“Azadlıq”ın hesabı hələ də həbsdədir

Məhkəmə həbs qərarının ləğvinə sabah baxacaq

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası əsasında “Azadlıq”a kəsilən 4,2 min manatlıq cərimə qərarının icraya yönəldiyi və noyabrın 5-də qəzetimizin bank hesabına həbs qoyulduğu barədə məlumat vermişdik.
Qəzetin vəkili Fariz Namazov bildirir ki, hesaba qəzetin qərardan şikayət vermək hüququnu tanımadan həbs qoyublar ki, bu da qanun pozuntusudur: “Biz qərardan şikayət vermişik. Qanunvericiliyə görə, qərardan şikayət verilibsə, icraat dayandırılmalıdır. Bununla bağlı Yasamal Rayon icra şöbəsinə yazılı şəkildə müraciət edərək onlara məhkəməyə müraciət etdiyimizi bildirmişik və icraatın dayandırılmasını xahiş etmişik. Buna baxmayaraq icra şöbəsi buna məhəl qoymayaraq həbsi aradan qaldırmayıb”.
Vəkil deyir ki, noyabrın 7-də məhkəməyə müvafiq təqdimat verilsə də, qarşı tərəf hələ də bu sənədə baxmayıb: “Aradan təxminən 5 gün keçib, hələ də təqdimata baxılmayıb. Maraqlısı odur ki, hər iki qurum bir binada yerləşir. Poçt xidmətindən istifadə edilmir ki, hər hansı gecikmə olsun. Ən pis halda bir gün gecikmə ola bilər. Deyilənə görə, təqdimata noyabrın 14-də baxılacaq. Bu, açıq-aşkar süründürməçilikdir. Məcburən deyilən tarixə qədər gözləməliyik. Hesab edirəm ki, məhkəmə bizim qərardan şikayət verdiyimizi əsas götürərək qəzetin hesabı üzərində olan həbsi qaldıracaq”.

Gültəkin