İstiqlalçı deputatlar bəyanat verdi
2012-ci il noyabrın 9-da Istiqlalçı Deputatlar Məclisinin (IDM) növbəti toplantısı keçirilib. IDM mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir ki, toplantıda Milli Məclisin fəaliyyəti müzakirə edilib. Hacıbaba Əzimov, Firudin Cəlilov, Isa Qəmbər, Ibrahim Ibrahimli, Məryəm Həsənova, Arif Hacılı və IDM-in başqa üzvləri çıxış ediblər. Müzakirələrin yekunlarına əsasən Istiqlalçı Deputatlar Məclisi Milli Məclisin buraxılması tələbi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Istiqlalçı Deputatlar Məclisi Milli Məclisin fəaliyyətini dəyərləndirərək bəyan edir ki, son vaxtlarda deputat mandatlarının satılmasında sabiq deputat G.Əhmədovanın iştirakı ilə bağlı yayılmış video materiallar və digər təkzibedilməz dəlillər deputatların xalqın iradəsi əleyhinə olaraq ali icra hakimiyyəti tərəfindən hazırlanmış siyahı əsasında təyin edildiyini, xeyli sayda deputat mandatlarının milyonlarla manata satıldığını, seçkilərin nəticələrinin total şəkildə saxtalaşdırılması yolu ilə müxalifətdə duran siyasətçilərin, demokratik zümrəni təmsil edən başqa şəxslərin parlamentə seçilməsinə imkan verilmədiyini bir daha sübut etmişdir.
Lakin çox rüsvayçı və dünyada analoqu olmayan haldır ki, G.Əhmədovanın deputat mandatını bir milyon manata satmaq məqsədi ilə bağlı cinayətkar əməllərinə dövlət hakimiyyət orqanları qeyri-adekvat və ziddiyyətli münasibət nümayiş etdirir. Ölkənin ali rəhbərliyinə daxil olan bəzi məmurlar açıq şəkildə cinayət törətmiş şəxsləri, o cümlədən G.Əhmədovanı himayə edir, Milli Məclis isə deputat mandatlarının satılması ilə bağlı faktların müzakirəsindən belə boyun qaçırır. Belə bir anormal şəraitdə deputat mandatı əldə edən şəxslərin mütləq əksəriyyəti qanunla qadağan olunmasına baxmayaraq kommersiya fəaliyyəti ilə məşğul olur, bəziləri isə icra hakimiyyəti sistemində və ya kommersiya şirkətlərində mühüm vəzifələr tuturlar. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin tələblərinə əsasən icra hakimiyyəti sistemində qulluq edən, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər və deputat mandatından məhrum edilməlidirlər. Ölkə Konstitusiyasının göstərilən hüquq normaları sübut edir ki, xalqın səsverməsi ilə seçilmədiklərinə və kommersiya fəaliyyəti ilə məşğul olduqlarına görə mövcud Milli Məclis üzvlərinin mütləq əksəriyyətinin səlahiyyətləri qanunsuzdur və onlar deputat mandatlarından məhrum edilməlidir. Bu və ya başqa dürüst dəlillər açıq-aydın təsdiqləyir ki, mövcud Milli Məclis saxtadır, xalqın iradəsi ilə formalaşmamışdır və dərin siyasi, hüquqi, mənəvi-əxlaqı deqradasiyaya uğrayaraq, ali icra hakimiyyətinin əlində bir oyuncağa çevrilmişdir.
Son illərdə ölkə Konstitusiyasının dövlət başçısının iki dəfədən artıq seçilməsinə qadağa qoyan 101-ci maddəsinin beşinci hissəsinin ləğv edilməsi, “Dövlət Müstəqilliyi Günü”nün dövlət bayramı statusu olmasına baxmayaraq, iş günü edilməsi, 1991-1995-ci illərdə fəaliyyət göstərən ilk Milli Məclisin varlığının onun hazırkı rəhbərliyi, yüksək vəzifəli məmurlar tərəfindən qəsdən və rəsmən inkar edilməsi və başqa antikonstitusion qərarların qəbulu bariz şəkildə göstərir ki, hazırda Milli Məclis ölkənin milli mənafeyinə və demokratik dəyərlərə zidd, antimilli mövqedən çıxış edir.
Siyasi hakimiyyətin, o cümlədən Milli Məclisin milli dövlətçilik və qanunun aliliyi prinsiplərinə zidd fəaliyyəti nəticəsində hazırda hakim klan zümrəsi qanunsuz yollarlaÿ ölkənin bütün təbii sərvətlərinə, iqtisadi və maliyyə resurslarına yiyələnmiş, bütün siyasi sistemÿtotal şəkildə kriminallaşmış, ölkədə kleptokratiya recimi bərqərar olmuş və yaranmış siyasi və hüquqi böhran Azərbaycanın milli təhlükəsizliyi və dövlət müstəqilliyi üçün ciddi və real təhdidlər doğurmuşdur.
Istiqlalçı Deputatlar Məclisi xalqımızın ali mənafeyini əsas tutaraq və ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi-hüquqi durumu dəyərləndirərək, ölkə Konstitusiyasının prinsip və normalarını, o cümlədən onun 85 və 89-cu maddələrinin tələblərini rəhbər tutaraq tələb edir:
1. Saxta Milli Məclis buraxılsın və təxirə salınmadan yeni parlament seçkiləri keçirilsin.
2. Ölkədə xalqın iradəsini əks etdirən legitim hakimiyyətin, demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması üçün zəruri islahatlar həyata keçirilsin”.
Istiqlalçı Deputatlar Məclisi Vətən və xalq naminə göstərilən məqsədlərə çatmaq üçün bütün demokratik qüvvələri öz səylərini və potensiallarını koordinasiya və konsolidasiya etməyə çağırır.