Hakimiyyət niyə İrana etiraz etmir?

Urmiya gölünün qurudulmasına etiraz edənlər niyə ortada görünmür?

Iran və Ermənistan nümayəndələrinin iştirakı ilə Araz çayı üzərində su anbarının inşa ediləcəyi, hətta təməlqoyma mərasiminin də keçirildiyi ilə bağlı xəbərlər nədənsə Azərbaycan hakimiyyətini narahat etmədi. Azərbaycanın ərazisinə daxil olan bir çayın üzərində Iranla Ermənistanın birgə layihə həyata keçirməsi hər hansı rəsmi etirazla cavablandırılmadı.
Ən maraqlı məqamlardan biri isə odur ki, özlərini Güney Azərbaycan təəssübkeşi kimi təqdim edən, Urmiya gölünün qurudulması zamanı etirazları ilə gündəmdən düşməyən, bu tip məsələləri fürsət bilib Iran əleyhinə aksiyalar təşkil edən qüvvələrdən də səs-soraq çıxmadı. Halbuki söhbət, çox ciddi bir məsələdən – faktiki olaraq Azərbaycana aid ərazidə ermənilərin su anbarının tikilməsi kimi, çox əhəmiyyətli bir prosesdə iştirakından gedir.
ACP sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, Azərbaycan hakimiyyəti layihənin icrasını gözləmədən bu məsələyə reaksiya bildirməli idi: “Gözləməməli idi ki, anbarın tikintisi başa çatsın və ona gecikmiş münasibət bildirsin. Bunun qarşısını almaq istəyirdisə, niyyət ortaya atılanda, layihələndirmə işi aparılanda, Ermənistanla Iran arasında birgə saziş imzalananda reaksiya vermək lazım idi. Indi – münasibətlərin bu gərgin vaxtında hökumətin bu məsələyə reaksiya verməsinin praktiki nəticəsi olmayacaq. Görünür, Azərbaycan hakimiyyəti Iranla münasibətlərin daha da gərginləşməsindən ehtiyat edir. Bu səbəbdən də bu cür ciddi məsələnin üzərindən sükutla keçdi. Bu, Azərbaycan hökumətinin xarici siyasətinin, o cümlədən Iranla bağlı siyasətinin uğursuz olduğunu göstərir”.
Güney təəssübkeşlərinin də bu məsələyə səssiz qalmasına gəlincə, S.Əkbər həmin qüvvələrin də hakimiyyətin diktəsi ilə hərəkət etdiyini bildirdi: “Çox təəssüf ki, bu cür böyük və milli bir məsələ Azərbaycan hakimiyyəti və ona yaxın çevrələr tərəfindən kampaniya xarakteri daşıyır. Nə vaxt ki Prezident Administrasiyasından tapşırıq gəlir, onlar hərəkətə keçirlər. Nə vaxt ki tapşırıq yoxdur, susurlar. Bu, bir daha həmin qüvvələrin idarə olunduğunu göstərir”.