazmırdı ki, cənnət görmək istəyən, Azərbaycana gəlsin.
Dünya Azərbaycana bu qədər ki, maraq göstərir, kazinoların yenidən açılmasının tam zamanıdır. 16 il əvvəl Heydər Əliyevin qumarxanaları nədən bağladığını bilirsiniz. Həm də o vaxtlar ölkəyə indiki kimi turist-filan gəlmirdi. Digər tərəfdən, 5-10 milli qumarbazımızdan yana kazino saxlamaq da sərfəli deyildi. Bu gün Əbülfəs Qarayev yoldaş dediyi kimi ölkəyə iki milyondan artıq turist gəlir və bu turistlərin də çox yox, iyirmi faizi kazinolara baş vursa, büdcəyə milyonlarla manat pul daxil olar. Üstəgəl indiki dövlət məmurlarımızın da maddi durumu kazinoya getməyə imkan verir. Əcnəbi və milli qumarbazlarımız üçün Bakıda beynəlxalq standartlara uyğun bir neçə kazino kompleksi yaradılsa, dövlət yaxşı qazanar.
Monakonun büdcəsi az qala Monte Karlodakı “Le Cafe de Paris” kazinosu sayəsində formalaşır. Dövlətin borcu vətəndaşların problemlərini həll etmək deyil? Nədən milli qumarbazlarımız əziyyət çəkib Monte Karloya, Las- Vaqasa, Visbadenə getməlidir? Zəngin məmurlarımızın paraları nədən Monakonun, Fransanın, Almaniyanın, Ingiltərənin büdcəsinə getməlidir? Gözümüzü neftə dikmişdik, onun da başına gələn fəlakətdən xəbəriniz var. Allah eləməmiş, sabah neft quyuları qurusa, nə edəcəyik? Əlavə gəlir mənbəyi də yoxdur. Bir özünüz fikirləşin, əsla əziyyəti-filanı olmayan kazino gəlirlərindən imtina etmək xəta deyilmi?
Kim düşünürsə ki, qumarxanalar zəhmətkeşlərin əxlaqına mənfi təsir edir, yanılır. “Aclar” tayfasının nümayəndələrinin- müəllimin, həkimin, mühəndisin, təqaüdçünün kazinoya getməli halı yoxdur, ən uzağı “Topaz”a aludə olub futbol oyunlarına proqnoz verə bilər. Kazino rüşvətlə səltənət quranların və onların harın uşaqlarının məkanıdır və belələrini əxlaq-filan o qədər də ilgiləndirməz. Rüşvətxorun əxlaqı olur, məgər?
Bir də ki, bu zümrə onsuz da, bağlarda, restoranlarda, eyş-işrət məkanlarında gizli surətdə qumar oynayır. Prosesi leqallaşdırmaq lazımdır. Kazinolarin fəaliyyətinə rəsmən izn verib dövlətin büdcəsi barədə düşünmək gərəkdir.
Vəzifəli rüşvətxorlar üçün kazinolar açmaq, zəhmətkeşlər üçün totalizator sənayesini inkişaf etdirmək sərfəlidir. Bu gün Azərbaycanın hər guşəsində qumarın bir növü olan “Topaz” çiçəklənməkdədir. Allaha şükür ki, Bakıda ippodrom var və nə üçün orada at yarışları təşkil olunmamalıdır? Nədən milli mentaliteti nəzərə alaraq, xoruz döyüşdürmə, it boğuşdurma (ölkəni sahibsiz itlər başına götürüb) yarışları keçirilməsin?
Onsuz da bu məmləkətdə elmə, təhsilə maraq göstərənlərin sayı günü-gündən azalır. Torpaqları işğaldan xilas etmək də yada düşmür. Açın kazinoları, genişləndirin totalizatorları, imkan verin təkcə zənginlər yox, cümlə zəhmətkeşlərimiz bu beş günlük dünyanın kefini çıxarsın. Həm də neft hasilatının aşağı düşməsinə rəğmən iqtisadi qalxınmamızdakı yavaşımanı və Azərbaycana axın edən milyonlarla turisti düşünün. Açın kazinoları, yoldaşlar.

Kazinolar niyə açılmır?
•