Əliyev diktaturasını kim yıxacaq

Bunu Əliyevin ətrafındakılar bizim hər birimizdən daha yaxşı bilirlər

İlham Əliyev küçə etirazlarını tamam-kamal yığışdırmaq üçün Azərbaycan cəmiyyətini cərimə ilə qorxutdu. Böyük cərimələr kəsildi. İndən belə küçədə polisin yaxaladığı adamlar böyük miqdarda cərimə ödəyəcəklər və ya birbaşa siyasi məhbus siyahısının böyüməsinə xidmət edəcəklər. Bütün avtoritar rejimlər cəmiyyəti buxovlamaq üçün bu sayaq “qanuni” tədbirlər görə-görə diktaturaya çevrilirlər.
Amma indi İlham Əliyev Azərbaycanda diktaturanı möhkəmləndirməkmi istəyir? Onun qayğısı budur, ya başqa bir niyyəti var? Diktatura qurmaq İlham Əliyevə lazımdırmı? Onsuz da indi onu diktatura yaratmaqda ittiham etmirlərmi? Diktatorların bir-birinin dalınca sıradan çıxdığı indiki zamanda, o, kimlərlə müttəfiq olmağa ümid edir?
Maraqlı suallardır.
İlham Əliyev artıq onu yıxacaq ünvanı dəqiqləşdirib. Son “qanun” oyunu bunu açıq şəkildə göstərir.
Artıq Avropanın və Amerikanın, az qala, bütün qəzetlərində İlham Əliyev tipli siyasətçilərlə ünsiyyət saxlamağa təşəbbüs göstərən yerli siyasətçiləri topa tuturlar. Zatən, bütün siyasətçilər də artıq bu qəbildən olan ölkələrin liderləri ilə təmaslardan yayınırlar. İndi Əliyev xanədanı Avropadakı azərbaycanlıları və iqdırlıları səfərbər edərək oralarda “kütləvi siyasət” yapmağa başlayıb. Evindən-eşiyindən didərgin saldığı insanların bir qrupunu ələ alaraq Avropada və Amerikada vətənpərvərlik seansları təşkil edir. Diaspora Komitəsi və Qərbi Avropa demokratiyasının şəkərini dadmış diaspor elementləri Avropanın iri şəhərlərinin küçə və meydanlarına səpələnib “demokratiya və Azərbaycan naminə ədalət” axtarırlar. Elə həmin zamanlarda ki, İlham Əliyev Azərbaycan paytaxtının küçə və meydanlarını demokratiya tələb edən Azərbaycan vətəndaşları üçün rəsmən kriminal mənbə elan etdi.
Qərb Əliyev tipli siyasətçilərdən bezib. “Kürü diplomatiyası” getdi işinin dalınca. İndi Elxan Süleymanov adlı deputatın (və ona bənzəyənlərin) Avropa “fəth”ləri multfilm epizodlarını andırır və yalnız hansısa saytlarda “təmənnalı rubrika”ları doldurur.
Amerikanlar Barak Obamanı təkrar prezident seçdilər və orada ikinci dəfə seçilən prezidentlər xarici siyasətdə daha idealist yanaşma tərzinə üstünlük verirlər. Yəni, avtoritar Əliyev tam 4 il ərzində demokrat Obamadan xüsusi ilıq münasibət gözləməməkdə haqlıdır.
Rusiya da getdi işinə. Azərbaycan mətbuatı – rəngindən asılı olmayaraq – Rusiyadan Əliyevlərə gələn təhlükəni əsasən, doğru şərh edir. Doğrudur, bəziləri ifrat “vətənpərvərlik” (bizim sosial şəbəkə bu fenomeni “vətənşüvənlik” adlandırır və termin olaraq yaxşı düşünülüb) nümunələri yaparaq oradakı milyarderlərin təşkilatlanmasını “Azərbaycana qarşı parad” adlandırırlar. Guya bütün bu illər ərzində Rusiya Azərbaycanın yanında idi, bizim ərazi bütövlüyümüzün təmintından ötrü yaxasını yırtırdı, indi isə gözlənilmədən və tam anlaşılmaz bir şəkildə Azərbaycana qarşı çevrildi.
İlham Əliyev onu Azərbaycanın idarəçiliyindən uzaqlaşdıra biləcək gücün harada olduğunu yüzə-yüz dəqiqləşdirib və indi həmin gücün neytrallaşdırılması üçün bütün imkanlarını işə salıb. Bu, Azərbaycan cəmiyyətinin küçələrə və meydanlara axmaqda olan qəzəbində ehtiva olunur. Məhz, buna görədir ki, Əliyev xanədanı özünün “qanun emalatxanası”nı demokratiya uğrunda ictimai-siyasi təşəbbüslərə qarşı zor alətinə çevirib.
İlham Əliyevin məqsədi Azərbaycanda diktaturanı möhkəmləndirməkdir, təbii ki. Çünki yalnız bütün atributları ilə möhkəmləndirilmiş diktatura bunca yaramaz bir rejimin hakimiyyətdə qalmasını şərtləndirə bilər.
Amma nə qədər?
Azərbaycan diktaturası küçələrdə yıxılır. Küçə və meydanları polislə, ordu ilə doldursan da, avtoritarizmin cəngəllik qanunları ilə keçilməz hala salsan da, bu diktaturanı qoruyub saxlamaq mümkün olan iş deyil. Parlamentdə qəbul edilən və cənab diktator İlham Əliyevin imzaladığı son qanun həmin diktaturanın gözlənildiyindən daha tez yıxılacağını şərtləndirir.
Hansı yolla? İndi bunu Əliyevin ətrafındakılar daha yaxşı bilir və daha aydın təsəvvür edirlər.