Hökumətin biabırçılığı beynəlxalq qalmaqala çevrilib

Avrokomissiya rəsmilərinin kompüterlərinə müdaxilədən «Washington Post» da yazdı

Bakıda keçirilən Internet Idarəçilik Forumunda iştirak zamanı Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes və onun sözçüsü Rayan Healsın kompüterlərinə müdaxilə edilməsi beynəlxalq qalmaqala səbəb olub. Artıq dünyanın bir sıra nüfuzlu nəşrləri, eləcə də “Washington Post” öz səhifəsində məsələyə yer ayırıb. Məqalədə N.Kroes bildirir ki, şəxsi kompüterlərinə naməlum şəxslərin hucumu barədə informasiya onlara “Apple” şirkətinin təhlükəsizlik xidmətindən daxil olub.
N.Kroesin mətbuat katibi R.Heals isə “Washington Post”a açıqlamasında deyib ki, onlar kompüterlərindən hər hansı məlumatın oğurlandığını müəyyən etməyiblər: “Bu işlə ekspertlər məşğul olacaq. Biz bilmək istəyirik kompüterlərimizdən hər hansı informasiya götürülübmü?.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə Trend-ə açıqlamasında Avrokomissiya rəsmilərinin kompüterlərinə müdaxilə edildiyi barədə bəyanatları əsassız adlanıdırıb. Ə.Həsənov bildirib ki, məsələ gündəmə gələndən sonra müvafiq qurumlara, o cümlədən qonaqların qaldığı hotelin administrasiyasına tapşırıqlar verilib, məsələ araşdırılıb: “Onların kompüterlərinə heç bir müdaxilədən söz gedə bilməz və belə bir müdaxilə olunması ilə bağlı heç bir dəlil-sübut tapılmayıb”.
PA rəsmisi düşünür ki, bu, qəsdən Azərbaycanın, tədbirin təşkilatçılarının imicinə zərbə vurmaq, yaxud da bilərəkdən onların nüfuzunu aşağı salmaq, imicini qaralamaq məqsədi daşıyan ittihamdır: “Əgər doğrudan da xanım Neelie Kroes və onun köməkçisi hesab edirlər ki, onların kompüterlərinə belə bir müdaxilə olub, buyursunlar, Azərbaycanın Baş Prokurorluğuna müraciət etsinlər. Bu müraciət əsasında cinayət işi başlanıb, araşdırma aparılacaq. Biz əvvəlcədən araşdırmamızın nəticəsi olaraq bəyan edirik ki, belə bir müdaxilə olmayıb, ola da bilməz. Bu, sadəcə olaraq, Azərbaycan dövlətinə və Internet Idarəçiliyi üzrə 7-ci Beynəlxalq Forumun təşkilatçılarının imicinə xələl gətirmək məqsədilə irəli sürülmüş ittihamdır”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev sözügedən forum zamanı olduqca xoşagəlməz olayların yaşandığını deyir: “Bəlli oldu ki, Azərbaycanın avtoritar hakimiyyəti belə tədbirlərin normal məcrada getməsini istəmir. Forum iştirakçılarının, Avropadan gələn yüksək vəzifəli şəxslərin bildirdiyi kimi, bu, Azərbaycanda insan hüquq və azadlıqların kəskin şəkildə məhdudlaşdırılması, jurnalistlərə, siyasi fəallara olan hücumların növbəti sübutudur. Bu şəxslərə azad şəkildə istədiyini yazmağa, fəaliyyət göstərməyə imkan vermirlər. Hökumət əlindən gələni edir ki, insanlar azad şəkildə fikirlərini ifadə edə və fəaliyyət göstərə bilməsinlər. Ciddi səylər göstərdilər ki, həmin müddətdə hakimiyyətin ifşasına yönələr çıxışlar olmasın. Yeri gəlmişkən, həmin tədbirdə Sərhədsiz Reportyorların Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hazırladığı sənədin yayılmasına da imkan verilmədi. Başqa bir biabırçılıq isə tədbirə qatılan avropalı qonaqların kompüterlərinə, məumat bazalarına müdaxilə idi. Şübhəsiz ki, onların əlində əsas olmasaydı, belə bir iddia ilə çıxış etməzdilər. Müasir texniki sistem istənilən müdaxiləni müəyyən etmək gücündədir. Istənilən müdaxilə dərhal qeydə alınır və istifadəçiyə çatdırılır. Onlar heç bir halda bunu uydura bilməzdilər. Azərbaycanda mövcud olan avtoritar rejim üçün hər şeyi nəzarətdə saxlamağa çalışmaq, hər şeydən xəbər tutmaq çoxdan adət halını alıb. Azərbaycan hakimiyyətinin bu müdaxiləsi çox təbii olaraq onların qəzəbinə səbəb oldu. Bu barədə bəyanatlar verdilər və artıq bütün dünyanın bu məsələdən xəbəri var. Bir daha sübut olundu ki, Azərbaycandakı rejim insan haqlarına hörmət etmir, hətta xarici ölkə vətəndaşlarının belə, Azərbaycanda maneəsiz faəliyyətinə imkan vermir”.