Noyabrin 12-də RATI- nin ofisində həbsdə olan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçirib. Nigar Yaqublunun Huquqlarinin Mudafiə Komitəsinin sədri Mehriban Vəzir deyib ki, noyabrın 13-də N. Yaqublunun məhkəməsi olacaq. O, N. Yaqublunun səhhətində problemlərin olduğunu deyib və bildirib ki,onun həbsdə saxlanılmasının əsası yoxdur.
Vəkil Elton Quliyev Nigar Yaqubluya qarşı qərəzin olduğunu söyləyib. Vəkil bildirib ki, onun barəsində çıxarılan həbs-qətimkan tədbiri əsassız olaraq tətbiq edilib. Vəkil istintaqın ciddi qüsurlarla aparıldığını və müdafiənin hüquqi müstəvidə davam etdiriləcəyini qeyd edib.
N.Yaqublunun digər müdafiəçisi Adil İsmayılov ise hadisənin törənmə səbəbləri tam aydınlaşmadigini bildirib: “Hadisənin törənməsinə səbəb olan maşının müəyyən edilməsi istiqaməti üzrə istintaq hərəkətləri aparılmayıb. Biz bunun araşdırlmasını tələb edəcəyik. Əgər bu məqam araşdırılmazsa, qərar əsassız kimi qəbul ediləcək”. A. İsmayılov məsələnin beynəlxalq məhkəmə müstəvisində həll edilməsi istiqamətində işlər görüldüyünü də qeyd edib: “Həbsdə saxlaılma müddəti noyabrın 10-da bitir. Yəni artıq Avropa Məhkəməsinin qərarı ilə bu üç gün müddət qanunsuz saxlama müddəti hesab olunur”. A. İsmayılov N. Yaqublunun barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Milli Məclisin 10 deputatı məhkəməyə müraciət edib.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə məsələnin arxasında siyasi məqamın olduğunu deyib: “Hüquqşünasların məsələnin siyasiləşdirilməməsi cəhdini qəbul edirik. Amma siyasətçilərin burada siyasi məqamın olduğu inkaredilməzdir. Bu ölkədə qadın hərəkatının qarşısını almaq məqsədi daşıyır”. O deyib ki, bununla bağlı gənclərin aksiyalara başlamaq təşəbbüsü irəli sürülməlidir.
Tədbir daha sonra kollektiv muzakirə formatinda davam edib (musavat.com).


